Onların hüquqlarını müdafiə etmək istəyirəm

0
393

İndi hamının tənqid obyekti məmurlardır. Yerindən duran onları topa tutur: ay filan məmur belə elədi, ay filan məmur elə elədi, ay filan məmur vətəndaşların problemlərinə qayğı ilə yanaşmadı, ay nə bilim rüşvətxorluğa qurşandı.

Ay nə bilim, məmurlar bir balaca tamahlarından əl çəkməlidirlər, xalqı incitməməlidirlər, xalqın içində olmalıdırlar, yalançı şoulardan çəkinməlidirlər. Amma bir kimsə demir ki, balam, bəlkə bu məmurun bir dərdi-filanı var? Nə gizlədim, mən hələ bu vaxta qədər ədalətli bir jurnalist tapmamışam ki, onların dərdlərini qələmə alsın. Barı bir insafınız olsun… Daha bu qədər yox da… Məgər məmur da bizlərdən biri deyilmi? Niyə onu özümüzdən bu qədər aralı tuturuq? İndi istəyirəm, heç olmasa onlar haqqında söz açıb, imkanım daxilində hüquqlarını müdafiə edim. Sahibsiz itin, pişiyin belə müdafiə qurumlarının olduğu ölkədə onların haqlarının qorunmaması qəribə deyilmi? Bir dəli şeytan deyir ki, hə, nə durmusan, nə gözləyirsən, bir qeyri-hökumət təşkilatı qur, onların hüquqlarını müdafiə elə. Vallah, məncə, bu dəli şeytanın sözünə qulaq asmağa, ciddi götür-qoy etməyə dəyər. Deyəsən, mətləbdən uzaqlaşdım axı… Burada deyiblər də, lənət şeytana…

Bəli, bu gün bəzi məmurlarımız daha çox qazanmaq yarışına çıxıblar. Onlar əllərinə düşən fürsətdən maksimum yararlanmaq üçün dəridən-qabıqdan çıxırlar. Hətta qazancı naminə nəyə desən getməyə hazır olan məmurlarımız var. Yox, bu fikrim göydəndüşmə deyil. Lazım olsa, onlarla misal gətirib bunu əsaslandıra bilərəm. Qoy birini deyim ki, sonradan məni oxu atıb yayı gizlətməkdə təqsirləndirən olmasın. ATƏT-in Minsk Qrupunun həmsədrləri – ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində indiyədək bir əməli iş görməyib. Nə yazıq ki, bu məsələ ilə bağlı bizim bəzi yüksəkrütbəli məmurlar beynəlxalq səviyyədə öz etiraz səslərini qaldırmırlar, həmin ölkələri tənqid etmirlər. Səbəbi bilirsinizmi nədir? Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var, qorxurlar ki, səslərini qaldırsalar, biznesləri həmin məmləkətlərin yetkililəri tərəfindən iflasa uğradılar. Təbii ki, belələri tənqid olunmalı, lap dar ağacına çəkilməli, ictimai qınağa tuş gəlməlidirlər. Yox, bu yazıda mənim fikrim heç də bir əli xaricdə olanlardan, daha doğrusu, “iriçaplı”lardan söz açmaq deyil. Bunu da sözgəlişi dedim ki, öz savadımı nümayiş etdirim…

Hə, onu deyirdim axı… Amma bir kimsə demir ki, balam, bəlkə, məmurun da bir dərdi-filanı var? Bu dərdin ən böyüyü sahibkarlıqla bağlıdır. Yəqin bilirsiniz, bizdə məmurların sahibkarlıqla məşğul olmalarına yasaq qoyulub. Lakin bu gün ölkədə elə bir məmur yoxdur ki, bu işlə məşğul olmasın. Daha doğrusu, onlar öz yaxınlarının, tanışlarının adı ilə onsuz da sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Necə deyərlər, qaz vurub qazan doldururlar. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sözü olmasın, elə məmurlar var ki, bu kimi işlərdə ad çıxarıblar, milyardların yeraltı bunkerlərdə saxlayırlar.

Bu günlərdə millət vəkili Fazil Mustafa da onların iştahalarına soğan doğramaq fikrinə düşüb. Deyir ki, bəs bu günlərdə Rusiya Dövlət Duması antikorrupsiya qanunvericiliyinə əlavələr edərək, məmurlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağasını aradan qaldırıb; gəlin biz də bu yolla gedək. Sizi bilmirəm, mən millət vəkilinin bu təklifini əsla dəstəkləmirəm. Çünki onlar neçə illərdir ki, bulanıq sularda “balıq tutmaqla” məşğuldurlar. İndi sular durulsa, onlar min bir əziyyətə düşməzlərmi? Bu mənada həmin fikir, sadəcə, yenə məmurların bostanına daş atmaqdan başqa bir şey deyilmi? Ay balam, nə istəyirsiniz axı bu məmurlarımızdan? Deyəsən, dəli şeytanın sözünə qulaq asmağın vaxtıdır axı. Getdim e… onların hüquqları ilə bağlı bir qurum təşkil etməyə… q.mehebbetoglu@zaman.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here