Problemlər həll olunur

0
296

Füsunkar təbiəti ilə məşhur olan Birinci Nügədi kəndi, hətta qonşu ölkələrdən də istirahətə gələnləri valeh edir. Hər yay burada yüzlərlə ailə dincəlir. Onlar kəndin gəzməli, görməli yerləri ilə tanış olur, mədəniyyəti, tarixi ilə maraqlanırlar. Son illərdə burada aparılan tikinti, abadlıq, quruculuq işləri də diqqəti cəlb edir. RİH başçısının Birinci Nügədi İƏD üzrə nümayəndəsi Əhməd Cabbarovu iş başında tapmadıq. Onunla yeni tikilən uşaq bağçasının həyətində görüşdük. Gəlişimizin məqsədini biləndə gülərək,- işimiz göz qabağındadır,-dedi. Görülən işlərlə tanış olmaq üçün onunla birlikdə kəndi gəzdik.

Abadlıq işlərinə və kənd təsərrüfatının inkişafına xüsusi fikir verilir

Dairə 3 kəndi-Birinci Nügədi, Qaraçay və Mirzəqışlaq kəndlərini əhatə edir.

Ərazidə 11218 nəfər əhali yaşayır. Onların əsas məşğuliyyəti meyvəçilik, taxılçılıq, heyvandarlıq və tərəvəzçilikdir.

Bu sahələrin inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Ölkə başçısının ”Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə əlaqədar burada da fermerlərə güzəştli kreditlər, gübrələr və yanacaq üçün subsidiya verilib. Dolanacağını torpaqdan çıxaran kənd adamları 60 hektardan çox sahədə yeni meyvə bağları salmış, min hektara yaxın sahədə taxıl əkmişlər.

Körpələr evi-uşaq bağçası tikilir

Nümayəndəlikdə 2 tam orta məktəb, 2 əsas məktəb, 2 ibtidai məktəb, 2 kitabxana, sağlamlıq mərkəzi, feldşer-mama məntəqəsi, 1000 nömrəlik ATS və poçt şöbəsi fəaliyyət göstərir.Bələdiyyələr tərəfindən məktəblərə və kənd sağlamlıq mərkəzinə təmir işlərində yaxından köməklik edilmişdir.

Kəndlərdə problemlərin həlli istiqamətində məqsədyönlü işlər görülür, yolların abadlığına xüsusi diqqət yetirilir. Quba-Bakı, Quba–Qonaqkənd yollarının ərazidən keçən hissələrində daim təmizlik və abadlıq işləri aparılır, bəzək və meyvə ağaclarının gövdələri ağardılır.

Hazırda Birinci Nügədi kəndinin mərkəzində, köhnə bağçanın yerində smeta dəyəri 100 min manata yaxın olan, müasir tələblərə cavab verən yeni körpələr evi-uşaq bağçası tikilir. Gözəl arxitekturaya malik bu tikintidə artıq son tamamlama işləri görülür. İcra nümayəndəsi qeyd etdi ki, köhnə bağça yararsız binada yerləşirdi.

332 kvadratmetr sahəni əhatə edən yeni bağçada, iki qrupda 60 nəfər məşğul olacaqdır. Burada 2 məşğələ otağı, yemək və idman zalları, tibb məntəqəsi, müdir otağı, qordirob və s.yardımçı otaqlar olacaq. Binada müasir standartlara cavab verən kommunikasiya sistemləri quraşdırılıb. Döşəmənin altı ilə çəkilmiş isitmə sistemi döşəmənin daim isti qalmasına şərait yaradacaq. Asma tavan isə otaqlara xüsusi gözəllik verir. Binanın təhlükəsizliyinin təmin edilməsi üçün burada video-kameralar quraşdırılacaq. Çirkab suların axıdılması və yanğından mühafizə üçün əlavə su anbarları tikiləcək. Artıq binanın dam örtüyü vurulub. Hazırda fasad hissə ağ layla üzlənir,yeni plastik qapı-pəncərələr qoyulur. İş icraçısı Rafiq Təhməzovun başçılığı ilə inşaatçılardan Elnur Təhməzov, Şəhriyar Süleymanov, Rəşid Məmmədov və başqaları öhdələrinə düşən işin öhdəsindən bacarıqla gəlirlər

İçməli su problemi həll olunur

Dairədə əhalinin içməli su təminatının yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülüb. Belə ki, Birinci Nügədi kəndində 4 subartezyan quyusunun nasosları dəyişdirilib. Birinci məhəlləyə 800 metr uzunluğunda su xətti çəkilib. Kəndin yuxarı hissəsində bir ədəd kaptaj vurulub. Z.Kərimov adına 1 saylı tam orta məktəbin həyətində qazılmış subartezian quyusu istismara verilib. Qeyd edək ki, 140 metr dərinliyində olan həmin quyu saatda 25 kubmetr su verir. 3-cü və 4-cü məhəllələrin 1000 nəfərə yaxın sakini həmin sudan istifadə edir.

Birinci Nügədidə fərdi mənzil və sosial obyektlərin tikintisinə də xüsusi qayğı və diqqət göstərilir. Söhbət zamanı Ə.Cabbarov onu da qeyd etdi ki,uzun illər bəzi ailələr ev tikmələri üçün sərəncam ala bilmirdilər. Rayon icra hakimiyyəti başçısı M.Ağayevin şəxsi təşəbbüsü ilə həmin problem həll olundu. Son vaxtlar nümayəndəlikdə 50-yə yaxın yeni ev tikilmiş, 150-dən çox ev əsaslı təmir edilmişdir.

Birinci Nügədi kəndində 140 kvadratmetrlik sahəni əhatə edən ikimərtəbəli, müasir tipli ticarət mərkəzi, Azadlıq prospektində kiçik toy şənlikləri, ad günləri keçirmək üçün 50-60 kvadratmetrlik şadlıq sarayı istifadəyə verilmiş, hal-hazırda isə yeni ikimərtəbəli, bu günkü tələbata cavab verən “Avtoservizin” tikintisində son tamamlama işləri aparılır. Burada əsasən xarici ölkələrin istehslı olan, Avro-4 standartlarına cavab verən müxtəlif markalı maşınlara xidmət göstəriləcəkdir.

Heç kim, heç nə unudulmur

Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsi, onlarda Vətənə,torpağa məhəbbət hissinin aşılanması vacib məsələlərdən biridir. Vətənin ağır günlərində Birinci Nügədi kəndindən də xeyli gənc könüllü olaraq cəbhəyə getmiş, 9 nəfəri şəhidlik zirvəsinə ucalmışdır. Həmin şəhidlərin barelyefləri 1941-45-ci illərdə Böyük Vətən müharibəsində vuruşmuş nügədililərin şərəfinə ucaldılmış abidə kompleksində özlərinə yer almışdır. 9 May Qələbə Günü ərəfəsində kompleks yenidən qurulmuş, burada, abadlıq, rəngləmə işləri aparılmışdır.

Qəhrəman Qasımov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here