Mərkəzi Bankın valyuta ehtiyatları 40 ay əvvəlki səviyyəyə düşüb

0
283
Ötən ay Mərkəzi Bankın (MB) valyuta ehtiyatları 1 milyard 84,2 milyon dollar və ya 11,4% azalaraq 8 milyard 387,9 milyon dollara düşüb. 
Nəticədə MB valyuta ehtiyatları 2011-ci ilin dekabr ayındakı səviyyəyə qədər enib. Cari ilin əvvəli ilə müqayisədə, yəni son 4 ay ərzində MB-nin valyuta ehtiyatları 5 milyard 370,4 milyon dollar və ya 39,3% azalıb. Qeyd edək ki, MB-nin valyuta ehtiyatları ötən ilin iyul ayında tarixi zirvəyə – 15 milyard 193 milyon dollara yüksəlib. Lakin növbəti aydan – avqustdan başlayaraq valyuta ehtiyatlarında azalma müşahidə olunub. Bu, eyni zamanda 18 aydan sonra qeydə alınan ilk azalma olub. Belə ki, valyuta ehtiyatları 2013-ci ilin fevral ayından sonra heç vaxt aşağı düşməyib. Ötən ilin avqustunda baş verən azalma dünya bazarlarında xam neftin ucuzlaşması ilə bağlı olub. Lakin ötən ilin dekabr ayından başlayaraq MB-nin valyuta ehtiyatları kəskin azalmağa başlayıb. 2014-cü ilin dekabr ayında valyuta ehtiyatları 1 milyard 238 milyon dollar, 2015-ci ilin yanvar ayında 1 milyard 77,5 milyon, fevralı ayında 1 milyard 676,4 milyon, mart ayında 1 milyard 532,4 milyon dollar, aprel ayında isə qeyd etdiyimiz kimi 1 milyard 84,2 milyon dollar azalıb. Nəticədə son 5 ayda valyuta ehyiyatları 6 milyard 608,4 milyon dollar aşağı düşüb. Bu azalmanın əsas səbəbi isə əhalinin manata olan inamsızlığıdır. Fevral ayının 23-dən – manatın 1 gecədə 34% dəyərdən düşməsindən əvvəl insanlar dolların bahalaşacağı ehtimalını nəzərə alaraq əllərindəki milli valyutanı dollara çevirməyə başladılar. Bu proses devalvasiyadan sonra da davam etdi və nəticədə yuxarıda qeyd etdiyimiz statistik göstəricilər ortaya çıxdı. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 6 milyard 483,2 milyon dollar və ya 43,6% azalıb. Qeyd edək ki, 2014-cü ilin martın sonunda MB-nin valyuta ehtiyatları 14 milyard 715,7 milyon dollar olub.

Məlumat üçün onu da bildirək ki, MB-nin valyuta ehtiyyatları 2008-ci il ərzində 2 dəfəyə yaxın (45%) artaraq 3 milyard 370,4 milyon dollardan 6 milyard 137 milyon dollara qədər yüksəldiyi halda, 2009-cu ildə 15,9% və ya 976 milyon dollar azalaraq 5 milyard 161 milyon dollara düşüb. Bundan başqa, valyuta ehtiyatları 2010-cu ildə 19,5% və ya 1 milyard 245,9 milyon dollar artaraq 6 milyard 407 milyon dollara, 2011-ci ildə isə 63,5% və ya 4 milyard 73,9 milyon dollar artaraq 10 milyard 481,5 milyon dollara yüksəlib. 2012-ci idə isə 11,5% və 1 milyard 213,3 milyon dollar artaraq 11 milyard 694,8 milyon dollara çatıb. 2013-cü ildə isə artım 35% və ya 3 milyard 670,5 milyon dollar təşkil edib. Ötən il isə 2,8% və ya 393,7 milyon dollar azalaraq 13 milyard 758,3 milyon dollara düşüb.

 

Mart ayında həm kreditlər, həm də əmanətlər azalıb

Aprel ayının əvvəlinə olan məlumata görə,  Azərbaycanın bank sektorunun aktivləri 28 milyard 850,3 milyon manat təşkil edib. Bu, fevral ayının yekunları ilə müqayisədə 0,76% çoxdur. İlin əvvəlinə nisbətən bankların aktivləri 14,56%, son 1 ildə isə 34,7% artıb.

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 72,8 milyon manat təşkil edib. Bu, fevral ayının yekunlarına ilə müqayisədə 64,9 milyon manat və ya 3,22% azdır. Bununla belə, ilin əvvəlinə nisbətən kreditləşmənin məbləği 11,41%, son 1 ildə isə 30,11% artıb. İlin ilk rübünün yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətləri 7 milyard 781,6 milyon manat təşkil edib. Bu da, fevral ayının yekunları ilə müqayisədə 151,1 milyon manat və ya 1,91% azdır. Bununla belə, ilin əvvəlinə nisbətən əmanət qoyuluşu 8,25%, son 1 ildə isə 16,91% artıb.

 

Dövriyyədə olan nağd pullar da kəskin azalıb

MB-dən verilən digər məlumatda isə göstərilir ki, Azərbaycanda pul bazası (dövriyyədə olan nağd pullar) göstəricisi 2015-ci il may ayının 1-nə 7 milyard 418,6 milyon manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 920,8 milyon manat və ya 11% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma 3 milyard 686,4 milyon manat və ya 33,2% olub. İlin əvvəlindən etibarən azalma isə 4 milyard 123,3 milyon manat və ya 35,7% təşkil edib.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here