Belə sövdələşmələrə bel bağlamayın

0
315

Bəli, Robert Prosineçkinin rəhbərlik etdiyi futbol üzrə millimiz Norveç səfərindən bir xalla qayıtdı. Bəri başdan bu münasibətlə millimizin hər bir azarkeşini təbrik edirəm. Lakin sizə nə qədər qəribə gəlsə də, futbol mütəxəssislərinin dili ilə desək, bu qələbəyə, bərabər nəticəyə görə yalnız baş məşqçiyə, eləcə də oyunçularımızın ünvanına tərif yağdırmaq fikrində deyiləm. Nədən ki, şəxsən mənə elə gəlir ki, bu uğurun digər iştirakçıları da var (Kimlərdir onlar? Xahiş edirəm, mənə belə suallar verməyəsiniz). Həmin iştirakçılar nələr olsa yaxşıdır? Top və qapı dirəyi. Bəli, bəli, top və qapı dirəyi.
A kişilər, məgər görmədinizmi matçın 86-cı dəqiqəsində Norveçin oyunçusu Even Hovlandın vurduğu zərbənin qapı dirəyinə tuş gəlməyini? Həmin zərbə qolla nəticələnsə idi, sizi bilmirəm, mənim halım çox pərişan olardı. Bilirsinizmi nədən? Ona görə yox ki, millimiz uduzacaqdı (Biz uduzmağa, Məşədi İbad demişkən, artıq adətkərdə olmuşuq). Ona görə ki, bu futbol matçından öncə “Bakı – 2015” I Avropa Oyunlarının açılış mərasimini izləmişdim. Möhtəşəm təqdimat mərasimi mənə o qədər ləzzət etmişdi ki, özümü göylərin yeddinci qatının sakini kimi aparırdım. Həmin zərbə qol olsa idi, təbii ki, mən (təkcə mənmi?) yeddinci qatdan kəlləmayallaq yerə gələcəkdim (Başqa sözlə desək, gül kimi əhvalıma Norveç soğanı doğranacaqdı). Kim nə deyir desin, mənə elə gəlir ki, oyundan əvvəl top və qapı dirəyi həmin an üz-üzə gəlməyi sözləşmişdilər. Nə yaxşı ki, onlar vədlərinə xilaf çıxmadılar. Sövdələşdikləri an da görüşdülər. Bu görüşdən onların nəyə nail olduğunu deyə bilmərəm. Lakin onların bu məhəbbəti bizim milliyə bir xal qazandırdı. Məhz buna görə mən həm o qapı dirəyinə, həm də topa minnətdaram. Yenə deyirəm, sağ olsunlar, millimizin üzünü ağ etdilər. Şəxsən mən bu tarixi yaxşılığı heç zaman unutmayacağam. Və bu barədə həmişə söz açacağam. Üstəlik, “Dirək və top” adlı bir poema yazmaq da fikrimdən keçir. Nədən ki, bu tarixi anı bədiiləşdirmək olduqca vacibdir. Zənn edirəm ki, yazacağım əsər futbol tariximizdə özünəməxsus yer tutacaq. İmkanım olsa, həmin əsəri Norveç dilinə də tərcümə edəcəyəm. Ya qismət!
Bu oyunla bağlı daha bir məqama toxunmaq istəyirəm. Bəlkə də mətləbdən uzaqlaşıram, amma bir o qədər də yox. Nə isə… Oyundan sonra jurnalistlərə açıqlama verən Robert müəllim Prosineçki deyib ki, bəs bu gün, yəni “Bakı -2015” I Avropa Oyunlarının açılış mərasimi günü, uduzmaq olmazdı. Vallah, onun bu sözləri, sizə bilmirəm, mənə çox qəribə gəldi. Bilirsinizmi niyə? Çünki onun sözlərindən belə bir nəticə hasil olur ki, guya digər günlərdə rəqib komandaya uduzmaq olarmış. Bu yerdə bişmiş toyuq da gülməyib, neyləsin? Bir də belə anlaşılır ki, milli komandamızın hər beynəlxalq yarışdan qalib ayrılması üçün onun meydana çıxdığı gün Bakıda hansısa bir dünyəvi tədbir keçirilməlidir. Vallah, əcəb məntiqdir.
Yenə qayıdaq dirəklə topun sövdələşməsinə… Cənab Prosineçki, növbəti oyunlarda bu sevda baş tutmaya bilər. Yəni dirək də etibarsız çıxa bilər, üstəlik, top da. İndi kimə, nəyə etibar var ki? Odur ki, deyirəm, belə “sövdələşmələrə” bel bağlamayın. q.mehebbetoglu@zaman.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here