Kişi sözü və yaxud Prosineçki sözü

0
440

Həyatda sözlə əməl düz mütənasib olmalıdır. Bəlkə də elə bu səbəbdən dilimizdə belə bir deyim formalaşıb: “Bacarırsansa söz ver, bacarmırsansa vermə”.

Sözünün üstündə durmaq, yəni öz sözünün ağası olmaq hər kəsə xas olan əlamət deyil. Odur ki, belələrinin sayı o qədər də çox olmur, elin təbirincə desək, barmaqla sayılası qədərdir… Son günlər futbol üzrə millimizin baş məşqçisi Robert Prosineçkinin də adı sözünün üstündə duranların sırasında hallanmaqdadır. Amma nədənsə kimsə onun kişi sözünün fərqinə varmaq istəmir. Balam, əcnəbi olanda nə olar? Niyə biz onun bu kimi müsbət keyfiyyətlərindən söz açmırıq? Bəli, mən bu dəfə bu kişidən, daha doğrusu, bu kişinin kişi sözündən danışmaq istəyirəm. Söhbətimə başlamamışdan öncə, məşhur “Kişi sözü” filmindəki rejissorun: “Hamı kənara çəkilsin, kadrda bircə Nəbi dayı ilə inək qalsın” sözlərinə əl gəzdirib sizə bu şəkildə müraciət edirəm: “Hamı kənara çəkilsin, kadrda bircə Prosineçki ilə “Neftçi” qalsın”. Çünki kadrda digərləri qalsa, bu söhbətimiz baş tutmaya bilər. Məndən xəbərdarlıq etməkdir…

Bəli, indi də keçək mətləbə… Hələ ötən ilin sonlarında milli komandamız üçün oyunçular axtarışına çıxan Robert Prosineçki “Neftçi”nin oyunlarına baxan kimi çox düşünmədən öz tarixi qərarını verdi: “Bu komandada milliyə namizəd oyunçu yoxdur”. Odur ki, Malta ilə oyuna “flaqman”dan kimsəni dəvət etmədi. Onun bu açıqlamasından bir müddət sonra “Neftçi”nin rəsmiləri o kişinin qapısını döydülər ki, bəs bəlkə, bu daşı ətəyindən tökəsən, çünki bu, “Neftçi”nin imicinə bir zərbədir. Lakin hazırda Norveç millisi ilə oyuna hazırlaşan Prosineçki yenə daşı ətəyindən tökmədi və dediklərini yenə təkrarladı: “Qardaş dediyim dedikdir, sizin komandada mənim arzuladığım, millət, vətən üçün canını fəda edən oyunçu yoxdur”. Odur ki, nümayəndə heyəti əli ətəyindən uzun qayıtdılar öz məkanlarına. Halbuki onlar bu azərbaycansayağı xodları ilə Prosineçkini yumşalda biləcəklərini zənn edirdilər.

Bu “Neftçi” məsələsi bu gün də gündəmdədir. Belə ki, jurnalistlər Prosineçkini harada görsələr, ona hansı mövzuda suallar versələr, yenə bu kişiyə “Neftçi” ilə bağlı suallar ünvanlamaqda, o da: “Hazırda “Neftci”də milliyə namizəd futbolçu yoxdur”, – sözlərini deməkdədir. Elə 3-4 gün öncə o, jurnalistlərə yenə xatırladıb: “Bəli, Malta ilə oyuna bu klubdan heç kimi çağırmamışdım. İddia eləmirəm ki, düz eləmişəm. Amma həmin vaxt dediyim sözün üstündə dururam: bu gün “Neftçi”də millidə oynamağa layiq futbolçu yoxdur. Kim milliyə layiq olduğunu sübut etsə dəvət alacaq”.

Bəli, Robert Prosineçki kişi kimi öz sözünün üstündə durmaqdadır. Amma mənə elə gəlir ki, bu məsələdə kişi sözü verən təkcə Prosineçki deyil. Yəni bu məsələdə “Neftçi”nin oyunçularının da əli var. Görünür, onlar “Neftçi”də bir əməlli-başlı oyun göstərib nələrə qadir olduqlarını ortaya qoymayacaqları ilə bağlı söz veriblər. Bununla da çox çox güman ki, baş məşqçiləri Arif Əsədova torba tikmək niyyətindədirlər. Hər halda mən belə düşünürəm.

Yeri gəlmişkən, mənim bir dostum var. Onun “Neftçi”nin sürətinin, nizam-intizamının aşağı düşməsinə münasibəti tamamilə başqadır. O deyir ki, siz bilmirəm, mən bir şeyi müşahidə etmişəm, neftin qiyməti düşəndə “Neftçi”nin də sürəti aşağı düşür. Bilmirəm, onun bu fikrində həqiqət var, ya yox… Hər halda yoxlamağa dəyər.

Bilmirəm, bu yazım alındı, ya yox. Alınmadısa deməli, hamı kənara çəkilmədi, yəni kadrda Prosineçki və “Neftçi”dən savayı qalanlar oldu. Bu isə mənim günahım deyil. Axı xəbərdarlıq etmişdim…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here