“Qarabağ” yenidən “qızıl dubla” imza atdı

0
153

Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib. 2014/15 mövsümünün son qarşılaşması Qəbələdə baş tutub.

Bu il XXIII dəfə sahibini tapacaq kubok uğrunda ölkə çempionu olmuş “Qarabağ” və Premyer Liqanı 4-cü sırada bitirmiş “Neftçi” mübarizə aparıb.

Oyuna çox sürətli başlayan “Qarabağ” 5-ci dəqiqədə Reynaldonun cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı açıb. Hissənin sonlarına yaxın ağdamlılar daha bir qol vuraraq fasiləyə iki top üstünlüklə yollanıblar. Bu dəfə də qolun müəllifi Reynaldo olub.

İkinci hissədə isə təzyiqi bir az artıran “Neftçi” sonradan oyuna daxil olan Ernest Nforun vurduğu qolla aradakı fərqi azalda bilib.

Ancaq, “Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muarem fərqlənərək fərqi yenidən iki topa çatdırıb. Matç elə bu hesabla da sona yetib.

Beləliklə, 22 il aradan sonra “Qarabağ” yenidən “qızıl dubl”a imza atıb. Bu matç ağdamlılar üçün həm də 19 il öncə baş tutmuş final matçının revanşı kimi yadda qalıb.

 

Qeyd edək ki, final qarşılaşmasından qabaq azarkeşlər üçün Peşəkar Futbol Liqası tərəfindən maraqlı sürprizlər hazırlanıb. Futbolsevərlər matçın başlamasından qabaq əvvəlcə şou ulduz Röyanın mini konsertini izləyiblər. Ancaq əsas sürpriz sonradan olub. Azərbaycan Kuboku təyyarə ilə stadionun səmasına gətirilib və havadan paraşütçü vasitəsi ilə meydana göndərilib. Möhtəşəm görüntülər azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. Hakimin start fitindən əvvəl isə dövlət himni səsləndirilib. Hər iki komandanın oyunçuları ilə bərabər himnimizi əməkdar artist Azərin səsləndirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here