“Türkmənistan öz qazını Avropaya nəql etməkdə maraqlıdır”

0
302
“Caspian Energy  Club”un təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, Türkmənistan Trans-Xəzər qaz boru kəmərinin tikintisi və öz qazını Avropaya nəql etməkdə maraqlıdır. Nazirin sözlərinə görə, bu günlərdə Türkmənistanda Avropa İttifaqının təşəbbüsü ilə energetika nazirlərinin dördtərəfli görüş təşkil olunub.
“Bu görüşdən əvvəl təşkil olunan üçtərəfli görüşümüz bir nəticə verməyib. Keçən dəfə Brüsseldə təşkil olunmuş görüşdə Türkmənistan iştirak etməmişdi. Bu da tərəflər arasında soyuqluq yaratmışdı. Lakin bu dəfə baş tutan görüş Türkmənistanın fəallığı ilə baş tutub. Türkmənistan tərəfinin Xəzər və Trans-Xəzər layihələrində iştirakda maraqlı olduqlarını xüsusilə qeyd edib. Türkmənistan öz qazını Avropaya çatdırılmasında olduqca maraqlıdır. Amma bununla da bağlı bəzi məsələlər var ki, hələlik öz həllini tapmayıb”, – deyə nazir qeyd edib.

N. Əliyev vurğulayıb ki, bu fikir Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov tərəfindən də aydın səslənib: “O da bu siyasəti bəyəndiyini və bu siyasəti həyata keçirmək istədiyini vurğulayıb. Amma Trans-Xəzər boru kəmərinin kimin tərəfindən tikiləcəyi də sual altındadır. Türkmənistan tərəfi Avropaya 30 milyard ton qaz satmağa hazır olduğunu bəyan edir. Amma bu, yalnız fikir olaraq qalır. Çünki Trans-Xəzər boru kəməri hələlik yoxdur. Trans-Xəzər boru kəmərinin kimin tərəfindən tikiləcəyi və alıcısı da məlum deyil”.

 

“Türkmənistanın TANAP-da pay alması müzakirə olunmayıb”

Azərbaycanla Türkmənistanın rəsmi dairələri bu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) pay alması ilə bağlı danışıqlar aparmayıb. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev “Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən biznes forum çərçivəsində jurnalistlərə bildirib. Nazir bildirib ki, belə bir məsələ nə Azərbaycan, nə də Türkmənistan tərəfindən qaldırılmayıb. “Türkmənistanın TANAP-da iştirakının mənası yoxdur”, – deyə nazir qeyd edib.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

Qeyd edək ki, TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir. TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti – 58%, BOTAŞ – 30%, BP – 12%.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here