Məşhur müsəlman futbolçusu: Rinat Dasayev

0
488

Onun adı bir vaxtlar SSRİ-nin ən güclü qapıçılarından birş kimi çəkilirdi, hətta onu əfasnəvi qapıçı Lev Yaşinlə müqayisə edir, haqqında: “Bu ki, ikinci Yaşindir, Yaşinin əsl varisidir”,-deyirdilər. Bu da əsassız deyildi. Lev İvanoviç Yaşin özü də hələ sağlığında ikən Rinat Dasayevi özünün ən layiqli varisi adlandıraraq: “Mən Rinat Dasayevə inanıram. Onun oyun manerası çox xoşuma gəlir. O qətiyyətli, qapı ağzında təhlükəli vəziyyət əmələ gələn zaman düzgün qərar qəbul edən və bununla da qapısının toxunulmazlığını qoruyub saxlamağı bacaran qapıçıdır. O özünü istənilən an ələ almağı bacaran və bununla da özü ə hörmət etdirməyi bacaran ləyaqətli oyunçulardandır. O yaradıcı, düşünün qapıçılardandır və belələrinə günümizdə az-az rast gəlmək olur”,-deyə məşhur müsəlman qapıçını tərifləmişdi.

Həqiqətən də Yaşindən sonra Rinat Dasayev SSRİ-nin ikinci ən böyk qapıçısı oldu. Onun qapıçılıq ustalığı dünyanın məşhur futbol mütəxəssislərinin də diqqətini cəlb etmişdi. Hətta SSRİ dönəmində xaricin məşhur futbol klublarının onu öz heyətləriniə dəvət etdikləri və onun transferi üçün milyonlarla dollar xərcləməyə hazır olduqları barədə şayiələr də dolaşırdı. Bu şayiələrin nə qədər həqiqətə uyğun olduğunu söyləmək çətin olsa da, onun qapıçılıq istedadı sözün əsl mənasında milyonlarla futbol azarkeşini özünə heyran etmişdi. Yenə də qeyd edək ki, Dasayevə öz komandasında oynamaq təklifi bir çox komandalardan gəlsə də o dövrdə xaricdə sovet adamının pulla futbol oynamasını az qala dövlətə xəyanət kimi qəbul edirdilər. Buna baxmayaraq 1988-ci ildə SSRİ Futbol Fedrasiyası Dasayevə xaricdə oynamağa icazqə verdi. Dasayev 1988-ci ildə 2 milyon dollara İspaniyanın “Seviliya” komandasına transfer oldu. O bununla da SSRİ-də xaricdə oynayan ilk qapıçı oldu. Bir sözlə o anadangəlmə futbolçu istedadına malik idi və bununla fəxr edirdi.

Yenə də burada bir amilin üstündən sükutla keçmək olmur. Belə ki, Rinat Dasayev SSRİ yığma komandasının tərkibində 3 dəfə, 1982, 1986 və 1990-cı illərdə dünya çempionatında iştirak etmişdi. O 1980-cı ildə Moskvada keçirilən yay olimpiya oyunlarının bürünc,1988-ci ildə keçirilən Avropa çempionatının isə gümüş mükafatçısı olmuşdu. 1988-ci ildə isə Dasayev dünyanın ən məşhur qapıçısı adın alayiq görülmüşdü. O Lev Yaşindən sonra dünyanın ən yaxşı qapıçısı adını alan ikinci SSRİ futbolçusu oldu.

Uşaqlıq illəri

Rinat Dasayev 1957-ci il iyun ayının 13-də Bir vaxtlar Qazaxıstan türklərinin- qazaxların və türk dünyasının ana şəhərlərindən biri olan Həştərxanda ( Hacı Tarxan) sadə tatar türkünün ailəsində anadan olub. Uşaq yaşlarında üzgüçülüklə məşğul olurdu. O hətta uşaqlar arasında keçirilən üzgüçülük yarışlarında belə iştirak etmişdi. Lakin əlində əmələ gələn zədə nəticəsində o, sonra üzgücülülk yarışlarında iştirak edə bilmədi. Əvəzində balaca Rinat o dövrün bütün oğlan uşaqları kimi meylini futbola saldı. 9 yaşı olanda Rinatı Həştərxanın “Volqar” futbol klubunun futbol məktəbinə dəvət etdilər. Rinatın futbolda ilk məşqçisi tanınmış yerli futbol mütəxəssisi Herald Blednıx oldu. Əvvəlcə Rinat Dasayev hücum xəttində oynayırdı. Amma bu mövqedə o zəif təsir bağışlayırdı. Onun bu baxımdan qapıçı olması da sırf bir təsadüf nəticəsində baş verdi. Bununla bağlı sonralar Rinat Dasayev demişdi: “Bir dəfə qışda məşqə 20 dəqiqə qalmış stadiona gəldim. Nə edəcəyimi bilmədiyimdən nə üçünsə qapıda dayandım və komanda yoldaşımın vurduğu topu tutmağa çalışdım. Məşqçim bunu görüb mənə:”Gəl, səni bu gün qapıda sınayaq. Bəlkə nə isə alındı”,-dedi. Mən onun sözünə baxdım və oyun ərzində qapıda dayandım, deyəsən pis alınmadı. Bununla da mənim qapıçılıq fəaliyyətim başladı”,-demişdi. Sonralar o qapıçı kimi uşaqlar arasında keçirilən çoxsaylı yarışlarda iştirak etdi və dəfələrlə ən yaxşı qapıçı kimi tərifləndi. 1973-cü ildə Novorirssiyskdə keçirilən zonalararası seçmə futbol yarışlarında Rinat Dasayev turnirin ən yaxşı qapıçısı elan edildi. 1975-ci ildə Rinat Dasayev Həştərxanın “Volqar” futbol klubunun əsas heyətində oynamağa başladı. O bu komandanın tərkibində ilk oyununa 1975-ci il avqust ayının 5-də rəqib meydanında Qroznınn “Terek” komandası ilə oyunda çıxdı. Həmin vaxt “Terek” zonanın güclü komandası hesab edilirdi. Meydan sahibləri Dasayevin qoruduğu qapıdan iki top keçirsələr də, o dəfələrlə komandasını qol yağışından xilas etdi. Əgər Dasayevin əvəzinə o vaxt qapıda başqası dayansaydı, onda “Terek” “Volqar”ı ən azı 5-6 top fərqi ilə məğlub edəcəkdi. “Dinamo” ilə keçirilən sonrakı oyunda Dasayev zədə aldı və bir müddət yaşıl meydandan uzaqda qaldı. Bununla belə 1976-cı ildən başlayaraq Dasayev “Volqar”ın əsas heyətində 26 dəfə meydana çıxaraq bu komandanın əsas qapıçılarından birinə çevrildi. 1977-ci ildə isə Dasayev “Volqar”ın oynadığı 31 oyundan 30-da əsas heyətdə qapını qorudu.

“Volqar”dan Moskvanın “Spartak” komandasına

Rinat Dasayevin qapıda olduqca böyük ustalıqla dayanması və əla reaksiya göstərməsi həmin dövrdə Moskvanın “Spartak” komandasının baş məşqçilərinin dqqətini özünə cəlb etmişdi. Ona görə də Dasayevi “Spartak” komandasına dəvət etdilər. 1977-ci il sentyabr ayının 11-də Dasayev doğma “Volqar” komandasının heyətində sonuncu dəfə meydana çıxdı. Bunun ardınca “Spartak”ın təklifini qəbul edərək o Moskvaya yollandı. Onu “Spartak”komandasına əslində “Volqar” komandasının baş məşqçisi Fyodor Novikov təklif etmiş və Dasayevdən məşhur qapşı olacağı barədə onları məlumatlandırmışdı. “Spartak” komandasında Dasayev əsas heyətə düşmək uğrunda təcrübəli qapıçı Aleksandr Proxorovla rəqabət aparmalı oldu. Bununla belə Moskvada Dasayevə bir müddət qapını etibar etmədilər. Proxorov əsas qapıçı kimi komandada öz yerini möhkəm qoruyurdu. Lakin tale Dasayevin üzünə güldü. İlk dəfə “Spartak”ın heyətində Dasayev oyuna Voroşilovqraddda ( Luqansk) yerli “Zarya” ilə oyunda meydana çıxdı. Bu oyunda Dasayev qapısından qol buraxmadı. Sonra o bu dəfə Moskvanın “Lokomotiv” komandası ilə oyunda əsas heyətdə meydana çıxdı. Bu dəfə Dasayev qapsının toxunulmazlığını qoruyub saxlaya bildi. “Spartak” da Dasayev özünəməxsus oyun üslubunu formalaşdırdı. Sonralar məşhur müsəlman futbolçu bu barədə belə demişdi: “Mənim top uğrunda mübarizədə çıxışlarım əla alınırdı. Konstantin Beskov, komandamızın baş məşqçisi mənə deyirdi ki, topu ayağınla oyuna daxil etmə, əlinlə yoldaşlarına at. Çünki bu zaman topun komandamızda olacağı şübhə doğurmurdu. Eyni zamanda o mənə müdafiəçiləri idarə etməyi, yarımmüdafiəçilər və hücumçuları əks hücuma istiqamətləndirməyi də öyrətdi. Çünki qapıçı meydanı daha yaxşı görür və kimin harada ola biləcəyini sövq təbii ilə hiss edir. Beləliklə mənim öz oyun üslubum formalaşdı”,-demişdi.

Ümumiyyətlə Rinat Dasayevin məşhur qapıçı kimi formalaşmasında və şöhrət qazanmasında o dövrdə “Spartak” komandasının baş məşqçisi olan Konstantin Beskovun böyük xidmətləri olub. Beskovun dövründə “Spartak” dəfələrlə SSRİ çempionu olmuşdu. Lakin buna baxmayaraq Beskov o dövrün məşhur məşqçisi Valeri Lobanovskinin baş məşqçisi olduğu Kiyevin “Dinamo” komandası ilə müqayisədə “Spartak” beynəlxalq aləmdə Çempionlar kubokunda, Kuboklar Kubokunda və UEFA kubokunda uğur qazana bilmədi. Həmçinin SSRİ yığmasının və Kiyevin “Dinamo” komandasının baş məşqçisi Valeri Lobanovski və Beskovla bağlı sonralar Dasayev demişdi ki, mənim üçün ən dəyərli məşqçi Lobanovski və Beskov olub. Hansı ki, mən 11 il onun rəhbərliyi altında “Spartak”da oynamışam: “ Yaxşı qapıçı kimi formalaşmağımda Beskovla bərabər Valeri Lobanovskini da xüsusi qeyd etmək istərdim. SSRİ yığmasına təzə-təzə cəlb olunanda ondan çox şey öyrənmişəm. Bu iki məşqçinin futbol karyeramda rolu böyükdür”.

 

Dasaeyevin xarakterik xüsusiyyətlərindən biri top uğrunda mübarizədə ayaqları ilə irəli çıxması, daha dəqiq desək qapıya vurulan zərbələri ayaqları ilə dəfə etməsi idi. Ancaq onun bu xüsusiyyəti  SSRİ-nin məşhur məqşçilərinin, o cümlədən SSRİ-nin əməkdar idman ustası, yığma komandanın məşhur keçmiş qapıçılarından biri olan, sonralar isə idman jurnalistikası ilə məşğul olan Vladimir Maslaçenkonun xoşuna gəlmirdi. Təcrübəli qapıçı belə hesab edirdi ki, qapıçı top uğrunda mübarizədə daha çox əllərini işə salmalı, hücumçunun ayaqları altından topu almaq üçün əlləri ilə onun ayaqları altına atılmalıdır. Dasaeyev isə buna cavab olaraq bildirmişdi ki, o topa əlləri ilə çata bilməyəcəyini hiss edəndə ayaqlarını işə salır və bu, onun çox köməyinə gəlir. Bununla belə onu bu xarakterinə görə Maslaçenko müntəzəm olaraq tənqid edirdi. Lakin  Dasayevdə anadangəlmə qapıçılıq istedadı vardı və ən təhlükəli hallarda qol olacağı artıq şübhə doğurmayacağı vəziyyətlərdə belə ayaqlarını işə salaraq qapısının toxunulmazlığını qoruyub saxlaya bilirdi. Bu da Dasayevin özünəməxsus qapıçılıq istedadından təhlükəni vaxtında hiss edərək onu aradan qaldırmaq bacarığından irəli gəlirdi. 1979-1988-ci illərdə Rinat Dasayev Moskva “Spartak”ının qapısının qorudu. 1979-cu ildən 1990-cı ilə kimi isə Dasayev SSRİ yığmasının qapısında dayandı.

Zirvə uğurları

Rinat Dasayev “Spartak” komandasının heyətində iki dəfə SSRİ çempionu oldu. 1980-1981,1983, 1984, 1985-ci illərdə isə Dasayev “Spartak” komandasının heyətində SSRİ birinciliyinin gümüş medalçısı oldu.  1982, 1986-cı illərdə isə Dasayev SSRİ çempionatının  bürünc mükafatını qazanıb. Rinat Dasayev 1980-cı ildə Moskvada keçirilən Olimpiya oyunlarında SSRİ-nin futbol üzrə Olimpiya komandasınının tərkibində bürünc mükafata sahib oldu. 1988-ci ildə isə Dasayev SSRİ yığması ilə birlikdə Avropa çempionatının gümüş mükafatını qazandı. Rinat Dasayev SSRİ yığmasının tərkibində 1982,1986 və 1990-cı illərdə keçirilən futbol üzrə dünya çempionatında iştirak edib. Karyerası boyunca Dasayev SSRİ yığmasının tərkibində 91 dəfə oyuna çıxıb. O bununla da SSRİ-nin yığmasında rekord səviyyədə çıxış edən qapıçı olub. Onun bu rekordu bu günə kimi dəyişilməyib. 1982-ci ildə Dasayev “ Futbol-xokkey” həftəliyinin keçirdiyi sorğu nəticəsində ən yaxşı qapıçı elan edilib. 1988-ci ildə isə Dasayev  dünyanın məşhur futbol nəşrləri tərəfindən keçirilən sorğuda dünyanın ən yaxşı qapıçısı elan edildi. Bundan əlavə Dasayev “Oqonyok” jurnalı tərəfindən 1980, 1982, 1983, 1985, 1987 və 1988-ci illərdə ən yaxşı qapıçı elan edildi. 1979,1980, 1981, 1982, 1983, 1985, 1986, 1987, 1988-ci illərdə 9 dəfə SSRİ-nin 33 ən yaxşı futbolçusunun siyahısına başçılıq edib. Dasayev yalnız 1984-cü ildə birinci yer uğrunda mübarizəni “Zenit” komandasını qapıçısı  Mixail Biryukova uduzdu.

“Spartak”dan “Seviliya”ya

Rinat Dasayevin qapıçılıq istedadı qeyd etdiyimiz kimi xarici ölkələrin tanınmış komandalarınında diqqətini cəlb etmişdi. Amma o dövrdə SSRİ-də tanınmış futbolçuların xaricdə oynamasına pis baxdıqlarından Dasayevin xarici futbol komandalarından birinə transferi baş tutmadı. Sonralar o günləri xatırlayarkən Dasayev belə demişdi: “Bizim yeganə problemimiz o idi ki, xarici klublarda oynaya bilmirik. Bircə onu başa düşün ki, biz SSRİ-də boya-başa çatmışdıq və bu imperiyanın idmançıları hesab olunurduq. Ona görə də uzun müddət SSRİ çempionatında çıxış etmək bizim tərəfimizdən normal qəbul olunurdu”.

Bununla belə ötən əsrin 80-ci illərində Qorbaçovun hakimiyyətə gəlməsindən sonra  xarici siyasətdə özünü göstərən yumşalma və ölkə daxilində həyata keçirilən yenidənqurma dalğaları futbolçuların xarici klublarda oynmasına icazə verilməsi ilə müşahidə olunmağa başladı. Bu müstəvidə də İspaniyanın köklü klublarından biri olan “Seviliya” komandası tərəfindən Rinat Dasayevin transferi məsələsi gündəmə gətirldi. 1988-ci ilin noyabr ayında Dasayev o dövr üçün böyük məbləğ hesab edilən 2 milyon dollara “Seviliya” klubuna transfer edildi. Bu, SSRİ futbolu tarixində xarici fubol komandasına ilk kommersiya məqsədli transfer idi.  Transferdən əvvəl “Spartak” komandası ilə “Seviliya” arasında yoldaşlıq matçı keçirildi. “Spartak”ın 2-1 hesabı ilə qalib gəldiyi bu oyunun birinci hissəsində Dasayev doğma komandasının, ikinci hissədə isə “Seviliya”nın qapısını qorudu.

Amma sovet düşüncə tərzi əsasında tərbiyə edilən Dasayevin İspaniyann “Seviliya” komandasına adaptasiyası heç də asan başa gəlmədi. Belə ki, “Seviliya”ya transfer edilməsindən az sonra Dasayev başa düşdü ki, səhv edib.

Bu barədə o “Seviliya”nın rəhbərliyinə də öz fikrini çatdırdı. Amma klub rəhbərliyi onu komandada qalmağa razı sala bildi. Dasayev o günləri belə xatırlayır: “Sevilya”nın formasını geyindiyim vaxt 31 yaşım olsa da, özümü aciz yeniyetmə kimi hiss edirdim. Nəyə ehtiyacımın olduğunu heç kimə deyə bilmirdim. Meydançada da analoji problemlə üzləşirdim. İspan dilini bilmədiyim üçün mənə elə gəlirdi ki, komandada artıq adamam. Nəhayət, müəyyən müddətdən sonra dil öyrənmək üçün kursa getməyə başladım”.

Dasayev komandaya az çox xeyir versə də özünün əvvəlki yaxşı oyunlarını göstərə bilmirdi. Dasayev yeni komandası ilə İspaniya çempionu ola bilmədi Əvəzində o yeni komandası ilə birlikdə UEFA kubokunda oynamaq şansı əldə etdi. 1989-cu ildə oyunlardan birində Dasayev zədə aldı və əməliyyat olunmalı oldu. Onun komandada olmadığı müddətdə qapını gənc Xuan Karlos Unsueyə tapşırdılar. Unsue özünü yaxşı qapıçı kimi göstərə bildi. Ona görə də sağalandan sonra Dasayevə əsas heyətdə oynamağa az-az şans verdilər.  Klub rəhbərliyi Dasayevə Braziliyaya getməyi təklif etdi. O isə bunu rədd etdi. Onda Dasayev artıq anlamğa başlamışdı ki, o artıq “Seviliya”ya lazım deyil və buradan getmək, futbol karyerasını  başa çatdırmağın vaxtı artıq çatıb. Bu arada o “Seviliya”nın ikinci komandasında məşqçi işlədi. Sonra o əsas komandada qapıçılarla iş üzrə məşqçi funksiyasını həyata keçirməyə başladı. Həmin dövrdə “Seviliya”ya sonralar İspaniya yığma komandasına rəhbərlik edəcək məşhur məşqçi Luis Araqones rəhbərlik edirdi. Onunla Dasayev arasında gözəl münasibətlər əmələ gəlmişdi.

Məşqçilik fəaliyyəti

Bu arada isə “Seviliya” rəhbərliyində baş məşqçi  dəyişikliyi baş verdi. Komandanın yeni baş məşqçisi portuqaliyalı Toni Oliveyra Dasayevi ümumiyyətlə komandada görmək istəmədiyini bildirdi. Nəticədə “Seviliya”nı tərk etməyə məcbur olan Dasayev bir müddət İspaniyanın ikinci divizionunda oynayan yerli komandalardan birində baş məşqçi işləməyə başladı. O özü ilə bu komandaya “Seviliya”da yaxşı münasibətdə olduğu bir neçə oyunçunu da gətirdi. Ancaq bir müddət sonra komanda rəhbərliyi Dasayevdən yalnız yerli futbolçuları oynatmasını tələb etdi. Yerli oyunçularla uğur qazana bilməyəcəyini görən Dasayev baş məşqçi postundan istefa verməyə məcbur oldu. O evə, doğma vətənə qayıtmaq istəyirdi. Həmin dövrdə SSRİ dağılmaq ərəfəsində idi və imperiyanın daxilində qanlı hadisələr baş verirdi. Belə mürəkkkəb dövrdə nə edəcəyini bilməyən Dasayev vətənə zəng edərək doğmalarının fikrini bilmək istədi. Ona indiki vəziyyətdə SSRİ-yə qayıtmağı məsləhət görmədilər. Bununla bağlı Rinat Dasayev deyir:

”Sovet imperiyası süqut edəndə İspaniyada yaşayırdım. Ona görə də SSRİ-nin dağılmasının canlı şahidi olmamışam. Xoşbəxtlikdən hadisələri kənardan izləyirdim. Daha doğrusu, ailəm və dostlarım vasitəsilə nələrin baş verdiyini öyrənirdim. Həmin anda dostlarım mənə “İspaniyada qal, buraya qayıtma” deyirdilər. Ailəm kimi dostlarım da məni yeni dövlətin acı reallıqlarından uzaq saxlamaq istəyirdilər. 10 illik İspaniya həyatından sonra vətənə qayıtdıqda gözlərimə inanmadım. Hər şey dəyişilmişdi, hətta dilimiz də fərqli olmuşdu”.

Nəticədə Dasayev İspaniyada qalmalı oldu.

O əvvəlcə İspaniyada nə işlə məşğul olacağını bilmədi. SSRİ-yə qayıtmaq da onun üçün çətin idi. O gedəndə SSRİ-də sakitlik idi. İndi isə hər gün vətəndən həyəcanlı xəbərlər alırdı. Belə bir vəziyyətdə o bekar qalmamaq üçün bizneslə məşğul olmağı qərara aldı. Bu məqsədlə də idman malları satan şəxsi mağasasını açdı. Ancaq qısa müddət sonra anladı ki, bu sahədə təcrübəsizdir və qazanc əldə edə bilməyəcək. Ona görə də yenidən uşaq futbol məktəbində uşaqlara futbol dərsi keçməyə başladı.

Rinat Dasayevin İspaniya həyatı ilə bağlı sirr kimi qalan və bu gündə belə açılmayan bəzi müəmmalar var. Bu da məşhur futbolçunun İspaniyada belə demək mümkünsə səssiz- səmirsiz “yoxa” çıxması, daha dəqiq desək heç kimlə əlaqə saxlmaması ilə bağlı idi. O dövrdə Dasayevin gözlənilmədən vətənlə əlaqələrini kəsməsi və mətbuat işçilərindən qaçması anlaşılmaz idi. Bir müddət məşhur futbolçu keçmiş SSRİ-nin varisi olan Rusiyanın idman jurnalistləri ilə əlaqə qurmadı və onlara müsahibə vermədi. Əslində həmin dövrdə  baş verən hadisələr Dasayevin vətəndə də yaddan çıxmasına gətirib çıxarmışdı. Dasayev vətənlə,  doğmaları ilə əlaqə saxlasa da onun yerini, İspaniyanın hansı şəhərində yaşadığını doğma qardaşı belə bimirdi. Nə üçün Dasayev o dövrdə hamıdan gizlənirdi, niyə  ünsiyyətdən qaçırdı? Bu suallara birmənalı cavab vermək heç də asan deyil. Bəlkə məşhur futbolçu İspaniyada ciddi uğurlara əl ata bilməməsindən utanır, xəcalət çəkirdi, bunu söyləmək çətindir. Amma ortada olan bir açı həqiqət var idi: Bu da Rinat Dasayevin  özünə vətən tərəfindən unudulmasını bağışlaya bilməməsi idi. Dasayev bununla bağlı xeyli sonralar demişdi: “Mən SSRİ yığma komandasında sona kimi borcumu vicdanla yerinə yetirdim. Heç vaxt vəzifə, pul davası etmədim. Amma sonralar sanki yoxa çıxdım, mənə elə gəldi ki, ümumiyyətlə futbolda heç bir xidmətim olmayıb. İspanida bunu daha dərindən hiss elədim”.

Dasayev əslində bununla da futbolda göstərdiyi xidmətlərinin vətəndə tez unudulduğuna dolayısı ilə işarə vurmuşdu. Həqiqətən də Dasayevin SSRİ yığması qarşısında xidmətləri çox olmuşdu. O, 80-ci illərdə nəinki SSRİ, həm  də dünyada ən məşhur qapıçılardan biri idi. O dəfələrlə ən yaxşı qapıçı adına layiq görülmüşdü, ən yüksək mükafatlara layiq görülmüşdü. Ancaq futbolu tərk edən kimi unudulmuşdu. Sanki onun SSRİ-də futbol qarşısında heç bir xidmətləri olmamışdı. Təbii ki, bir vaxtlar  şöhrət zirvəsində olan bir futbolçu üçün unudulduğunu dərk etmək çox ağır idi.   Həqiqətən də bu dünyada şöhrət zirvəsindən enəndən sonra unudulmaqdan ağır bir  dərd ola bilməz.  Bunu şöhrət zirvəsindən enənlər dəfələrlə etiraf edib, unudulduqlarını uzun müddət onları əhatə edən cəmiyyətə bağışlaya, həzm edə bilməyiblər. Ola bilsin ki, Dasayevin də faciəsi hamıdan qaçaraq İspaniyada tənhalığa çəkilməsi də bu amillə bağlı idi.

 

Rinat Dasayev axtarılır…

Ötən əsrin 90-cı illərinin sonlarında Rusiya futbolunun böhranlı günlərini yaşaması bir vaxtlar SSRİ yığmasının tərkibində gözəl oyunu ilə diqqəti cəlb edən futbolçuların yenidən xatırlanmasına gətirib çıxardı.  Rusiya futboluna rəhbərlik edənlər o dövrdə keçmişin bir çox məşhur futbolçuları, o cümlədən Dasayevlə maraqlanmağa, onlardan Rusiya futbolunun böhranlı vəziyyətdən necə çıxarılması üçün məsləhət almaq qərarına gəldilər. Həmin dövrdə Rusiya futblunu idarə edənlər, o cümlədən tanınmış idman jurnalistləri belə Dasayevin yerini bilmirdilər. İlk dəfə  Rinat Dasayevin yerini axtarıb tapmaq üçün cəhdə “Komsomolskaya Pravda” qəzetinin əməkdaşı  Sergey Yemelyanov tərəfindən vuruldu. O, ötən əsrin 90-cı illərinin sonlarında təmsil etdiyi qəzetə müsahibə almaq üçün Rinat Dasayevin axtarışına çıxdı. Yemelyanov bu məqsədlə Həşətərxana məşhur futbolçunun ailəsinə zəng vuraraq onun telefon nömrəsini istədi. Yemelyanovun  Dasayevin doğma qardaşı Rafiqlə telefon danışığı zamanı məlum oldu ki,  məşhur futbolçunun İspaniyanın harasında yaşamasından onun da xəbəri yoxdur. Rafiq Dasayev Yemelyanova: “ Ailəmiz onunla ancaq telefon vasitəsi ilə əlaqəə saxlayır. Rinatın İspaniyada olduğunu bilirik, ancaq onun dəqiq ünvanı bizə məlum deyil. O uzun illərdir vətənə gəlmir, buna vaxtının olmadığı, işinin çoxluğu ilə haqq qazandırır”,-demişdi.

Rinat Dasayevin doğmaca qardaşından belə cavab gözləməyən Yemelyanov öz növbəsində şoka düşmüşdü. Bir zamanla SSRİ-nin və dünya futbolunun ən məşhur qapıçılarından biri olan Rinat Dasayevin birdən-birə az qala hamıdan üz döndərməsi həqiqətən də ağır idi. Yemelyanov uzun müddət Dasayevi axtardı. Onun yerini bilən yox idi, məşhur futbolçu tanımadığı adamların  telefon zənglərinə isə adəti üzrə cavab vermiridi. Amma Yemelyanov inadla Dasayevin axtarışlarını davam etdirirdi. Sonda o təsadüfən məşhur basketbolçu Hose Biryukovla Dasayev arasında dostluq münasibətlərinin olduğunu və onların bir neçə dəfə İspaniyada bir yerdə olduqlarını öyrəndi. Yemelyanov dərhal  Hose Biryukovla əlaqə saxalayaraq ondan Dasayev barədə məlumat istədi. Yeri gəlmişkən qeyd edək ki,  Hose Biryukovun anası  Klara Aqirreqaviriya 1937-ci ildə İspaniyanın Bask əyalətindən SSRİ-yə gətirilən yetim uşaqlardan idi.  Klara SSRİ-də böyüyüb boya başa çatmış və Aleksandr Biryukov ad və soyadlı rusa ərə getmişdi.  Hose də bu izdivacdan  dünyaya gəlmişdi. Hose gənc yaşlarından məşhur basketbolçu kimi şöhrət qazanmış, 1980-1882-ci illərdə OMİK komandasının gənclərdən ibarət komandasında, sonra da “Dinamo” komandasında oynamışdı. Həmin dövrdə Hose Biryukov SSRİ-nin gənclərdən ibarət yığma komandasının heyətində  Avropa çempionatının qalibi olmuşdu.  Hose Biryukov həmçinin SSRİ-nin əsas yığma komandasında 22 oyunda meydana çıxımışdı. Onun ana tərəfindən ispan olduğunu bilən ispanlar məşhur basketbol ulduzunu Madridin “Real” komandasında oynamağa dəvət etdilər. Hose bu təklifi qəbul edərək İspaniyaya getdiyi üçün onu SSRİ beynəlxalq idman ustası fəxri adından məhrum etmiş, komsomol sıralarından  qovmuşdular. Biryukov “Real”ın heyətində 11 dəfə İspaniya çemionu oldu, 4 dəfə İspaniya kubokunu qazandı, basketbol üzrə  bütün avrokubokların qalibi olmuşdu. İspaniya yığmasının heyətində 57 matçda meydana çıxan Hose Biryukov ötən əsin 80-cı illərinin sonları, 90-cı illərinin əvvəllərində Avropanın ən məşhur basketbolçusu kimi şöhrət qazanmışdı.  Biryukov məşhur futboçu Rinat Dasayevlə hələ SSRİ-də olduğu vaxtdan tanış idi və onlar arasında dostluq münasibətləri  yaranmışdı. Dasayev İspaniyada olanda onlar yenidən bir araya gəlmişdilər. Hose Biryukov Yemelyanova Dasayevlə görüşməkdə yardım elədi. Dasayevlə görüşdə Yemelyanov onu doğma vətənə qayıtmağa razı sala bildi. Əslində Yemelyanova Dasayevin axtarılaraq tapılması barədə göstərişin o dövrdə Rusiya Futbol Federasiyası tərəfindən verildiyi ehtimal edilir. Çünki Dasayevin tapılmasında və vətənə qaytarılmasında məhz onlar daha çox maraqlı idilər.

 

Yenidən doğma “Spartak”da

1998-ci ilin yayında   İspaniyadan Rusiyaya qayıdan Dasayevi “Spartak” komandasında qapıçılarla iş üzrə məşqçi vəzifəsinə dəvət etdilər. Eyni zamanda Dasayev 1986-cı ildə anadan olan futbolçulardan ibarət Moskva yığma komandasının məşqçisi işləməyə başladı. Bu komanda Dasayevin rəhbərliyi altında müxtəlif yarışlarda fəxri, mükafata layiq yerlər tutdu. 1998-ci il sentyabr ayının 23-də Moskvada Dasayevlə vida matçı keçirildi. Əslndə bu çox gecikmiş  tədbir idi. Çünki Dasayev futbolu hələ İspaniyada olarakən 1992-ci ildə buraxmşdı. Amma vida görüşünü təşkil edənlər Dasayein vətəndən incik olmasını aradan qaldırmaq, onun könlünü almaq istəyirdilər. Vida oyunu SSRİ veteranlardan ibarət yığma komandası ilə Rusiya yığma komandası arasında keçirildi. Bu görüşdə veteran futbolçular 3: 1 hesabı ilə Rusiya yığma komandasına məğlub oldular.

Dasayev “Spartak” komandasının veteranlardan ibarət komandasının heyətində 80-dən artıq oyunda meydana çıxdı. Amma vətənə qayıdandan bir il sonra o səhv etdiyini başa düşərək “Spartak” komandasını tərk etmək qərarına gəldi. Belə ki, keçmiş komandası ona verdiyi vədləri yerinə yetirmirdi.

Rinat Dasayev Moskvanın “ Spartak komandasını tərk etdikdən sonra da idmandan ayrılmadı. O, 2000-ci ildə “Formula-avtosport” assossiasiyasının prezidenti təyin edildi. Bu assosiasiyanın vəzifəsi avtomobil yarışlarının təşkili idi. Amma Rinat Dasayev futboldan da ayrılmaq niyyətində deyildi. 2003-cü ildə Dasayev Futbol akademiyası və qapıçılıq incəliklər” adlı qurumun əsasını qoyaraq ona rəhbərlik etməyə başladı. Həmil ildə Georgi Yartsev  Rusiya yığma komandasının baş məşqçisi təyin edildi. O, Rinat Dasayev özünə qapıçılarla iş üzrə köməkçi götürdü. 2005-ci ilə kimi Dasayev  Rusiya yığma komandasında bu vəzifəni həyata keçirdi. Lakin uğursuzluq səbəbindən Yartsev yığma komandanın baş məşqçisi vəzifəsindən azad edildi. Bundan sonra Rinat Dasayev də onunla yığma komandanı tərk etməyə məcbur oldu. 2008-ci ildə Dasayev Moskvada keçirilən Çempionar liqasının final oyunu üzərə UEFA-nın səfiri oldu. 2007-2008-ci illərdə Dasyev Moskvanın “Torpedo” komandasının məşqçilərindən biri oldu.

 

SSRİ yığmasında karyerası

Rinat Dasayev 1979-cu ildə SSRİ-nin əsas yığma komandasına dəvət edildi. O, yığma komandanın heyətində ilk oyununa 1979-cu il sentyabr ayının 5-də Almaniya Demokratik Respublikası ilə oyunda çıxdı. Ancaq oyun onun üçün yaxşı bitmədi. Bu oyunda SSRİ 0:1 hesabı ilə məğlub oldu. O, SSRİ yığmasının heyətində meydana sonuncu 91-ci oyunda çıxanda da uğursuzluğa dükar oldu. Belə ki SSRİ yığması 1990-cı il iyun ayının 9-da Rumıniya yığmasına 0:2 hesabı ilə məğlub oldu. Rinat Dasayev 1982, 1986, 1990-cı illərdə SSRİ yığmasının heyətində çıxış edib. Bundan əlavə Dasayev Moskvada keçirilən Olimpiya oyunlarında olimpiya yığmasının heyətində 6 oyun keçirib. Rinat Dasayev məşhur hücumçu Oleq Bloxindən sonra SSRİ yığma komandasının heyətində ən çox meydana çıxan (91 oyun) oyunçudur.

 

Ailə həyatı

Rinat Dasayevin ailə həyatı da özünəmxsu olub. O iki dəfə evlənib. İlk dəfə 1985-ci ildə 28 yaşında ikən Dasayev tanınmış gimnast qadın Nelli Haasla ailə həyatı qurub. Amma İspaniyaya gedəndən sonra həyat yoldaşından ayrılıb.

Keçmiş həyat yoldaşı Saraqosda gimnastika məktəbi açaraq uşaqlarını da ora aparıb. Dasayevin birinci həyat yoldaşından olan qızı

Elmira gimnastika üzrə İspaniya çempionudur. Kiçik qızı Krsitina isə başqa ixtisas seçib.  1994-cü ildə Dasayev yerli ispan qadın Mariya del Marla tanış olub və onunla mülki nikahda yaşayıb. 2002-ci ildə isə onunla rəsmi nikaha girib. İkinci həyat yoldaşından Betaris və Aliyə adlı qızı və səlim adlı oğlu var.

 

Xeyriyyəçi qapıçı

Rinat Dasayev həm də xeyriyəçilik fəaliyyəti ilə məşğuldur. Belə ki, Moskvanın Rinat Dasayev xeyriyyə konsert-marafonu təşkil edən Həştərxan müsəlmanlarını dəstəkləmişdir. Tədbirdən toplanan maliyyə vəsaiti vilayət mərkəzindəki tarixi Ağ məscidin bərpası üçün xüsusi olaraq açılan fonda köçürülüb.

Dasayev bununla bağlı mətbuata verdiyi açıqlamada deyib: “Həştərxanın müsəlman tatarlarının xeyriyyə konsertləri təşkil etməsi soydaşlarımın vətənpərvərlik ruhundan, müsəlmanların savab iş görməyə daim hazır olmasından xəbər verir”.

Moskva “Spartak”ının və SSRİ yığmasının “qızıl heyəti”nin qapıçısı, 1988-ci il Avropa çempionatının gümüş mükafatçısı və dünyanın ən yaxşı qapıçılarından biri, FİFA-nın versiyası üzrə XX əsrin ən yaxşı qapıçısı olan Dasayev hər bir müsəlmanı bu nəcib işin təşkilatçılarını dəstəkləməyə çağırıb.

Unudulmaz xatirələr

Rinat Dasayev keçmiş günlərini özünəməxsus şəkildə xatırlayır. O bununla bağlı mətbuata verdiyi müsahiblərindən birində maraqlı fikirlər söyləyib.

Jurnalistin karyeranız ərzində sizin üçün ən unudulmaz oyun hansı olub? sualına cavabında Rinat Dasayev: “Mənim üçün ən unudulmaz matç 1982-ci ildə İspaniyada baş tutan dünya çempionatında Braziliyaya qarşı keçirdiyimiz oyundur (1:2). Bu, mənim mundialda debütüm və bizim qrup mərhələsində ilk görüşümüz idi. Boş vaxt tapan kimi yenə həmin oyunun videoyazısına baxıram və düşünürəm ki, buraxdığım hər iki qolda topu tutmağa yox, qaytarmağa cəhd göstərsəydim, qol buraxmazdım. Bir də Avro 1988-in qrup mərhələsində Hollandiya üzərində 1:0 hesablı qələbə qazandığımız oyunu unuda bilmirəm”.

Dasayev qoruduğu qapıya ən yaxşı qolu isə Marko van Bastenin vurduğunu söyləyib. Onun sözləriən görə bu hadisə Avro-1988-ci ilin finalına təsadüf edir: “Həmin qol, sadəcə, möhtəşəm idi. Əgər sabiq “Milan”lı həmin nöqtədən min dəfə təkrar zərbə vursaydı, qol buraxmazdım. Ancaq həmin anda çarəsiz qaldım. Çünki van Bastenin zərbəsi qarşısıalınmaz idi. Artıq həmin oyundan 20 il keçib və güman edirəm ki, əksər azarkeşlər məni məhz buraxdığım o qola görə yadda saxlayıblar”.

Məşhur qapıçı SSRİ yığmasının şərəfini qoruyanda digər insanlarla müqayisədə daha rahat ömür sürdüklərini də etiraf edir. O deyir ki,  biz futbolçular tez-tez xarici ölkələrə getmək imkanı qazanırdıq və daha yaxşı yaşayırdıq. O futbolçu olduğuna görə heç vaxt təəssüflənmədiyini deyir.

Dasayevin fikrincə həmin vaxt yeganə problemləri xarici klublarda oynaya bilməmələri idi.

Məşhur qapıçı onu da deyir ki, SSRİ-də  onlar indiki rusiyalı futbolçuların qazandığı qədər pul qazanmayıblar: “Ancaq paralel olaraq Sovet imperiyasında hər şeyin qiyməti aşağı idi. Ona görə də aldığımız pul həyatdan ləzzət almaq üçün bizə bəs edirdi. Yaşayışımızdan tam razı idik. İnsanlar ev, maşın almaq üçün illərlə növbəyə dururdular. Biz isə qısa zamanda bunları əldə edirdik. SSRİ-də idman ən başlıca prioritetlərdən biri idi. Ona görə də idmançılar heç bir maliyyə və sosial problemlərlə üzləşmirdilər”.

Dasayev İspaniyada legioner həyatı yaşaması ilə bağlı deyir ki, “Sevilya”nın formasını geyindiyi vaxt 31 yaşı olsa da, özümü aciz yeniyetmə kimi hiss edib: “Nəyə ehtiyacımın olduğunu heç kimə deyə bilmirdim. Meydançada da analoji problemlə üzləşirdim. İspan dilini bilmədiyim üçün mənə elə gəlirdi ki, komandada artıq adamam. Nəhayət, müəyyən müddətdən sonra dil öyrənmək üçün kursa getməyə başladım”.

 

SSRİ dönəmi üçün nostalji…

Sovet imperiyasının süqutunu da Dasayev nostalji hissi ilə xatırlayır. O deyir ki, sovet imperiyası süqut edəndə İspaniyada yaşayırdı və nəticədə SSRİ-nin dağılmasının canlı şahidi olmayıb. O hadisələri kənardan izlədiyini və baş verən hadisələr barədə ailəsi və dostları vasitəsilə xəbər tutduğunu söyləyir: “Həmin anda dostlarım mənə “İspaniyada qal, buraya qayıtma” deyirdilər. Ailəm kimi dostlarım da məni yeni dövlətin acı reallıqlarından uzaq saxlamaq istəyirdilər. 10 illik İspaniya həyatından sonra vətənə qayıtdıqda gözlərimə inanmadım. Hər şey dəyişilmişdi, hətta dilimiz də fərqli olmuşdu”.

Müasir futbolda kimi ən güclü qapıçı hesab edirsiniz? sualına cavabında isə Dasayev “Çelsi”nin keçmiş qapıçısı Petr Çexin adını çəkib: “Mənim vaxtımda, demək olar ki, bütün yığmaların qapısını məşhur qolkiperlər qoruyurdular. İndi dövr dəyişib və bugünkü futbolu dəyərləndirməyin özü belə, çətindir. Fikrimcə, Petr Çex ən güclü qapıçıdir. O, özünəməxsus qapıçı texnikasına malikdir, oyunu yaxşı oxuyur və komandasının əks-hücumunu başlamağı bacarır. Onu da qeyd etmək lazımdır ki, Çex ciddi zədədən sonra əvvəlki formasını bərpa edə bildi. Bunun özü Çexin güclü futbolçu, xarakterli qapıçı olduğunu deməyə əsas verir.

“Real”ın keçmiş oyunçusu İker Kasilyası da pis qapıçı hesab etmədiyini söyləyən Dasayev “Real”ın qazandığı uğurlarda onun rolunun danılmaz olduğunu vurğulayır.

Rusiya futbolunda isə əvvəllər Akinfeyevə ümid bəslədiyinmi, lakin onun bu ümidləri doğrultmadığını Dasayev təəssüf hissi ilə qeyd edir:

”Uşaq komandasında, ardınca əvəzedici heyətdə oynayanda Akinfeyevə inam böyük idi. Hamı onun dünya səviyyəli qapıçı olacağını gözləyirdi. Artıq onu deyə bilərəm ki, ümidləri doğrultmadı. Akinfeyev həlledici anda inkişafdan kəsildi”.

Digər bir suala cavabında isə Dasayev karyerası ərzində bir çox məşqçilərlə birgə çalışdığını, onlardan daha çox Konstantin Beskovu və Valeri Lobanovskini  bəyəndiyini də söyləyib: “Mənim üçün ən dəyərli məşqçi Konstantin Beskov olub. Hansı ki, mən 11 il onun rəhbərliyi altında “Spartak”da oynamışam. Valeri Lobanovskini da qeyd etmək istərdim. SSRİ yığmasına təzə-təzə cəlb olunanda ondan çox şey öyrənmişəm. Bu iki məşqçinin futbolçu karyeramda rolu böyükdür”.

Əziz MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here