İnkişafımız haqqında

0
520

Bir neçə aydan sonra “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbulunun düz 10 ili tamam olacaq. Bəs ötən zaman kəsiyində bu sahədə nələr qazanmışıq, hansı inkişafın şahidi olmuşuq? Yox, narahat olmayın, sualı sizə ünvanlamamışam, çünki bilirəm ki, ipinizin üstünə odun yığmaq mümkün deyil. Yəni qorxuram ki, elə cavab verəsiniz ki, dəymişin qalıb kalım tökülə. Odur ki, verdiyim bu suala özüm cavab verməyə çalışacağam. Bir də unutmayın ki, adamın özünün verdiyi suala özünün cavab verməsinin alayı ləzzəti var.
Bəri başdan deyim ki, bu on ildə biz çox dünya səviyyəli “ilk”lərə imza atmışıq. Hansı “ilk”lərə? Balam, bir hövsələniz olsun da… Ay camaat, sizdən soruşuram: proqram imzalananda Premyer Liqamızda neçə komandamız var idi? 18… Ay sağ olun, bəs indi onlardan neçəsi çempionatda öz qüvvəsini sınayır? 9-u. Bu da düz, 9 komandanı bu və ya digər səbəblərlə yüksək liqadan uzaqlaşdırdıq, eləmi? Bununla kifayət qədər pula qənaət etmədikmi? Məgər bu inkişaf deyil, bəs nədir? Axı dünyanın hansı ölkəsində bir proqram çərçivəsində belə bir “ilkə” imza atılıb. Təbii ki, heç bir ölkədə. ..
“Təbii ki” dedim, bu prorqam çərçivəsində inşa edilmiş süni ot örtüyünə malik stadionlar yadıma düşdü. Bəziləri belə stadionlardan söz düşəndə ağızlarına gələni danışırlar. Deyirlər ki, süni ot örtüyünü döşəyirsən yerə, qurtardı getdi. Bir də beş ildən sonra onu yenisi ilə əvəzləyirsən. Təbii ot örtüyünün isə nazı ilə oynamaq, ona qulluq etmək lazımdır ki, öz təravətini saxlasın. Bizdə isə heç kim özünə əziyyətə vermək istəmir.
Amma mən bu süniliklə bağlı ağzıma gələnləri yox, ürəyimdən keçənləri sizinlə bölüşmək istəyirəm. Demək istəyirəm ki, həmin fikirlərin heç biri ilə razılaşmıram və razılaşa da bilmərəm. Fikrimcə, ölkəmizdə süni örtüklü stadionlara üstünlük verilməsinin əsas bir səbəbi var: bu kimi məsələləri düzüb-qoşanlar istəyirlər ki, bizim futbolçular daha dözümlü, daha mətanətli olsunlar. Təbii ot üstündə belə gənclər yetişdirmək mümkündürmü? Təbii ki, yox. Elə bu səbəbdən bölgələrimizdəki təbii ot örtüyünə malik stadionlarımızda qoyun-quzular otlayır, ölkə iqtisadiyyatına öz töhfələrini verir. Deyin görüm, dünyanın hansı ölkəsi belə bir “ilk”ə imza atıb. Deyə bilmirsiniz? Yoxdur axı… Ay camaat, məgər bu, inkişaf deyil, bəs nədir?
Hə, bayaq onu deyirdim axı… Bu gün Azərbaycan çempionatında 9 komanda oynayır ki, onların, demək olar ki, yarısı maliyyə məngənəsində sıxılır. Elə bu səbəbdən artıq “Simurq”da dağılır. Bununla daha bir bölgə futbol klubunun fatihəsi verilməkdədir. “İnter”in də gələcək taleyi qeyri-müəyyəndir. Məncə, burada qeyri-adi bir şey axtarmaq doğru deyil. Bu, hər şeydən əvvəl, bölgələrə olan diqqətdən, onların sosial-iqtisadi inkişafına yeni töhfə vermək istəyindən irəli gəlir. Bu gün hər kəsə məlumdur ki, bölgələrdə futbol azarkeşlərinin sayı çoxdur. Onlar bu və ya digər oyun zamanı işlərini atıb stadionlara yollanırlar. Nəticədə, ilin-günün bu çağında öz ailə büdcələrinə külli miqdarda ziyan vururlar. Bu yolla onları bu xərcdən qurtarmaq inkişaf deyil, bəs nədir?
Məhz bu proqrqam çərçivəsində yüzlərlə əcnəbi futbolçu ölkəmizə təşrif buyurmadımı? Hər gələn istədiyi məbləği bizdən qoparmadımı? Ölkələrinə geri qayıdandan sonra haqqımızda ağızdolusu danışmadımı? Bu, futbolumuzun təbliği demək deyilmi, məgər bu inkişaf deyil, bəs nədir? Necə hələ çox şeylər gözləyirsiniz? Vallah, bu sualınız lap yerinə düşdü. Deməli, nəyə isə nail olmuşuq ki, hələ nələrsə gözləyirsiniz də… Məgər bu, inkişaf deyil, bəs nədir? Hə, niyə gülürsünüz? Sizin bu gülüşünüz “Yoxsa işinin düzəldiyini görüb gülürsən” məsələni yadıma saldı. Qoy onu deyim və bununla da xudahafizləşək. Öz pulunu almaq üçün dəfələrlə gəlib-getmiş borc sahibi bir gün görür ki, ona borclu olan şəxs, yəni Molla evinin ətrafına qaratikan çəpəri çəkir. Molla onu görən kimi deyir ki, bəs artıq sənin işin düzəlib, bir neçə gündən sonra gəl pulunu apar. Borc sahib bunun necə baş verəcəyini soruşanda Molla deyir:
– Daha bunun necəsi yoxdur ki? Bu çəkdiyim qaratikan çəpərini görmürsən? Evimin yanından qoyun sürüləri keçəndə qoyunların yunu bu tikanlara ilişib qalacaq, sonra həmin yunu yığıb ip əyirəcəyik, arvadım əlcək-corab toxuyacaq, mən də onları bazarda satıb borcunu qaytaracağam.
Bu boş söhbəti eşidən borc sahibi özünü saxlaya bilməyərək gülür. Molla da: “Hə, əlbəttə, gülərsən! Deyəsən, işin düzəlib axı? – deyə dillənir.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here