“Güman edirəm ki, problemimi çözə biləcək iş adamları peyda olacaqlar”

0
360

Bu günlərdə Zaqatalanın tanınmış ziyalısı, yazıçı-publisist, fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Həşim İsmayılovun Zaqatalaya həsr olunmuş sayca on dördüncü kitabı nəşr olunub. Kitabda Zaqatalanın otuza yaxın şəxsiyyəti barədə ətraflı məlumatlar yer alıb. Həşim müəllimlə görüşərkən bu uğurlu tədqiqat işinə görə onu təbrik etməklə yanaşı, bir neçə sual da ünvanladıq.

zaqat– Həşim müəllim, belə araşdırmalar aparmaq fikrinə nə vaxt düşmüsünüz?

– Özümü dərk edəndən çalışmışam ki, ictimai həyatda fəal olum. Bu fəallığın bir səbəbi də zəhmətkeş bir ailədən çıxmağım olub. 1949-1953-cü illərdə atam Mingəçevir şəhərinin salınmasında və su-elektrik stansiyasının tikintisində iştirak edib. Zaqatalanın ilk maşinisti olmuş atam 1953-cü ildə işdə qəzaya uğrayıb, bir ayağını itirdikdən sonra Zaqatalaya qayıdıb. Dünyaya gözümü açandan atamı əlil görmüşəm. Atam və işgüzar bir insan olan anam bizi – 5 övladı böyüdüb boya-başa çatdırmaq üçün min bir əziyyətə qatlaşıblar. Ailənin ilk övladı kimi mənim də çiynimə ağır yük düşüb. Ali məktəbdə oxuyanda da bu çətinliklər məni daim izləyib. Bu kimi çətinliklərə baxmayaraq, fəal tələbə olmuşam (Əla qiymətlərlə oxuduğuma və ictimai işlərdə fəal iştirakıma görə dekanımız – görkəmli dilçi, professor Afat Qurbanovun atama göndərdiyi təşəkkür məktubunu əziz bir yadigar kimi indi də saxlayıram).

Tələbəlik illərində hər cildinin çıxmasını səbirsizliklə gözlədiyim kitablardan biri də Azərbaycan Sovet Ensiklopediyası idi. Onunla tanış olarkən orada Zaqatala və zaqatalalılar haqqında çox az, həm də natamam məlumatlara rast gəldim. O zamandan qarşıma məqsəd qoydum ki, gələcəkdə tədqiqatlarımla bu sahədəki boşluğu doldurmağa çalışım. Və elə o vaxtdan belə məsuliyyətli işlə məşğul olmaq qərarına gəldim.

– Bu boşluğu doldurmağa nail oldunuzmu? Bu istiqamətdə hansı nəticələr əldə etmisiniz? Daha doğrusu, neçə zaqatalalını öz həmyerlilərinə tanıtmağa nail olmusunuz?

– Güman edirəm ki, ötən illər ərzində yazdığım 14 kitab, 200-dən çox elmi-publisist məqalə, 1 metodik tövsiyə, 3 müraciət həmin boşluqları doldurmaq istiqamətində müəyyən rol oynayıb. Onu da deyim ki, indiyədək 10 min nəfərdən çox zaqatalalının fəaliyyətini araşdırıb, ictimaiyyətə təqdim etmişəm. Gələcək illərdə Allahın köməyi ilə zaqatalalıların daha az tanıdıqları və ya heç tanımadıqları onlarla tarixi şəxsiyyəti onlarla görüşdürəcəyəm.

“Lətif Hüseynzadənin yazdığı rəy xüsusi yer tutur”

– Sizcə, onlardan kimin adının əbədiləşdirilməsinə daha çox ehtiyac var?

– XIX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, həmçinin Azərbaycan mühacirət ədəbiyyatının tanınmış siması aşıq Məhəmmədin. Onu da deyim ki, bu aşığın nailiyyətlərini gözü götürməyən bədnam qonşularımız, əvvəlcə, onun Sibirə sürgün edilməsinə nail olublar. Təxminən 1865-ci ildə isə Səbətlidə (Gürcüstanın Bəhmədli ilə yaxın olan kəndi) keçirilən bir toy məclisində iki şagirdi ilə birlikdə zəhərlənərək öldürülüblər. Bu mənada o, Zaqatalanın ilk şəhididir. Qeyd etmək istərdim ki, 2000-ci ildə rayonumuzun tanınmış folklorçusu, mərhum Qurban Şabanovla birlikdə “Varxiyanlı aşıq Məhəmməd – zaqatalalı ustad” adlı kitabımız çap olunub. Kitabda görkəmli aşığın 106 şeiri verilib ki, bunlardan 65-i ilk dəfə işıq üzü görüb.

– Hər şairin yaradıcılığında möhür hesab elədiyi bir şeiri olur; bəs siz hansı tədqiqat işinizi möhürünüz hesab edirsiniz?

– 1997-ci ildə çap olunmuş “Zaqatala” adlı üçüncü kitabımı tədqiqat işlərimin möhürü hesab edirəm. Zaqatala haqqında ensiklopedik məlumat verən bu kitab respublikamızda bu səpkidə çap olunmuş ilk kitablardan biridir.

– Ümumiyyətlə, belə yazılar, kitablarınız necə qarşılanır?

– Çap olunmuş hər yazım, kitabım oxucular tərəfindən yüksək qiymətləndirilir. Hətta dövri mətbuatda onlardan ətraflı söz açılıb. Onların arasında ümummilli liderimizin müəllimi, filologiya elmləri namizədi, Əməkdar müəllim, Prezident təqaüdçüsü Lətif Hüseynzadənin yazdığı rəy xüsusi yer tutur. Bu qiymətli rəy-əlyazma şəxsi kitabxanamın ən qiymətli eksponatıdır.

– Təbii ki, belə kitabları ərsəyə gətirmək üçün xarici ölkələrə də səfərlər etmək lazımdır. Elə isə bu məqsədlə hansı ölkələrdə olmusunuz?

– Sözün doğrusu, hələlik, bu məqsədlə heç bir xarici ölkədə olmamışam. Yəni tədqiqatlarımı ölkə daxilində aparmışam. Lakin 1997-ci ilin iyulunda Təhsil Nazirliyinin xətti ilə Türkiyənin Trabzon şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişəm. Bu səfərlə bağlı təəssüratlarım on ikinci kitabımdakı “Çırpınırdı Qara dəniz” adlı yazımda öz əksini tapıb. Sonradan daha bir neçə beynəlxalq tədbirə dəvət alsam da, ailə vəziyyətimlə əlaqədar iştirak etmək mənə nəsib olmayıb.

– Bu işin hansı çətinlikləri var? Hansı problemlərlə qarşılaşırsınız?

– Yaradıcılıq ağır işdir. Yazdığım hər bir məqalə yuxusuz gecələrin, gərgin axtarışların nəticəsində meydana gəlib. Amma bu işdən heç vaxt usanmamışam. Çünki mən bu işləri sevə-sevə görürəm. Bu sahədə çətinliklərim isə həmişə maliyyə məsələləri ilə əlaqədar yaranır. Məni narahat edən daha bir məsələni dilə gətirmək istəyirəm. Təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli əmr imzalayıb. Əmrdə problemin həlli məqsədi ilə ümumtəhsil məktəblərində yaradıcı insanlarla görüşlərin, kitab müzakirələrinin keçirilməsi tövsiyə olunur. Təəssüf ki, bu günə kimi 14 kitabın müəllifi Həşim İsmayılov belə görüşlərə dəvət olunmayıb. Nə gizlədim, bu biganəlik bir yaradıcı insan kimi məni çox pərişan edir. Zənnimcə, belə görüşlər məni daha məhsuldar işləməyə vadar edərdi.

“Güman edirəm ki…”

– Yaxın illərdə həmin tədqiqatlar əsasında sənədli povest ərsəyə gətirmək fikriniz varmı?

– “Generalın sorağı ilə” adlı yazımda söz açdığım general-leytenant Barıyev Ənvər Rza oğlunun həyat və fəaliyyətini, o cümlədən ötən əsrin 30-cu illərindən öz yurd-yuvalarından didərgin salınmış Barıyevlərin keşməkeşli tarixçələrini daha geniş işıqlandırmaq niyyətindəyəm. Məlumat üçün deyim ki, Ənvər bəy Belorusiyanın ilk fövqəladə hallar naziri olub. Daha sonra isə fəaliyyətini Belorusiyanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri kimi davam etdirib.

Mən həm də “Hollandiyanın Milli Qəhrəmanı – bizim Medo” adlı yazımın qəhrəmanı, əslən zaqatalalı olan Məmməd Məmmədovun Hollandiyada yaşayan qızı və nəvəsi ilə görüşmək niyyətindəyəm. Lakin yenə də deyirəm: maliyyə imkansızlığım bu kimi işlərə imkan vermir. Güman edirəm ki, nə vaxtsa bu problemimi çözə biləcək iş adamları peyda olacaqlar.

– Daha kimləri oxucularınızın görüşünə gətirmək niyyətindəsiniz?

– 1862-ci ildə İngiltərənin London şəhərində keçirilmiş ümumdünya sərgisində rayonumuzun sakini Hacı Yusif Şaban oğlunun toxuduğu yun şal qızıl medala layiq görülüb. Bu el sənətkarı ilə bağlı araşdırmalarımı davam etdirirəm. Zaqatalanın ilk dövlət məktəbinin açılış mərasimində çıxışı ilə yaddaşlarda qalmış və hər il sentyabr ayının 26-nı “Bilik günü” kimi qeyd edilməsi təklifi ilə çıxış etmiş pedaqoq Hüseynəli bəy İsmixanov da tədqiqat edəcəklərimin sırasındadır.

Bu yaxınlarda əldə etdiyim bir sənəddə maraqlı bir faktla qarşılaşdım: Baxçasarayda çıxan “Tərcüman” qəzetinin abunəlik kartında 1915-ci il üçün Zaqataladan 1 illik, 6 aylıq, 3 aylıq abunə yazılmaq üçün sifarişlərin verildiyi göstərilir. Bu da mənin gələcək işlərimin sırasında yer alıb. Yeri gəlmişkən, ilk mətbuat orqanımız olan “Əkinçi”nin də rayonumuzda oxucuları olub.

“Onun da adına tanker olacaq”

– Siz müxtəlif şəxslərə (BMT-nin baş katibi Kofi Annan, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Klintona və sairə) məktublar ünvanlamısınız. Onlardan cavab almısınızmı?

– Bu məktubların hər birində Qarabağ problemimiz, Ermənistanın min bir bəhanə ilə dünya ictimaiyyətini ələ almaq niyyəti, bu məsələdə ermənipərəst qüvvələrin “cəfakeşliyi” öz əksini tapıb. Mən bu məktubları onlara ünvanlamaqla öz vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam. Lakin nə yazıq ki, həmin şəxslər hələ də susurlar.

– Bəs “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimova inşa ediləcək gəmilərdən birinə Azərbaycanın ilk sürücü-mexaniki, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın adının verilməsi ilə bağlı da müraciət etmisiniz. Bəs bu barədə nə deyə bilərsiniz?

– Hamı yaxşı bilir ki, hazırda Türkiyədə çalışan iş adamı Mübariz Mənsimov dünya miqyasında Azərbaycanımızın alovlu təbliğatçısıdır. Onun şirkətinə məxsus gəmilərin, demək olar ki, 90%-i Azərbaycanın tarixi şəxsiyyətlərinin, bölgələrinin adlarını daşıyır. Özü də inşa edilmiş hər bir gəmidə Azərbaycan guşəsi var. Güman edirəm ki, Mübariz Mənsimov cənabları bu xahişimizə müsbət yanaşacaq və biz tezliklə “Sevil Qazıyeva” adlı tankerin də dünya okeanlarında üzməsindən xəbər tutacağıq.

– Ümumiyyətlə, bu kimi işlərdə sizə daha çox kimlər kömək edirlər? Bəs kitablarınızın nəşrində sizə kimlər yardımçı olurlar?

– İlk kitablarımın nəşrində iş adamlarımızdan müəyyən köməkliklər görmüşəm. Hazırda isə bu kimi problemləri özüm həll edirəm.

– Bir də gənclərin bu sahəyə, yəni belə araşdırmalara marağı varmı?

– Təəssüf ki, bu suala müsbət cavab verə bilməyəcəyəm.

– Bəlkə söhbətimizin mövzusunu bir qədər dəyişək? Bədii yaradıcılıqla məşğul olursunuzmu?

– Bədii yaradıcılığa həvəsim var, şeirlər yazıram. Mənə elə gəlir ki, mən daha çox elmi-publisistik yazılarımla xalqımıza xidmət etməliyəm.

– Taleyinizdən razısınızmı?

– Bir alim, bir insan kimi özümü xoşbəxt hesab edirəm. Mənim fikrimcə, ən böyük xoşbəxtlik elinə, obasına xidmət etməkdir. Bu işlərlə bağlı rayonumuzun hər bir kəndini, guşəsini bir neçə dəfə qarış-qarış gəzmişəm, minlərlə insanla ünsiyyətdə olmuşam. Bu mənada uluların “hər kənddə, şəhərdə bir ev tik” kəlamına artıqlaması ilə əməl etmişəm. İnsan üçün bundan böyük xoşbəxtlik ola bilərmi? Bu gün mənim kitablarım ABŞ-da, Almaniyada, Türkiyədə, Çində, Yaponiyada, Rusiyanın müxtəlif guşələrində də oxunur. Məgər bu mənim kimi bir yazar üçün xoşbəxtlik deyilmi? Qazandığım bütün müvəffəqiyyətlərə görə ailəmə – övladlarıma, həyat yoldaşıma minnətdaram. Onların dəstəyi olmasa idi, mənim bu cür uğurlar əldə etməyim mümkün olmazdı.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here