Kiçiklərin böyük problemləri

0
244

Böyüklər çox vaxt öz kiçik problemləri ilə məşğul olduqları halda, kiçiklərin böyük problemlərinə fikir vermir, belə bir yanlış mülahizə irəli sürürlər ki, guya hər nəsil özü öz problemlərini həll etməlidir.

Böyüklərin bu gün həll etməyə çalışdıqları məsələlərin əksəriyyəti, bu və ya digər dərəcədə, özlərindən əvvəlki nəsillərdən miras qalanlardır. Uzağa getməyə, nümunə axtarmağa ehtiyac yoxdur. Keçmiş Sovet İttifaqı tərəfindən məqsədyönlü şəkildə yaradılan Qarabağ problemini həll etməkdə nə qədər maneələrlə üzləşirik. Dövlətimiz var gücü ilə çalışır ki, bu məsələ gələcək nəsillərin dərdi olmasın.

Hər sahədə olduğu kimi, uşaqların problemləri də qlobal xarakter daşıyır. Müasir dünyanı qlobal kəndə bənzədən sosioloqlar bu mənada haqlıdırlar. İlk baxışda hər şeyin öz qaydasında olduğu kimi görünən uşaqlıq aləminin problemləri daha çoxdur, gələcək baxımından daha ciddidir. Onlardan bəzilərinə nəzər salaq.

BMT-nin məlumatına görə, sivil dünyamızda 250 milyon ibtidai sinif yaşlı uşaq oxumağı və yazmağı bacarmır. Tədqiqatçılar uşaqları məktəbə gedə bilməyən ölkələrin hər il itirdikləri məbləği 130 milyard dollar həcmində hesablayıblar. Hesablamalara əsasən, məktəbə getməyənlərin əksər hissəsini qızlar təşkil edirlər. Qızların məktəbə getməsi qırx ildən sonra həmin ölkənin gəlirinin iyirmi beş faiz artması deməkdir. Qızların təhsil almalarının əhəmiyyətindən söz düşmüşkən, dünyanın ən yaşlı ibtidai sinif şagirdi olmuş Gogo adlı 90 yaşlı keniyalı qadının nümunəsini göstərmək yerinə düşərdi. Onun bu yaşda yazmağı və oxumağı öyrənmək istəməyinin əsas səbəbi öz mamaçalıq sənətini qızlara öyrətməkdir. Uşaqlıq illərində təhsil almağa imkanı olmasa da, “oxumaq heç vaxt gec deyil” deyib, məktəbə gedir. Gogo illər boyunca topladığı təcrübəni gələcək nəsillər üçün miras qoymağın başqa cür mümkün olmadığını düşünərək bu addımı atır. Yaşadığı kənddəki uşaqların hamısının oxumasını istəyən yaşlı şagird bütün dünya uşaqlarına belə bir mesaj da vermişdir: “Mən bütün dünya uşaqlarına, xüsusilə qızlara demək istəyirəm ki, təhsil sizin sərvətiniz olacaq. Təhsillə nə istəsəniz, ola bilərsiniz – həkim, hüquqşünas, təyyarəçi…”

Uşaqlığın ən ağır problemlərindən birini Papa Fransisin verdiyi xəbərdarlıqdan götürək. Roma Katolik Kilsəsinin başçısı iş dalınca qaçaraq, ailəsindən ayrılmalı olan ataları öz uşaqlarını simvolik də olsa “yetim” qoyduqları üçün kəskin tənqid etmişdir. O, atalara öz uşaqları ilə daha çox vaxt keçirməyi, ailə həyatı ilə daha yaxından maraqlanmağı tövsiyə etmişdir. Papanın sözlərinə görə, öz işlərinə həddindən artıq aludə olan “işholik” (workaholic) atalar uşaqlarının arzuolunmaz işlərlə məşğul olmalarına şərait yaradırlar. Papa bu problemin daha çox Avropa və Şimali Amerika üçün xarakterik olduğunu vurğulasa da, bizdə də uşaqlarının problemi olanda valideynlərdən “mən onlar üçün çörək qazanıram” – deyib, özlərinə bəraət qazandırmağa çalışanlar az deyillər.

Kiçiklərin məruz qaldıqları böyük problemlərdən biri də texnoloji tərəqqinin yaratdığı fəsad – kompyuter, internet aludəçiliyidir. Şəhər bir yana, kəndin özündə belə dərsə gedib-gəlmək vaxtları istisna, nadir hallarda uşaqlara rast gəlirsən. Sanki uşaqsız bir diyarda yaşayırıq. Nə çöllərində qoyun-quzu otaran var, nə də küçələrində oynayan. Adamın kənd deməyə də dili gəlmir. Sovet yetmiş il çalışdı, nəinki şəhərlə kənd arasındakı fərqi aradan qaldıra, heç onları yaxınlaşdıra da bilmədi. Qadağalar zamanı kənddə hər kəs mal-qara saxlayırdı. Amma indi hektarlarla torpaq sahəsinin sahibi nə əkir, nə biçir.

Bir zamanlar kəndimizin stadionu çox izdihamlı olardı. Uşaq və gənclər öz aralarında məhəllə komandaları yaradıb, futbol oynayardılar. İndi stadion bomboşdur. Qorxuram ki, kəndimizdə uşaqların oynadığı digər yerlər kimi stadionumuz da zəbt oluna. Rəhmətlik Molla Nəsrəddin dənizə heyran-heyran baxıb: – Əcəb əkin yeridi, heyif ki, su basıb, – demişdi. Günümüzdə “Heyif” demədən, əcəb “obyekt yeridir” deyib, istənilən boş yeri “doldura” bilənlər çoxdur.

Uşaqların çoxu qaçmaq, oynamaq əvəzinə, vaxtlarının böyük hissəsini kompyuter, televizor qarşısında keçirir. Bu oturaq həyat tərzi də öz mənfi təsirini göstərir.

Amerikalı texnologiya yazarı Nicolas Carr deyir ki, kompyuterlə işləyərək biz, əslində, bir şey itiririk. Bu bir şey nədir? Kompyuterlə işləməklə biz bəzi qabiliyyətlərimizdən istifadə etmirik. Buna görə də onlar solub gedir. Ən unikal qabiliyyətlərimiz – başqasına acımaq, daha geniş perspektivi nəzərə almaq, fakta çevrilə bilməyən hər şeyi şərh edə bilmək kimi özəlliklərimiz itir.

Amerika Ürək Assosiasiyasının verdiyi məlumata görə, günümüzdə uşaqların sağlamlıq və gümrahlıq səviyyəsi otuz il bundan əvvəlki ilə müqayisədə aşağıdır. Tədqiqatçılar ötən qırx altı ilin məlumatlarına, iyirmi səkkiz ölkənin iyirmi beş milyon uşağına əsaslanan statistikaya nəzər salıblar. Müasir uşaqlar otuz il əvvəl uşaq olmuş valideynləri ilə müqayisədə hər dəqiqədə bir metr yavaş qaçırlar. Bu fərq hər il yarım faiz artmaqdadır. Uşaqların yavaşımasının əsas səbəblərindən biri onların şişmanlaşmalarıdır. Bunun da səbəbi onların çox yemələri və az hərəkət etmələridir. Uşaqların gümrah olmaları yerinə, şişman olmaları onların gələcəkdə sağlam olmayacaqlarından, ürək xəstəliklərindən əziyyət çəkəcəklərindən xəbər verir. Onlar uşaq və gəncləri idmanla məşğul olmağa həvəsləndirməyin vacibliyini vurğulamışlar.

Kiçiklərin böyük problemlərindən biri də getdikcə onların sayının azalmasıdır. Məsələn, Yaponiyada on dörd və ondan aşağı yaşlı uşaqların sayı ən aşağı həddə çatmışdır. Ölkənin Daxili İşlər və Kommunikasiya Nazirliyinin Milli Uşaqlar Günü bayramından əvvəl yaydığı məlumatda keçən illə müqayisədə bu ilin müvafiq dövründə doğulan uşaqların sayında 160,000 azalma müşahidə olunmuşdur. Bu gün Yaponiyadakı uşaqların sayı 1950-ci ildəkindən on üç milyon nəfər azdır. Yaxın gələcəkdə “qocalma” problemi Yaponiya iqtisadiyyatı üçün ciddi problemlər yaradacaq. Yaşlıların sayı artacaq, işləmək üçün gənclər kifayət etməyəcək.

“Mədəni”, azuşaqlı ailələrin sayı kənddə də rekord səviyyəyə çatıb. Əksər ailələrdə bir və ya iki uşaq var. Bir zamanlar 5-6 uşaqlı ailələr azlıq təşkil edirdi. Səkkiz, on və daha artıq uşağı böyüdüb boya-başa çatdıran, onları ev-eşik sahibi edən ata-analar, sözün əsl mənasında, qəhrəman olublar.

Uşaqlar insanlığın gələcəyidir. Gələcəyimizin rahatlığı, xoşbəxtliyi bugünkü uşaqlığın həm fiziki, həm də mənəvi sağlamlıq səviyyəsindən asılıdır. Əbəs yerə deməyiblər ki, sağlam bədəndə sağlam ruh olar. Xoşbəxtliyi yalnız hər şeylə təmin olunmaqda, zənginlikdə görən və bunun üçün evini, ailəsini, uşaqlarını belə ikinci dərəcəli hesab edənlər məlum bir həqiqəti unutmamalıdırlar – xoşbəxtlik nə sərvətdə, nə də, haradasa məchul bir diyardadır. Daxilən xoşbəxt olmayana qızıldan libas geyindirsən də, faydası yoxdur. Xoşbəxtlik, Allaha güvənib, halallıqla çalışmaqda, ətrafındakıların da xoşbəxt olmaları üçün çalışmaqdadır. Təbəssüm tanımadığımız bir adamın üzündə olsa belə, ürəyimizi fərəhləndirir, qəm, kədər görəndə də biganə qala bilmirik.

İşimiz, öz şəxsi hədəflərimiz nə olur olsun, ailəmiz, uşaqlarımızla lazımi səviyyədə məşğul olmaq əsas vəzifə və məsuliyyətlərimizdəndir. Uca Kitabımızda deyilir: “Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!” (Ənfal – 8/28)

Allah-Təala bizləri gözü-könlü tox olan, ailəsini, uşaqlarını sevən, gözəl nümunəsi ilə onları şəxsiyyət kimi böyüdüb, öz xoşbəxt gələcəyini qura bilənlərdən eləsin. Amin!

 

RAHIB ALPANLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here