3 ayda banklar nağd şəkildə 4,6 milyard dollar valyuta satıblar

0
383

“2014-cü ilin sonlarından etibarən qlobal əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi, eyni zamanda ölkəmizin əsas ticarət tərəfdaşlarında devalvasiya meyillərinin güclənməsinin psixoloji təsiri daxili valyuta bazarında xarici valyutalara, xüsusilə ABŞ dollarına tələbi yüksəltmişdir.

Xarici valyutaya tələbin yüksəlməsi daxili valyuta bazarının hər iki seqmenti – nağd və qeyri-nağd valyuta bazarları üzrə müşahidə olunmuşdur”. Bu barədə Mərkəzi Bankın yanvar-mart ayları üzrə Pul siyasəti icmalında deyilir. İcmalda qeyd olunur ki, hesabat dövründə valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. Ötən ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi 2,3 dəfə, Avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb.

Belə ki, ABŞ dolları ilə əməliyyatların həcmi, 2014-cü ilin 1-ci rübündə 7 milyard 789 milyon dollar təşkil etdiyi halda, bu ilin müvafiq dövründə 18 milyard 341 milyon dollar təşkil edib. Avro ilə əməliyyatların həcmi isə 612 milyon avrodan 1 milyard 491 milyon avroya yüksəlib. Ümumilikdə (dollar və avro daxil), ilk rübdə valyuta bazarında dövriyyənin həcmi 19 milyard 832 valyuta vahidi olub.

Banklar tərəfindən əhaliyə xalis satılan nağd valyutanın həcmi 2,1 dəfə artıb. Bank şöbələrinin xalis satdığı nağd xarici valyuta, ötən ilin 1-ci rübündə 2 milyard 191 milyon ABŞ dolları təşkil etmişdirsə, bu ilin ilk rübündə məbləğ 4 milyard 620,5 milyon dollara çıxıb. Bu məbləğin 4 milyard 332,4 milyonu ABŞ dolları ilə, 288,1 milyonu Avro ilə satılıb. İcmalda qeyd olunur ki, valyuta bazarında yaranan vəziyyəti nəzərə alaraq, MB-nin İdarə Heyətinin qərarı ilə 21 fevral 2015-ci il tarixinə ABŞ dollarının manata qarşı məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən edilib. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Bu qərarın qəbulu ərəfəsində manatın partnyor ölkələrin valyutalarına qarşı bahalaşması səviyyəsi özünün pik həddinə çatıb. Belə ki, 2014-cü ilin əvvəlindən 2015-ci ilin fevral ayının ortalarınadək manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla 30% bahaaşmışdı. Bu dövrdə ABŞ dollarına nəzərən Rus rublu 86%, Avro 20%, Qazax təngəsi 20%, Turkmən manatı 22%, Moldova leyi 17%, Belarus rublu 52%, Ukrayna qrivnası 169%, Turk lirəsi 13%, İran realı 12%, Gürcü larisi 31% dəyərdən düşmüşdü. Məzənnənin 33,55% korreksiyası manatın qeyd olunan valyutalara qarşı baş vermiş orta çəkili bahalaşmasını neytrallaşdıra bildi. İcmalda həmçinin qeyd olunur ki, hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar. Nəticə etibarilə I rübün sonuna manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşmışdır. Manatın nominal ikitərəfli məzənnələrinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə də təsir göstərmişdir. Manatın real ikitərəfli məzənnəsi ABŞ dollarına qarşı 21,1%, Avroya qarşı 10,7%, Türkiyə lirəsinə qarşı 13,2%, Rus rubluna qarşı 21,1% ucuzlaşmış, Belarusiya rubluna qarşı isə 2,5% bahalaşmışdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here