Milli-mənəvi dəyərlər və müasirlik

0
335

Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.

Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Yeri gəlmişkən, qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində ulu öndərin kifayət qədər xidmətləri olub. Təkcə bir faktı qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmuş, Novruz bayramı daha geniş şəkildə təbliğ edilmişdir.

İtirə-itirə gedirdik

Bu gün cəmiyyətimiz inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir zamanda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir. Bu mənada milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hazırda da öz aktuallığını qoruyub saxlamaqdadır.

Bəli, bir zamanlar milli-mənəvi dəyərlərimizi kifayət qədər qiymətləndirməkdə çətinlik çəkirdik. Salam verib-salam almaqdan başlamış hədiyyələşmək, bayramlaşmaq, qonaq getmək və ya qonaq qəbul etmək, hətta yas mərasimlərimiz kimi milli və mənəvi dəyərləri itirə-itirə gedirdik. Məsələn, bizim üçün ən böyük bayramlar Ramazan, Qurban və Novruz olub, amma Yeni il bayramı onlardan qat-qat təntənəli qeyd edilirdi. Müstəqillik əldə etdikdən sonra bu bayramları da rəsmi şəkildə qeyd etməyə başladıq. Daha bir misal; rus dilinə elə aludə olmuşduq ki, hətta ana dilimizə ikinci dil kimi baxanlar zümrəsi də formalaşmışdı. Elə bilməyin ki, mən dil öyrənməyin əleyhinəyəm. Əksinə, qeyri dilləri bilmək çox yaxşı haldır, bir şərtlə ki, öz dilinə arxa çevirməyəsən. Yaxud da bir zamanlar din deyəndə, ilan vurmuş kimi sıçrayan birindən hansı mənəvi dəyərləri öyrənəcəkdik ki? Məhz bu mənəvi dəyərimizə də müstəqillik illərində sahib çıxmağa başladıq.

Yeniliklər bizi uzaqlaşdırır

Nə qədər qəribə olsa da öz milli-mənəvi dəyərlərimizə hələ də yetərincə sadiq qala bilmirik. Onlara Avropa, başqa sözlə desək, müasirlik çalarları əlavə etməyə çalışırıq. Onu da qeyd edim ki, heç bir millətin milli-mənəvi dəyərləri pis deyil (Təbii ki, söhbət, sözün əsl mənasında, normal adətlərdən gedir). Amma fərqinə varmadığımız hər şeyi tətbiq etməyin özü də bir yanlışlıqdır. Adi bir misal: İslami dəyərlər aləmində yeməyi, ümumiyyətlə, bütün müsbət, təmiz işləri sağ əllə görmək qəbul edilib. Amma bu gün Avropa bizə “solu” təbliğ edir. Mahiyyətini, mənasını bilmədən onları təqlid etməklə bizə aid dəyəri qurban vermiş olmuruqmu? Onda, təbii ki, biz biz olmuruq, kimi təqlid ediriksə, ondan oluruq. Başqa bir misal: Bizdə alt paltarını göstərmək ən böyük ayıb hesab olunub. Hətta qadınlarımız alt paltarları elə sərərdilər ki, görünməsin. Amma bu gün küçələrdə, dükanlarda qadınlara aid alt paltarlarını açıq-saçıq nümayiş etdirilir.

Bizdə gəlinin başına bakirəlik simvolu olan qırmızı rəngli duvaq salmaq dəyər idi. Amma indi duvaq gəlinliyin bir hissəsi olmaqdan başqa, hər hansı məna ifadə eləmir. Üstəlik, bu dəyərin rəngi də dəyişdirilib ağ olub. İndi bəylə gəlin nikaha girərkən əllərinə şampan qədəhi alaraq şəkil çəkdirir, sonra da bir-birilərinə sarılaraq qayınata və qayınanalarının, yüzlərlə qonağın qarşısında müasir dünyanın rəqslərini ifa edirlər. Ailə kimi müqəddəs bir yuvanın qurulmasında ağsaqqallar, ağbirçəklər xeyir-dua verər, bütün davranışlarında ismət, həya, abır nümunəsi ilə yeni ailəyə necə olmaq lazım gəldiyini göstərərdilər. İndi bu dəyər dəbdən düşüb, qəribə görünür, çünki indi ağsaqqallar da yüz-yüz vurur, sonra da atılıb-düşməklə işlərini bitmiş hesab edirlər. Bütün bunlar isə ailəyə məxsus dəyərlərin artıq, müəyyən mənada məcrasından çıxması deməkdir. Yəqin razılaşarsınız ki, bəzi milli ənənələrimiz insanlar tərəfindən heç də birmənalı qarşılanmır. Məsələn, valideyn qızlarına daha çox açıq-saçıq geyimləri qadağan edirsə, oğlanlarına müəyyən məhdudiyyətlər qoyursa, bu, bizim gənclər tərəfindən “geridəqalmışlıq” hesab olunur. Bəlkə də, cəmiyyətimizdəki avropalaşma meylinin əsas səbəbi də məhz bu kimi faktorlardır.

Bu sözləri yas mərasimlərimiz haqqında da demək olar. Məsələn, cənazənin önündə mərhumun portretini aparmaq, yas mərasimi keçirilən salonlara həmin portreti asmaq, hər cür nemətlə təmin olunmuş süfrələr açmaq, məzar daşlarına şəkil həkk etdirmək, heykəllər qoydurmaq adi hala çevrilib. Milli-mənəvi dəyərlərimizə, əgər belə demək mümkünsə, bu kimi yeniliklər bəxş etmək isə bizi onlardan uzaqlaşdırır.

Bu bizə lazımdırmı?

Bəli, dünyaya inteqrasiya etməyimiz milli-mənəvi dəyərlərimizi böyük təhlükələrlə üz-üzə qoyub. Bu gün dünyanın müxtəlif ölkələrində nəyi isə görənlər onu bizdə də təbliğ etməyə cəhd göstərirlər. Bu bir həqiqətdir ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir. Amma bu və ya digər yeniliyi kor-koranə tətbiq etmək bizə bu sahədə heç bir perspektiv vəd etmir. Bu yerdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərini xatırlatmaq istərdim: “Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək”. Bir də yaxşı olardı ki, gətirdiklərimizi diqqətlə saf-çürük etməyi bacaraq: heç olmasa “nəyi mənimsəyirik?, “bu bizə lazımdırmı?” kimi suallara cavab verə bilək. Axı bu da bir həqiqətdir ki, üz tutduğumuz Avropanın özü bu gün öz dəyərlərindən narahatdır. Yəni Avropanın özü bu məsələdə inteqrasiyaya, yenilənməyə ehtiyac duyur.

Biz nə Şərqə məxsusuq, nə də Qərbə; biz həm Şərqə məxsusuq, həm də Qərbə, çünki biz qədim mədəniyyət üzərində formalaşmış özümüzə məxsus toplumuq. Biz dünyaya aldığımızdan daha çox şey verə bilərik. Bunun üçün heç bir mədəniyyətin içində əriməməliyik, əksinə, inteqrasiya proseslərinin mərkəzinə çevrilməyi bacarmalıyıq. Bəli, biz bu gün milli-mənəvi dəyərlərimizi də yetərincə təbliğ etməyi bacarmalıyıq. Artıq ölkəmiz dünyada tolerantlığın yeganə ünvanı kimi tanınır. Bunu da müəyyən mənada mənəvi dəyər hesab etmək olar.

Milli dəyərlərimiz deyəndə, qulaqlarımızda muğam sədaları da səslənir. Ölkəmizi dünyada tanıdan, təbliğ edən muğam sənəti bu gün bəşəriyyəti heyran etməkdə davam edir. Elə buna görə də bu milli-mənəvi dəyərimiz YUNESKO-nun dünya mədəni irsi edilib. Təbii ki, bu məsələdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Dinə bağlılıq zəiflədikcə…

Bir çox hallarda biz mənəvi dəyərlərimizin təməl qaynaqlarından birinin din olmasının üstündən sükutla keçməyə çalışırıq. Məsələn, əgər klassik ədəbiyyatımız, ümumən yazımız bir dəyərdirsə, onun meydana çıxmasında din faktoru həlledici rol oynayıb və ifadə etdiyi nə varsa, əksəriyyət etibarilə dinlə bağlıdır. Əslində dinə bağlılıq zəiflədikcə bizim tariximizə münasibətimiz də, keçmişə bağlılıq hissimiz də zəifləyir. Əgər diqqət etmisinizsə, klassik Avropa musiqisi başdan-başa kilsə musiqisidir, yəni dini duyğular üzərində köklənib, bizdə isə mədəniyyətimizin alt qatında bünövrə kimi dayanmış din həqiqətini unutmağa və unutdurmağa yönəlmiş xüsusi meyil müşahidə olunur. Hər şeyi “mədəniyyət dəyərləri,” “incəsənət dəyərləri” və s. bu kimi adlar altında təqdim edərək, həqiqəti gizlətməyə çalışırıq. Bütün bunların, yəni dəyərlərimizi itirməyimizin, öz dəyərlərimizin yerinə başqalarını gətirməyimizin səbəbi nədir?

Bu sualın bir cavabı var: özümüzü bəyənməməyimiz, başqalarına mənasız heyranlığımız. Əlbəttə, başqalarından da almaq, istifadə etmək lazımdır. Amma aldığın dəyərin dəyərini, mənasını, mahiyyətini bildikdən, özünün dəyərinlə müqayisə etdikdən və qiymətləndirə bildikdən sonra. Yoxsa “qoy mən də mədəni görünüm” mülahizəsi ilə nə gəldi, alıb həyata tətbiq etmək bizə dəyər qazandırmır, bizi dəyərsizləşdirir. Bir sözlə, biz nəyiksə, dəyərimiz də odur. Nəyə dəyər veririksə, onu da dəyər olaraq alırıq. Nəyi dəyər hesab ediriksə, onunla da dəyərləndirilirik.

Sıx əlaqə vardır

Unutmayaq ki, ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər.

Bir də unutmayaq ki, Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısı İlham Əliyevin də daim diqqətindədir. Dövlət başçısının sözlərinə əsasən, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here