Bu gün Topaz Premyer Liqasında XXXV turun oyunları keçirilib. Keçirilən 4 matçdan 3-ü paytaxtda, biri isə Sumqayıtda baş tutub.
Günün mərkəzi görüşündə paytaxtda “İnter” – “Qarabağ”a qalib gəlib. (2:1)
Qurban Qurbanovun yetirmələri mövsümün son oyununu məğlubiyyətlə başa vursalar da, sonda aldıqları çempionluq kuboku və qızıl medallar bunu unutdurdu.
“Neftçi” isə “Bakı” ilə bərabərə qalaraq (0:0)mükafatlara olan cüzi şansını da itirdi. Əsas diqqətini kuboka yönəldən “ağ-qaralar” çempionatdan artıq “əlini üzüb”.
AZAL isə maddi problemlər ucbatından bir çox əsas oyunçusunu itirmiş “Simurq”a rəhm etməyib. “Təyyarəçilər” zaqatalalıları 5 qolla darmadağın ediblər. Freddi Mombonqonun “poker” elədiyi matçda daha bir qol kapitan Rəşad Abdullayevin aktivinə yazılıb.
“Sumqayıt” isə 3 oyunluq məğlubiyyət seriyasını qıra bilib. “Xəzər Lənkəran”ı qonaq edən “gənclər” “müsafirlər”ini 2 qolla yola salıblar.