Təhlükəli tendensiya

0
348

Bir yerin ağrıyan kimi tələm-tələsik aptekə yollanıb keyidici dərman alırsan. Elə ki, qəbul etdiyin dərman qana qarışdı, beyinə çatdı, hər şey sakitləşir, dərindən nəfəs alırsan. Adam var ki, bir dəfə də bunu təkrar edir, görəndə ki vəziyyət düzəlmir, həkimə yollanıb tədbir görməyə çalışır. Amma adam da var ki, davamlı ağrıları olmasına baxmayaraq, hər gün bu dərmanları qəbul edir. Bəziləri bunu səhlənkarlıqdan, bəziləri imkansızlıqdan, bəziləri isə əlacsızlıqdan edir. Məsələn, revmatizm, revmaortiroid xəstələrinin xeyli hissəsi ağrıkəsici dərmanlardan istifadə edirlər. Çünki bu xəstəliklər gec müalicə olunur, üstəlik, tam sağalmaq çətin məsələdir. Ağrılar isə kəskin olduğundan bu kateqoriyaya aid olan xəstələr daimi olaraq keyidici dərmanlardan istifadə edirlər.

Lakin həkimlər bu qənaətdədirlər ki, ağrıkəsici dərmanlardan davamlı, yəni uzunmüddətli istifadə ciddi problemlərə gətirib çıxara bilər. Ən pisi isə odur ki, ağrıkəsicilərdən uzunmüddətli istifadə olunduqda orqanizm tədricən onun təsirinə uyğunlaşır və təsiri azalır.

İnfarkt və iflic olma ehtimalı

Ağrıkəsicilərin insan orqanizminə mənfi təsirləri dünya elminin də araşdırma obyektidir. Məsələn, bir müddət öncə alimlər belə bir nəticəyə gəliblər ki, insult, infarkt və anevrizm riskini artıran hipertoniyaya səbəb ağrıkəsici dərmanlar ola bilər. “American Journal of Medicine” jurnalında dərc olunmuş tədqiqatın nəticələri isə göstərir ki, buna səbəb geniş tətbiq olunan dərman vasitələrinin tərkib hissələridir. Xüsusilə, tez-tez qəbul edilən ağrıkəsicilərin tərkibinə daxil olan birləşmə qan təzyiqini artırır və təzyiqi aşağı salan preparatlara müqavimət göstərir.

Türkiyə mətbuatında yayılan məlumatlarda isə qeyd olunur ki, ağrıkəsici dərmanların yüksək dozalarda və ya uzunmüddətli qəbulu infarkt və iflic olma ehtimalını artırır.

Ağrını kəsir, müalicə etmir və…

“Baku Medical Plaza”nın Daxili xəstəliklər və endokrinologiya şöbəsinin müdiri, terapevt-endokrinoloq Hidayət Məmmədzadə ağrı xroniki xarakter alıbsa, mütləq həkimə müraciət etməyi məsləhət görür: “Ağrıkəsici dərmanlar müəyyən bir müddətə ağrıların qarşısını ala bilər. Amma bu, çıxış yolu deyil. Məlumdur ki, ağrılar bəzən çox ağır xəstəliklərin belə simptomu ola bilər. Odur ki, ağrıkəsicilər bir müddət ağrını aradan qaldıra bilər, amma müalicə etməz”.

Həkimlər bu fikirdədirlər ki, bu kateqoriyaya aid olan dərman preparatlarından çox istifadə qanın tərkibini pisləşdirir, immun sistemini zəiflədir, qaraciyər, böyrəklər, mədə-bağırsaq sistemində ağır fəsadlar yarada bilir.

Qana sorulduqdan sonra…

Bu preparatlar bəzi mədə-bağırsaq xəstəlikləri, astma xəstəliyi olanlara, uşaqlara, hamilə qadınlara, dərman preparatlarına qarşı həssas olanlara əks-təsir göstərə bilər.

Ağrıkəsici preparatlardan ilkin istifadə zamanı ağır dozalıların qəbulu, ümumiyyətlə, məsləhət görülmür. Ən məsləhət görüləni minimal dozadır. Bu halda təhlükəlilik dərəcəsi də azalmış sayıla bilər. Unutmayın ki, bu preparat qana sorulduqdan sonra bütün orqanizmin bütün hissələrinə təsir göstərir…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here