Kənar adamın məsləhətləri

0
312

– Bəli, mənim “İnter”də dönəmim başa çatdı. Buradakı fəaliyyətimdən uzun-uzadı söz açmaq istəmirəm. Bircə onu demək istəyirəm ki,
“İnter”i ölkə çempionu da etmişəm, “Birlik kuboku”nun qalibi də. Bundan başqa, komandam 2 gümüş və 1 bürünc də əldə edib. Bir sözlə, Azərbaycan futboluna “İnter” kimi bir klub verdim. Amma nədənsə buradan ayrılanda klubun prezidenti Georgi Nikolov mənə heç “sağ ol” da demədi. Sözün düzü, onun mənə qarşı olan bu münasibətini əsla başa düşmədim. Bu barədə ətraflı danışıb bir daha qanınızı qaraltmaq istəmirəm. Çünki onsuz da Topaz Premyer Liqasında baş verənlərlə əlaqədar qanınız çoxdan qaralıb. Mən də onlara sadəcə münasibətimi bildirmək istəyirəm.
Bu gün Azərbaycan futbolunda elə şeylər baş verir ki, sözün düzü, bir futbol adamı kimi onları başa düşməkdə çətinlik çəkirəm. Məsələn, hələ da anlaya bilmirəm ki, niyə birinci divizionda birinci yerə çıxmış “Neftçala” deyil, beşinci və doqquzuncu yerlərə çıxmış “Zirə” və “Kəpəz” yüksək liqaya – Topaz Premyer Liqasına gətirildi? Görünür, onların himayədarları güclü imiş. Görünür, “Neftçala” kimlərinsə maraqları daxilində deyil. Bir sözlə, son illər Azərbaycan futbolunda maraq hər şeyi üstələyib. Elə isə niyə “Neftçala” dəridən-qabıqdan çıxmalı idi? Başqa bir misal. Mövsümüm ortalarında “Araz Naxçıvan” yüksək liqanı tərk etdi. Bakı “xəstə” düşdü, elə bu vəziyyətdə də yüksək liqadan aşağı yuvarlandı. Buna görə nə PFL əla-ayağa düşdü, nə də … Sanki bu komandanın gedişi onların ürəyincə imiş. Nəticədə, belə bir bölgə futboldan məhrum oldu. Zənnimcə, “Araz – Naxçıvan”ın gedişi digər komandaların rəsmilərinin də əl-qolunu açdı. Artıq “Simurq”un da fatihəsi verilib, üstəlik, mənim dünənə qədər rəhbərlik etdiyim “İnter”in də… Gələn mövsüm bu komandaların yüksək liqada çıxış etməməsi harada isə doxsan doqquz faiz məlumdur. Çünki klubun əsas himayədarı Cahangir Hacıyevin başına gələnlərdən sonra onun bir daha özünə gələcəyi inanılmaz görünür. Onun yolu ondan o yana düşməsə yaxşıdır. Nə deyim, Allah köməyi olsun.
Yeri gəlmişkən, klub bir sponsordan asılı olmamalıdır. Çünki komanda bir nəfərin ümidinə qalanda, vəziyyət hər zaman dəyişə bilir. Klubların bir neçə sponsoru olmalıdır ki, birinin işləri qaydasında getməyəndə, o birisi kömək etsin. Belə olmasa, futbolunuzun inkişaf edəcəyini, irəli gedəcəyini demək çətindir. Bir sözlə, bu gün istər “Simurq”, istərsə də “İnter” ağızlarını açıb dövlətdən yardım gözləyir. Həmin yardımın verilib-verilməyəcəyi isə hələ dəqiq məlum deyil. Bütün bunlar bir yana… Mənə qəribə gələn budur ki, bu qədər iş adamı olan Azərbaycanda bu klublara sahib çıxmaq istəyən yoxdur? Halbuki iş adamlarınız elə şeylərə pul xərcləyirlər ki, daha deyiləsi deyil. Adi bir misal, hazırda Bakıda qanunsuz inşa edilmiş 50-yə yaxın villa sökülür. Zənnimcə, o villaların pulu ilə neçə futbol klubu saxlamaq olardı. Lakin nədənsə onlar futbolun daha önəmli olmasını anlamayırlar. Və yaxud anlamaq belə istəmirlər. Üstəlik, futbolumuzun başbilənləri onlara bu adi həqiqəti başa salmağa çalışmırlar. Özü də bu komandalar zəif komandalar olsaydılar, bəlkə səsimi çıxarmazdım. Hazırda “İnter” turnir cədvəlində ikinci, “Simurq” isə beşinci yerdədir. Əgər belə getsə, sabah digər komandaların da başına buna oxşar hadisələr gələ bilər. Nəticədə, Premyer Liqanın varlığına son qoyula bilər.
Bəli, bu günlərdə eşitmişəm ki, bəs “bankirlər”, yəni “İnter” bu gün nəinki avrokuboklarda, heç Premyer Liqada oynamağa layiq deyil. Çünki mövcud durumda baş məşqçisi olmayan, futbolçulardan imtina edən komandanın avrokubokda hansısa nəticəyə imza atacağına ümid etmək absurddur. Odur ki, Avropa Liqasında “İnter”in əvəzinə başqa bir komanda oynasın. Amma komandanı bu səviyyəyə gətirib çıxarmış bir şəxs kimi deyirəm: amandı, belə bir addım atmayın. Belə bir şərəfə nail olan “İnter”dir. Onun haqqına girməyin. Qoy elə avrokubokda “İnter” özü olsun. Lap əvəzedici heyəti ilə… Ona bu işdə yardımçı olsun. O ki qaldı “İnter”in mərhələ adlayıb-adlamayacağına… Qoy bu barədə futbolunuzun başbilənləri fikirləşsin…
Bir də indi ağlıma gəldi. İşdi-şayəd, kim bu kluba sahib çıxmaq istəsə, komandanın adını dəyişsin. Çünki dünyada həmin adda futbol komandası var. Yaxşı olardı ki, İnterə ya “Laçın”, ya “Zəngilan”… adlarından birini versin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here