Bir qələbənin “sirri”

0
330

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov komandasının “Simurq”la oyun öncəsi belə bir açıqlama vermişdi: “Sona iki tur qalmış 6-cı pillədəyik və 5-ci yer uğrunda mübarizə aparırıq. Ümumi götürəndə, nəticə qənaətbəxşdir. Nə yüksək səviyyədə çıxış etdik, nə də zəif. Xüsusən də, ikinci və üçüncü dövrəni yaxşı keçirdik. Bəzi səbəblər ucbatından sonradan oyunumuzda eniş yarandı… “Qəbələ”yə qarşı evdə keçirdiyimiz matçı qırılma anı hesab edirəm. Məhz həmin görüşdən sonra İbekoyi əməliyyat olundu. Həmin 0:4 hesablı məğlubiyyətdən sonra “uğursuzluq zolağı”na düşdük. Futbolda zədədən qaçmaq qeyri-mümkündü. Bu mövsüm də bizə ən çox bu amil mane oldu”.

Bəli, bu günlərdə Tərlan müəllim bu eniş, bu şanssızlıq barədə düşünəndə birdən bir zamanlar yaxınlarından birinin dediyi: “Tərlan, nəzər var, gözə gələcəksiz”, – sözləri yadına düşüb. Və öz-özünə pıçıldayıb: “Həqiqətən də, nəzər varmış. Aparıcı futbolçularımın – Eduardo Konseysaonun, Valeri Kutsenkonunun, Aleksandr Şemonayevin bir-bir zədələnib sıradan çıxmasına başqa nə ad vermək olar? Bəli, mənim komandam, həqiqətən də, gözə gəlib. Bu gözdəymə də elə bir şeydir ki, hətta ağacı belə qurudur. Bəs mən nə edim ki, bu bəladan xilas olum? Nə edim ki, oyunçularıma göz dəyməsin? Nə edim ki, oyunlarda dönüş yaradım? Bəlkə, klubun girəcəyindən bir at nalı vurum? Amma yox, nədən ki hamı niyyətimdən duyuq düşər. Hər yerdə mənim bu “təcrübəmdən” gülə-gülə söz açarlar. Bəlkə, futbolçularımın formalarına gözmuncuğu tikdirim? Yox, onda oyunun hakimi görər, elə bilər ki, mən ona cadu eləmişəm. Bunun sonrakı hay-küyünə tab gətirə bilmərəm. Üstəlik, adım cadugərlər siyahısIna düşər. Odur ki, formaya nəsə tikmək heç də yaxşı hal deyil. Bəs mən nə edim? Bəlkə, sapa keçirib boyunlarına salım? Soruşan olsa, deyərəm ki, bəs bu, bizim formamızın bir parçasıdır. Yox, yox, bu lap ağ olar e… formaya yamaq kimi görünər e… Bir də rəqib oyunçulardan kimsə ehtiyatsızlıq edib əl atar həmin gözmuncuğuna, bu zaman da sirrim bəyan olar. Onda da məni lap uzaqlara uçurarlar. Bəs mən nə tövr edim ki, təyyarəçilərimə – oyunçularıma göz dəyməsin? Sözün düzü, ağlıma elə bir tutarlı nəsnə də gəlmir. Görünür, bu mənim çox həyəcanlı olduğumdan irəli gəlir. Bəs nə tövr edim? Hamısından yaxşısı budur ki, gözmuncuğundan istifadə etməyim, oyunçuları elə adi qaydada meydana çıxarım? Qoy kimsə məndən şübhələnməsin. Yox, belə olan halda da komandam uğur qazana bilmir də… Bəs mən neyləyim, nə çarə qılım? Aha, deyəsən, tapmışam axı… Deyirəm bəlkə, klubun girəcəyindən üzərlik asım? Öz aramızdır, indi bədnəzərdən qorunmaq məqsədi ilə hətta müasir ofislərin girişlərində də ona rast gəlmək olur. Amma bir dəli şeytan deyir ki, dilə-dişə düşməmək üçün üzərlikdən bir bəzək əşyası düzəltdirib as… Məncə, bu da söz-söhbətə səbəb olar. Çünki bəzək əşyası düzəldən usta məni ələ verə bilər. Odur ki, bundan da əl çəkirəm. Amma bu üzərlik üzərində hələ baş sındırmağa dəyər.

Deyirəm bəlkə, hər oyun qabağı qara qüvvələri qovmaq və oyunçularımı bəd nəzərdən qorumaq məqsədilə üzərlik yandırım, hə? Yandıranda da: “Kimin nəzərinə gəlmişik, onun nəzərini yandırırıq” və yaxud: “Üzərliyim tüstülən, bədnəzəri kor elə”, – sözlərini deyim ki, bu əməliyyatın bir faydası olsun. Bir sözlə, ya özümü yandırmalıyam, ya da onları… Doğrudur, bu zaman aləmi tüstü bürüyəcək. Amma güman edirəm ki, həmin tüstünün AZAL-a məxsus olduğunun fərqinə varan olmayacaq”.

Bəli, bu qənaətindən sonra Tərlan Əhmədov bu ayın 22-də keçirilən AZAL – “Simurq” matçına bir saat qalmış elə dediyi kimi də hərəkət edib. Məhz onun bu gördüyü tədbir nəticəsində AZAL, yəni təyyarəçilər “Simurq”u əməlli-başlı “yolub”. Qoy bu ifadəyə görə kimsə məndən inciməsin. Çünki komanda 5:0 hesabı ilə qalib gəldikdə bizim tərəflərdə, adətən, məhz “yolub” ifadəsi işlədilir.

QVAMİ MƏHƏBBƏTOĞLU

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here