Ukraynada terrorçuların məhvi əməliyyatları davam edir

0
515
Ukraynanın Donetsk vilayətinin Severodonetsk şəhəri ətrafında terrorçuların gizli düşərgəsi bombalanıb. Bunu Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov parlamentin iclasında deyib. O bildirib ki, bu gün səhər antiterror əməliyyatı çərçivəsində terrorçuların Severodonetsk şəhəri ətrafındakı gizli düşərgəsinə zərbələr endirilib: “Çoxlu sayda terrorçu məhv edilib”.
 

A. Turçinov hazırda Donetsk vilayətinin şimalının terrorçulardan azad edilməsi üçün əməliyyatlar həyata keçirildiyini söyləyib.

Xatırladaq ki, dünən səhər saatlarında həmçinin Ukrayna Hərbi Hava Qüvvələri ölkənin şərqindəki Luqansk vilayətinə aviazərbələr endirib. Zərbələr nəticəsində 5 nəfər ölüb.

Ölənlər arasında rusiyayönlü terrorçuların yaratdığı qondarma “Luqansk Xalq Respublikasının” “səhiyyə naziri” Natalya Arxipova da var.

Dünən həmçinin vilayətin dövlət binasını terrorçular partladıb. Bununla bağlı açıqlama verən Ukrayna Antiterror Əməliyyat Mərkəzinin sözçüsü Aleksey Dmitraşevski deyb: “Bina təyyarələrdən deyil, içəridən atəşə tutulub. Çox böyük ehtimalla terrorçuların partlayıcı maddə və silahlarla etiyatsız davranması ucbatından partlayış baş verib”.

”Radio Svaboda” bildirib ki, binadakı partlayış nəticəsində 7 nəfər ölüb, 8-i yaralanıb.

Bu arada isə ABŞ-ın maliyyə naziri Ceykob Lü Ukraynanın cənub-şərqində terrorçuları dəstəklədiyi üçün Moskvanı ittiham edib.

Bununla bağlı Vaşinqtonda jurnalistlərə Rusiya-Ukrayna sərhədindən pul və silah axını haqda danışan nazir deyib: “Rusiyanın öz sərhədindən Ukraynaya silah, pul və döyüşçü keçməsinə göz yumması haqda ABŞ-ın dəlil – sübutu var”.

O, Rusiya Prezidenti Vladimir Putinin gələcək addımlarının aydın olmadığını da qeyd edib.

 

Separatçı deputat  cinayət məsuliyyətinə cəlb ediləcək

Ukrayna Ali Radası Regionlar Partiyasından deputat seçilmiş Oleq Tsaryovun toxunulmazlıqdan məhrum edilərək cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verib.

Oleq Tsaryovun toxunulmazlıq statusunun ləğvinə və cinayət məsuliyyətinə cəlb olunmasına 235 deputat səs verib. Onun haqqında həbs qətimkan tədbirinin seçilməsini isə minimal sayda – 226 deputat dəstəkləyib. (Xatırladaq ki, Ali Radada qərarların qəbul olunması üçün minimum 226 səs tələb olunur).

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu O. Tsaryovun cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün parlamentə müraciət etmişdi. O. Tsaryovun hazırda harada olduğu bəlli deyil. O, ölkənin şərqindəki separatçılara açıq dəstək verir və tez-tez Moskvaya səfərlər edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here