“Qarabağ” bütün parametrlər üzrə “İnter”dən üstündür”

0
438

 

 

Qvami Məhəbbətoğlu

Hazırda turnir cədvəlində 59 xalla ikinci yerdə qərarlaşan (birinci pillədə olan “Qarabağ”ın 65 xalı var) “İnter” komandası növbəti turlarda “Qəbələ”, “Qarabağ” və “Bakı” ilə qarşılaşacaq. Bəs bu oyunların hər birində “İnter” fərqlənə biləcəkmi? Daha doğrusu, “İnter” cempion ola biləcəkmi?

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov qəzetimizə verdiyi açıqlamasında “Qarabağ”ın son oyunlarda xal itirəcəyinə inanmadığını bildirdi. Onun sözlərinə görə, XXXIII turda “Qarabağ”ın “Xəzər Lənkəran”la 1:1 oynaması heç də onun formada olmamasından xəbər vermir: “Qarabağ” mövsüm boyu birinci pillədədir. Belə bir komandanın çempionluq şansını əldən verəcəyinə inanmaq sadəlövhlük olardı. Mənim fikrimcə, hazırda birinci yerdə olan “Qarabağ” bütün parametrlər üzrə “İnter”dən üstündür. Bir sözlə, “Qarabağ”ın şansı əldən verəcəyinə inanmıram”.

Ağasəlim Mircavadov həmçinin üçüncü yer uğrunda mübarizə aparan “Qəbələ” ilə oyunun “İnter” üçün heç də asan keçməyəcəyini vurğuladı: “İnter”in özünün ən məhsuldar dövrünü yaşayan, ardıcıl qələbələr qazanan Roman Qriqorçukun komandasından xal ala biləcəyi də hələ sual altındadır. Bir də unutmayın ki, Premyer Liqanın XXXIV turu çərçivəsində mayın 16-da keçiriləcək “Qəbələ” – “İnter” oyunu Qəbələdə baş tutacaq. Elə bu amil də Qəbələnin üstünlüyündən xəbər verir”.

O, fikrini bu sözlərlə tamamladı: “Bir sözlə, “İnter”i iki çətin oyun gözləyir. Özü də bu oyunlar “İnter”in qarşılaşacağı komandalar üçün də böyük önəm daşıyır. Bu mənada bu oyunlarda həm  “Qarabağ”, həm də “Qəbələ” bütün imkanlarını səfərbər edəcəklər”.

 

“İnanmıram ki…”

“Neftçi” komandasının sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev bu məsələdə bəxt amilinin də müəyyən rol oynaya biləcəyini istisna etmədi: “Amma  “Qarabağ”ı istənilən anda toparlana bilən komandadır. Digər tərəfdən, inanmıram ki, “qızıl dubl”a yaxın olan, dünyanın bir çox ölkələrinin yaşıl meydançalarında öz sözünü demiş Qurban Qurbanov bu şansı əldən qaçırtsın”. Buna rəğmən o, “qızıl oyun”un baş tutmaq ehtimalının olduğunu da vurğuladı.

 

“Hər şey öz əlimizdədir”

“İnter”in futbolçusu Coşqun Diniyev çempionluq şanslarının yüksək olduğunu bildirib: “Son tura kimi mübarizə aparacağıq. Artıq hər şey öz əlimizdədir. “Qarabağ”la 6 xal fərqimiz var. Lakin biz bir oyun az keçirmişik. “Qarabağ”la oyunda hər şey həll olunacaq. Ümid edirəm ki, qələbə qazanacağıq”.

Futbolda heç nəyin mümkünsüz olmadığını vurğulayan C. Diniyevin sözlərinə görə, Azərbaycanda məğlubedilməz komanda yoxdur: “Buna görə çalışağıq ki, “Qarabağ”la oyunda bunu bir daha sübut edək. Bəli, ən önəmli oyunumuz “Qarabağ”la olacaq. Amma ilk öncə “Qəbələ”ni məğlub etməliyik. Fikrimcə, “Qəbələ” ilə oyun daha çətin olacaq”.

“Qəbələ” ilə görüşü çempionluq yolunda finala bərabər sayan “İnter”in hücumçusu Junior Nildonu da həmkarının dediklərini təsdiqləyib: “İnter”in çempion olacağına inanıram. Baxmayaraq ki, “Qarabağ”ın şansı daha çoxdur. Hər şeyə tezliklə aydınlıq gələcək. İndi kimin qalib olacağını demək düzgün olmaz. Hər şey mümkündür”.

 

Xatırlatma

Qeyd edək ki, növbəti turda “Sumqayıt”, ardınca əsas rəqibi “İnter”lə üz-üzə gələcək Qurban Qurbanovun yetirmələrinə hər iki görüşdə xal qazanmaq kifayətdir. Hətta 2 heç-heçə də əyalət klubunu qızıl medallara daşıyacaq. Belə olan halda onlar “bankirlrər”in digər oyunlarda xal itirməsini gözləməyəcək.

Bakı klubu isə “Qəbələ” ilə səfər, “Qarabağ”la ev, sonda isə Sumqayıtla eyniadlı komanda ilə qarşılaşmalarda qalib gəlməlidir. Hər 3 matçda qalib gəlsə, “İnter” ya çempion olacaq, ya da (ağdamlılar “Sumqayıt”a qalib gəlsə) “Qızıl oyun”a əsas rəqibi ilə görüşəcək.

Digər hallarda isə “Qarabağ”la “İnter” bir-birindən asılı duruma düşəcək. Hətta qızıl medalların taleyi də vaxtından əvvəl müəyyənləşə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here