“Sürücülərin ciddi təlimə ehtiyacları var”

0
251
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı: “Qaynar xətt”imizə gələn şikayətlər əsasən avtobusun bir qədər gec gəlməsi, xəttini dəyişməsi (bu hal əgər yolda tıxac varsa, baş verir), avtobusların bir-biri ilə ötüşməsi, sürücülərin zövqsüz musiqiyə yüksək səslə qulaq asmaları, siqaret çəkmələri, telefonla danışmaları ilə bağlıdır”.
Bakı şəhərinin ən yaralı yerlərindən biri də onun ictimai nəqliyyatıdır. Hamımıza məlumdur ki, həftələr sonra ölkəmizdə “Bakı 2015” Avropa Oyunları keçiriləcək. Ancaq Avropa Oyunlarının keçirilməsinə günlər qalmasına baxmayaraq, yollardakı avtobus problemi hələ də davam etməkdədir. Avtobus sürücülərinin özbaşınalığı haqqında mətbuatda hər gün yazılsa da, onlar sərnişinləri təhqir etməkdən, yol hərəkəti qaydalarını pozmaqdan çəkinmirlər. Bundan əlavə, bəzi avtobuslar hərəkət zamanı qapılarını bağlamırlar. Bu da sərnişinlərin zərər çəkməsi ilə nəticələnir. Bu məsələni Milli Məclisin sonuncu plenar iclasında millət vəkili Fəzail Ağamalı yenidən gündəmə gətirdi.  “Hər birimizin hər gün rastlaşdığı və kifayət qədər aktual məsələlərdən biri də avtobus problemidir. Dəfələrlə deyilməsinə baxmayaraq, törətmiş olduqları cinayətin miqyasının genişlənməsi ilə bağlı görülən sərt tədbirlərə baxmayaraq, hələ də Bakı şəhərində fəaliyyət göstərən avtobuslar, sözün həqiqi mənasında, avtoxuliqanlıqla məşğul olmağa davam edirlər. Hara gəldi sürürlər, harada gəldi saxlayırlar, bir-biri ilə yarışa girirlər, avtobuslarda müxtəlif xoşagəlməz musiqilər səsləndirirlər, vətəndaşlarla normal sivil münasibət qurmurlar”,-deyən F. Ağamalı bütün bu problemlərə son qoymaq üçün ciddi tədbirlərın görülməsinin vacib olduğunu bildirdi.

 “Qaynar xətt”imizə gələn şikayətlər əsasən avtobus sürücüləri ilə bağlı olur”

Mövzuya aydınlıq gətirmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əlaqə saxladıq. Suallarımıza cavab verən NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirdi ki, biz nəqliyyata aid bütün şikayətləri qəbul edir və qeydə alırıq: “Daha sonra ay ərzində toplanmış bu şikayətləri aidiyyəti qurumlara məktub şəklində göndəririk. Bir neçə müddət sonra göndərdiyimiz şikayətlərlə bağlı cavablar alırıq. Əgər bu şikayətlər avtobus sürücülərinə aiddirsə, biz onu Bakı Sərnişin Nəqliyyat MMC-yə və ya Dövlət Avtomobil Nəqliyyatı Xidməti Departamentinə göndəririk. Orada şikayətlərə baxılır, şikayət, həqiqətən, öz əksini tapırsa, sürücü cəzalandırılır, töhmət verilir və ya işdən azad edilir. “Qaynar xətt”imizə gələn şikayətlər əsasən avtobusun bir qədər gec gəlməsi, xəttini dəyişməsi (bu hal əgər yolda tıxac varsa baş verir), avtobusların bir-biri ilə ötüşməsi, sürücülərin zövqsüz musiqiyə yüksək səslə qulaq asmaları, siqaret çəkmələri, telefonla danışmaları ilə bağlı gəlir. Gələn şikayətlərin hamısı bir-bir araşdırılır. Onu da qeyd edim ki, biz 141 “qaynar xətt”i olaraq, ancaq Bakı şəhərində olan avtobus-marşrut şəbəkəsi ilə bağlı şikayətləri qəbul edirik”.

 “Nə sürücü əsəbiləşəcək, nə də sərnişin”

Hazırda sürücü-sərnişin münasibətlərinin istənilən səviyyədə olmadığını deyən Ş. Mehmanqızı əlavə etdi ki, yaxın gələcəkdə kart sistemi tamamilə istifadəyə verildikdən sonra sürücü ilə sərnişin arasında ünsiyyət olmayacaq. Nəticədə sürücünün xırda pul qaytarmaq problemi, sərnişinlə kobud rəftar etməsi, dayanacaqdan kənarda saxlaması və ya dayanacaqdan kənarda sərnişin götürməsi problemi də öz həllini tapacaq. Bu zaman nə sürücü əsəbiləşəcək, nə də sənişin. Sürücülərə maaş sistemi tətbiq olunduqdan sonra avtobuslar arasında bir-birini ötmə əməliyyatları da olmayacaq.

 “Sürücü onu bilərəkdən onu xarab edibsə, monitordakı məlumatlarda yanlışlıq yaranır”

Məlumdur ki, bəzən dayanacaqlarda quraşdırılan monitorlarda göstərilən vaxtla, avtobusların gəlmə vaxtları üst-üstə düşmür. Bu problemin nədən qaynaqlandığını açıqlayan NİİM-in mətbuat xidmətinin rəhbəri bildirdi: “Dayanacaqlarda 664 ədəd avtobus informasiya terminalları monitorumuz var. Həmin o monitorlarda insan əli dəymədən məlumatlar yenilənir. Hər bir avtobusda bort avadanlığı yerləşdirilib. Dayanacaqlardakı monitora məlumat avtomatik olaraq həmin o avadanlıqdan gedir. Əgər bort avadanlığında problem varsa və ya sürücü onu özü bilərəkdən xarab edibsə, yaxud avadanlıq nasazdırsa, bizə bu haqda məlumat verilməlidir. Yox, əgər sürücü həmin avadanlığı özü söndürübsə, bu vaxt monitorlarda məlumatlar itir. Nəticədə ondan sonra gələn avtobusun məlumatı (dəqiqəsi) göstərilir. Bu da yanlışlığa səbəb olur. Məsələn, monitorda yazılıb ki, avtobus 5 dəqiqəyə gələcək. Ancaq avtobus yarım saata gəlir”.

“Yalnız təlim keçmiş sürücülər avtobusları idarə edəcəklər”

Ş. Mehmanqızı sonda onu da vurğuladı ki, artıq sürücü təlim bazası yaradılıb. Bundan sonra sürücülərin ad, soyadı və bütün şəxsi məlumatları həmin o bazalarda qeyd olunacaq. Yalnız təlim keçmiş sürücülər avtobusları idarə edəcəklər. Yeni sürücülər seçərkən də sürücü kateqoriyaları, avtomobili idarə etmək barədə bilikləri, yol qaydaları haqqında bilikləri yoxlanılacaq. Təlim keçməyən sürücülər xəttə buraxılmayacaqlar.

Sürücülərin seçilməsi zamanı yaş həddinin nəzərə alınmasının vacib olduğunu bildirən millət vəkili Leyla Abdullayeva isə Milli Məclisdə çıxışı zamanı bildirib ki, sürücülük hüquqları ilə bağlı bizdə maksimum yaş həddi qəbul edilməyib: “Məlumdur ki, avtoqəzaların sayı günü-gündən artmaqdadır. Mətbuatda, televiziyada yaşlı sürücülərin qəzalar törətməsi ilə bağlı məlumatlara da rast gəlirik. Bu baxımdan mən düşünürəm ki, yaşlı sürücülərlə bağlı yaş maksimumunun müəyyən edilməsi varianti nəzərdən keçirilməlidir. Yaşı 80-ə çatmış insanların, ümumiyyətlə, avtomobil idarə etmələri nə dərəcədə doğrudur? Məlumdur ki, müəyyən yaşdan sonra insanlarda diqqət zəifləyir, eşitmə və görmə qabiliyyətləri aşağı düşür, reaksiya hissləri də zəifləyir və insanların dəqiq, operativ qərarlar verməsi xeyli çətinləşir”.

Mövzu ilə bağlı digər suallarımıza aydınlıq gətimək məqsədi ilə “Bakı Sərnişin və Yük Daşınmalarının Təşkili” MMC-yə müraciət etdik. Lakin qurumdan mövzuya münasibət öyrənə bilmədik.

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here