AİHM Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiq edib

0
364

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb. Azərbaycanın Laçın rayonunun bir qrup sakini 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçirdiyi bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdilər. Strasburq Məhkəməsi on ildən sonra çıxartdığı qərarında şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının mülkiyyətin toxunulmazlığı, şəxsi həyatın toxunulmazlığı, ədalətli mühakimə hüququna dair maddələrinin davamlı pozulduğunu bildirib. Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona birləşik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib. Strasburq məhkəməsi eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. Sülh danışıqlarının aparılması hökuməti heç də digər tədbirlər görməkdən azad etmir. AİHM şikayətçi və oxşar vəziyyətdə olan digər şəxslərin öz mülkiyyət və kompensasiyalarının bərpa edilməsi üçün bunun asan və əlçatılan iddia mexanizmlərin yaradılmasının vacib olduğunu bildirib. “Dağlıq Qarabağda beynəlxalq hüquqi məsuliyyət Ermənistanın üzərinə düşür” Bundan başqa, AİHM öz qərarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsini, eləcə də Laçın rayonun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqlarına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib. “Avropa dünya ictimaiyyətinə özlərinin “ədalətli” mövqeyini nümayiş etdirirlər” Sözügedən qərarla bağlı fikirlərini  bölüşən millət vəkili Fəzail İbrahimli bunları dedi: “Bizim ədalətli mövqe tutan hər bir təşkilatın qərarlarına münasibətimiz müsbətdir. AİHM-in qərarına kölgə salmaq fikrim yoxdur. Amma onu da əlavə etmək istəyirəm ki, çıxarılan qərarın icra mexanizminin olmaması problemin açıq qalması deməkdir”. F. İbrahimlinin sözlərinə görə, müəyyən məqamlarda özünün “ədaləti”ni nümayiş etdirmək üçün nəticəsi bəlli olmayan hansısa müsbət qərarlar qəbul edən Avropa təşkilatları bir çox hallarda Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirirlər: “ I Avropa Oyuları ərəfəsində Avropa Parlamentində aparılan dinləmələr dediklərimi sübut edir. Mənə elə gəlir ki, bu siyasi məqsəd daşıyan bir qərardır. Avropa bununla dünya ictimaiyyətinə özlərinin dırnaq arası ədalətini nümayiş etdirirlər”. “AİHM-in sözügedən qərarı Azərbaycan üçün olduqca faydalıdır” Millət vəkili Fazil Mustafa isə bildirdi ki, AİHM-in sözügedən qərarı Azərbaycan üçün olduqca faydalıdır: “Təkcə ona görə yox ki, məcburi köçkünlərimizin hüquqlarının tanınması prosesi baş verir və onlara dəymiş zərərin müqabilində kompensasiyaödənilməsi barədə qərar çıxarılıb. Əsas odur ki, AİHM-in sözügedən qərarı ilə Ermənistanın işğalçı ölkə kimi bilavasitə məsuliyyət daşıdığı qeyd olunub. Məhz bu səbəbdən sözügedən qərar Azərbaycana siyasi baxımından böyük üstünlük qazandırır”. F. Mustafa bu cür müraciətləri kütləviləşdirə bilməməyimizi təəssüflə qeyd etdi: “Belə müraciətlərin çox olması bizim üçün vacib faktorlardandır”. AİHM-in sözügedən qərarından birbaşa nəticə gözləmədiyini də dilə gətirən millət vəkili sözlərini belə davam etdirdi: “Ola bilsin digərləri kimi AİHM-in bu qərarı da elə kağız üzərində də qalacaq. Amma bu qərar siyasi cəhətdən bizə lazımdır. Bununla Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqlarının azad edilməsi istiqamətində apardığı danışıqlarda diplomatik dönüş yarada bilər. Eyni zamanda da AİHM-in adıçəkilən qərarını əldə əsas tutaraq vətəndaşlarımıza Ermənistan tərəfindən kompensasiya ödənilməsini təmin etməliyik”. “Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə hərbi mövcudluğunu davamlı inkar etməsinə birdəfəlik son qoyub” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi AİHM-in adıçəkilən qərarı ilə bağlı bəyanat yayıb: “İddiaçiların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində bir sıra hüquqlarının, şəxsi həyata və ailə həyatına hörmət hüququ və səmərəli hüquqi müdafiə vasitələri hüququ Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirərək, Məhkəmə iddiaçıların xeyrinə qərar verib. Bundan əlavə, Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunu davamlı inkarına birdəfəlik son qoyub. Məhkəmə icraatı zamanı beynəlxalq ictimaiyyəti yayındırmağa və münaqişənin səbəb və mahiyyətini təhrif etməyə ənənəvi olaraq cəhd edən Ermənistan öz yurisdiksiyasının Dağlıq Qarabağ ərazisi və ətraf əraziləri əhatə etmədiyini; həmin ərazilər üzərində effektiv nəzarəti və ya hər hansı dövlət hakimiyyətini həyata keçirmədiyini və keçirə bilmədiyini; hərbi münaqişədə iştirak etmədiyini; Laçın rayonunun işğalında və hər hansı sonrakı hərbi əməliyyatlarda iştirak etmədiyini; Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi mövcudluğunun olmadığını bildirmişdir. Ermənistan daha sonra qondarma “DQR-ın beynəlxalq hüquq çərçivəsində müstəqil dövlət əlamətlərinə malik olan suveren və müstəqil dövlət olduğunu”; “onun Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarət və yurisdiksiyaya malik olduğunu”; “Ermənistan Respublikası və “DQR”-ın müxtəlif dövlətlər olduğunu” və yarandığı gündən “DQR”-ın müstəqil şəkildə öz siyasi, sosial və maliyyə siyasətini yürütdüyünü iddia etmişdir. AİHM : “Dağlıq Qarabağ və ətraf rayonlar hazırda işğal altındadır” Ermənistan tərəfindən təqdim edilmiş bu və digər uydurma iddialara cavab olaraq, Məhkəmə xüsusilə qeyd edib ki, müharibəyə səbəb Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları olub və bu bununla bağlı diqqəti Ermənistan SSRİ-nin Ali Soveti və Dağlıq Qarabağ yerli şurası tərəfindən 1989-cu ilin dekabrında “birləşməyə” dair birgə qərarın qəbul edilməsinə yönəldib. Məhkəmə 1992-ci ilin may ayında Laçın rayonuna qarşı hərbi hücum nəticəsində Azərbaycan vətəndaşlarının həmin rayonu tərk etməyə məcbur edildiyini bildirib. AİHM: “DQR” heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən dövlət kimi tanınmır” Məhkəmə sözügedən işin icraata qəbul edilməsinə dair 14 dekabr 2011-ci il tarixli qərarına istinad edərək, “DQR”-ın heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən dövlət kimi tanınmadığını” vurğulamış və beləliklə bu qondarma qurumu qətiyyətlə rədd edən və Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə və digər kobud pozuntularla müşayiət olunan vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edib. Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək, Məhkəmə “Ermənistan Respublikasının Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, “bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqda davam etdiyini” və “faktların Ermənistanın və qondarma “DQR”-ın silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasının birmənalı göstərdiyini” təsdiq edib. Separatçı qurumun Ermənistandan siyasi, maliyyə və digər asılılığını göstərən bu və digər sübutlar əsasında Məhkəmə qənaətə gəlib ki, “Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin başlanğıcdan qondarma “DQR” üzərində əhəmiyyətli və həlledici təsirə malikdir, bu iki qurum bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunub və bu vəziyyət indiyədək davam edir” və “qondarma “DQR”-ın və onun administrasiyasının mövcudiyyəti Dağlıq Qarabağ və Laçın rayonu daxil olmaqla ətraf rayonlar üzərində effektiv nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstəkdən asılıdır”. AİHM: “Münaqişə zamanı didərgin düşməyə məcbur qalmış Azərbaycan vətəndaşlarına münasibətdə Ermənistan öhdəlik daşıyır” Məhkəmə məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüquqlarını bir daha təsdiq edib və ev və əmlakın restitusiyası ilə bağlı hüquqi və texniki məsələləri özündə əks etdirən beynəlxalq humanitar və insan hüquqları çərçivəsində müvafiq standart və prinsipləri yenidən xatırladıb. Məhkəmənin nöqteyi-nəzərincə, Ermənistanın və onun dəstək verdiyi qoşunların davamlı mövcudluğu və atəşkəsin pozulması daxil olmaqla, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmaları praktiki baxımından real deyildir. Eyni zamanda Məhkəmə vurğulayıb ki, ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən danışıqlar qüvvədə olan əmlak hüquqları daxil olmaqla, azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün hüquqi əsas vermir və bir daha xatırladıb ki, münaqişə zamanı didərgin düşməyə məcbur qalmış Azərbaycan vətəndaşlarına münasibətdə Ermənistan öhdəlik daşıyır. Məhkəməyə əsasən, işğal olunmuş ərazilərdən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin torpaq hüquqlarının mənimsənilməsinə yönəlmiş Ermənistanın cəhdləri hüquq baxımından qanuni hesab oluna bilməz. Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən Məhkəmə qərara gəlib ki, Ermənistan iddiaçılara münasibətdə Konvensiyadan irəli gələn hüquq pozuntularının aradan qaldırılması və müvəffəqiyyət əldə etmək perspektivi olan vasitələrlə təmin edilməsi üçün öhdəliklərini yerinə yetirməyib. Eyni səbəblərə görə, Məhkəmə müəyyən etdi ki, iddiaçıların Laçın rayonundakı mülkiyyət və evlərindən istifadə edilməsinə imkan verilmədiyi ilə bağlı pozulmuş hüquqların bərpası üçün səmərəli vasitələr mövcud deyil”. Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here