İlk dəfə Gürcüstanda və ya bizə bənzəməyən ölkə…

0
300
Bəzən insan işdən sonra bir anlığa da olsa dincəlmək, özünü təbiətin qoynunda hiss etmək, şənbə-bazar günlərini şəhərdən kənarda keçirmək, az da olsa, mənən və ruhən özünü azad və sərbəst görmək və bundan bir könül rahatlığı tapmaq istəyir. 
İnsan yaşlandıqca təbiət onu maqnit kimi özünə cəlb etməyə, öz qoynuna çəkməyə başlayır. Sözün düzü, şəhərdə anadan olanları deyə bilmərəm, amma rayondan Bakıya gələrək burada yaşayanlarda həmişə təbiətə güclü bir bağlılıq olur. Mən bunu özümlə birgə çalışan və əslən rayondan olan həmkarlarımın hamısında görmüş, hiss etmiş, onların torpağa bağlılıqlarının dəfələrlə şahidi olmuşam. Təbiətin qoynuna çıxmaq və az da olsa, dincəlmək həvəsi uzaq xarici deyil, elə qonşu Gürcüstanı görmək arzusu bizləri – Səməd Məlikzadəni, Loğman Məmmədovu, Əli Çərkəzoğlunu və bəndənizin qonşu ölkəyə səyahətə çıxması ilə nəticələndi. Sərhəd keçid məntəqəsində uzun növbəyə dayanmamaq üçün yola gecə saat 2-3 arasında çıxmalı olduq. Əli bəyin idarə etdiyi maşınla Gəncə ətrafına çatanda səhər saat 8-ə az qalmışdı. Könlümüzdən bir Gəncə qaymağının dadına baxmaq və səhər  yeməyini elə təbiətin qoynunda yemək keçdi. Gəncə bazarında kiçik bir alış-verişdən sonra Gəncə-Şəmkir arasında laləli bir düzdə oturmalı olduq. Ətrafda göz işlədikcə uzanıb gedən laləlik insanın ruhunu oxşayır, onda qeyri-adi hisslər oyadırdı. Sanki düzlərə lalələrdən bir xalça sərilmişdi. Doğrudan da, insanı özündən alan qeyri-adi  bir gözəllik vardı ətrafda. Təbiətin təmiz havasını acgözlüklə ciyərlərimizə çəkdikcə çəkmək, daha da yüngülləşmək istəyirdik. Hava bir az soyuq və çiskinli olsa da, təbiət qoynunda o gün yediyimiz bir tikə çörək bizlərə bu günə kimi yediyimiz ən dadlı yeməklərdən də daha dadlı gəldi. Yenidən maşına oturub səfərimizə davam edirik. Yolboyu hər yerdə baharın özü ilə gətirdiyi əsrarəngiz, insanın ağlını başından alan, bizə kənd həyatımızdan tanış olan və sözlə ifadə edilməsi mümkün olmayan gözəllik vardı və bu da ruhumuzu oxşayırdı.  Qazax sərhəd-keçid məntəqəsini problemsiz keçərək neytral zonaya keçdik, oradan da qarşı tərəfin qısa yoxlanışından sonra Gürcüstan ərazisinə daxil oluruq. Həmin an da telefonumuza gələn mesaj da bizə qonşu Gürcüstanda olduğumuzu xatırladır: “Gürcüstan torpağına xoş  gəlmişsiniz, operatorla əlaqə saxlaya və… bilərsiniz”. 

Rustavi – mehmanxanalar şəhəri

İlk dəqiqələrdən Gürcüstan ərazisində özümüzü heç də qonşu ölkədəki kimi hiss edə bilmirik. Hər yerdə azərbaycanca danışıq səsləri eşidirik, sanki doğma Azərbaycandayıq. Sərhəd-keçid məntəqəsinin Gürcüstan hissəsində soydaşlarımıza məxsus maşınlar qonşu ölkəyə gələn soydaşlarımızı istənilən nöqtəyə aparmağa hazırdırlar. Az sonra Əli Çərkəzoğlu da maşınla gəlib çıxır. Maşına oturub Rustavi istiqamətində yolumuza davam edirik. Öncədən qərara almışdıq ki, Rustavidəki otellərdən birində, daha doğrusu, digərləri ilə müqayisədə münasib qiymətə gecələyə biləcəyimiz “Rustavi” otelində qalaq. Yolüstü bütün işarələr, yol göstəriciləri gürcü dilindədir. Yenə də diqqətimizi cəlb edən yoldur, ikitərəfli yol bizə SSRİ dövrünü xatırladır. Azərbaycanda son illərdə vüsət alan abad və təmiz, çoxxətli yollara burada rast gəlmək mümkün deyil. Narın yaz yağışı yağır, bu yaz yağışı yolboyu uzanan ətrafdakı yaşıllığa daha bir gözəllik bəxş edir, yaz yağışında yuyunduqca təbiət daha da gözəl  görünür.

Nəhayət, Rustaviyə çatırıq və qalacağımız otelin yerini yoldan ötənlərin birindən soruşuruq. Otelə çatıb inzibatçı ilə qısa söhbətdən sonra qalacağımız nömrəyə yollanırıq. Onu da deyim ki, vaxtilə sənaye şəhəri olan Rustavidə Daşkəsəndən aparılan metal filizi əsasında metaləritmə zavodu olub.  Rustavidə yaşayanların çoxunu da bu zavodda işləyənlər təşkil ediblər. SSRİ dağılandan sonra zavod öz fəaliyyətini dayandırdığından şəhərdə yaşayanların əsas qazanc mənbəyi turizm sahəsi olub. Yeri gəlmişkən, onu da deyim ki, Rustavidə mən yolboyu 20-yə yaxın otel saydım. Bu otellərin çoxunun zahiri görünüşü SSRİ dövründə olduğu kimi qalıb. Rustavi bir qədər bizim Sumqayıtı xatırladır. Ancaq əhalisinin sayı Sumqayıtdakından azdır. 2014-cü ildə aparılan siyahıyaalmaya əsasən, Rustavidə 125 min adam yaşayır. Son 10 ildə Rustavidə əhalinin sayı  təxminən 10 min nəfər artıb. Halbuki SSRİ dövründə, 1989-cu ildə Rustavidə 158-160 min nəfər yaşayırdı… Yenə də son siyahıyaalmaya görə ( 2014-cü il) Rustavidə yaşayanların 102 min nəfərini gürcülər, təxminən 5-6 min nəfərini azərbaycanlılar, 3-4 min nəfərini ruslar, qalan hissəsini isə digər etnik azlıqların nümayəndələri təşkil edirlər. Qaldığımız otelin 5-ci mərtəbəsindən baxanda şəhərin qəribə bir mənzərəsi gözümüz qarşısında canlanır. Yenə də diqqətimizi şəhərin lap hündür təpəsində inşa edilən iri xaç-obyekt cəlb edir. Sonradan Rustavini gəzəndə iki addımdan bir kilsəyə rast gələndə bir daha gürcülərin dini sevgisinin təsadüfi olmadığını anladım…

Yenə də məsələ ilə bağlı bir məqama toxunmaya bilmirəm. Gürcüstanın ən iri şəhərlərindən biri olan Rustavidə Azərbaycan şəhərlərində olan abadlıq, tükinti-quruculuq izlərinə rast gələ bilməzsən. Azərbaycanın istənilən ən ucqar rayonunda aparılan abadlıq, quruculuq, səliqə-sahman, gözəllik burada hiss edilmir. Bir sözlə, Rustavi görünüşü etibarı ilə Azərbaycanın 90-cı illərindəki şəhərlərini xatırladır…

 

Tbilisi ilə ilk tanışlıq

Oteldə bir az dincələndən sonra Tbilisi ilə yaxından tanış olmaq üçün ora yola düşürük Onu da deyək ki, Rustavi ilə Tbilisinin arası, təxminən, 15-16 kilometr olar. Yenə də yağış ara vermədən yağır, havada  noyabr ayının soyuqluğu var. Yolu tanımasaq da Tbilisiyə gəlib çatırıq, şəhərin gəzməli, görməli yerlərinin yerini öyrənmək üçün yerli sakinlərdən birinə müraciət etmək istəyirik. Ancaq küçələrdə çox az adam görünür. Şəhərdə adamdan çox maşın var. Nəhayət, bir nəfərə yaxınlaşaraq məqsədimizi ona bildiririk. Rusca çətinliklə danışsa da, bizə bəzi şeyləri başa salır. Şəhəri ikiyə bölən Kür çayının sol sahili boyunca irəliləyirik. Diqqətimizi çayın sahili boyu hündür təpələrdə inşa edilən binalar cəlb edir. Adama elə gəlir ki, bu binalar bu dəqiqə aşaraq Kür çayının sularına qarışacaq. Ancaq sal qayalıqlar üzərində Kürün sahili boyu inşa edilən qədim binaları inşa edənlər, görünür, onları heç bir təhlükənin gözləmədiyini biliblərmiş… Maşınla Kürün sahili boyunca irəlilədikcə gözlərimiz önündə köhnə və yeni Tbilisinin özünəməxsus gözəlliyi canlanır. Bir müddət maşınla gəzirik, ancaq soruşduğumuz yeri tapmadığımızdan yenə də yerli sakinlərin birinə müraciət etməli oluruq. Amma bizə səhv başa saldıqlarındanmı, yoxsa özümüz səhv anladığımızdanmı, yenə də görmək istədiyimiz obyekti tapa bilmirik. Sonra maşınlar üçün ehtiyat hissələri satılan bazara giririk. Biz Bakıda olanda Əli bəyin tanışlarından biri ona maşınına baxdırmaq üçün Tamaz adlı şəxsə müraciət etməyi məsləhət görmüş, onun telefon nömrəsini belə vermişdi. Onun məhz bizim gördüyümüz bazarda işlədiyi deyilirdi. Lakin Tamaz Əli bəyin telefon zənglərinə cavab vermədi, onu bazarda soruşduqlarımız da tanımadılar.  Yağış aramsız olaraq yağmaqda davam etdiyindən və Tbilisini belə havada gəzə bilmədiyimizi anladığımızdan yenidən Rustaviyə dönməli oluruq. Həqiqət naminə onu da deyim ki, Əli bəy Tbilisini yaxşı tanımadığına, burada heç vaxt olmadığına baxmayaraq, şəhərin küçələri ilə maşını olduqca yaxşı sürürdü. Onu da deyək ki, Tbilisidə maşın sürmək asan məsələ deyil, çünki əksər hallarda sürücülər yol nişanlarına, ötmə qayda-qanunlarına məhəl qoymadan maşını necə gəldi sürürlər və bu, nabələd sürücülərdən çox diqqətli olmağı tələb edir.  Axşama yaxın Rustaviyə çatırıq. Yol yorğunu olduğumuzdan bir az dincələndən sonra otelin yaxınlığındakı  kiçik yeməkxanaya gedirik…

Yeməkxanada tək-tük adam gözə dəyir. 
 Ola bilsin ki, bu hələ turizm mövsümünün başlamaması ilə əlaqədar idi. Bizə, 4 nəfərə ayrı otaq təklif edirlər. İçəri keçirik, otaq da soyuqdur və çöldə olduğu kimi yenidən üşüyürük. Ofisiant xanım bizə yaxınlaşır və menyunu təqdim edir. Qiymətləri soruşduqdan sonra qızıl balıq və kabab sifariş veririk. Hər halda qiymət ucuz idi. Qeyd edim ki, balıq, həqiqətən də, xoşagələn oldu, kababı bizdəki kimi bişirməsələr də, hər halda pis deyildi. Ümumiyyətlə, Gürcüstanda yeməklərdə ucuzluq dərhal hiss olunur. Bu da, təbii ki, ölkədə orta əməkhaqqının bizimlə müqayisədə daha aşağı olması ilə bağlıdır.  Hər halda istər mehmanxanalarda, istərsə də yeməklərdə ucuzluq olması, zənnimizcə, azərbaycanlıların qonşu ölkəyə daha çox axın etməsinin əsas səbəblərindən biridir. Təxmini hesablamalarımıza görə, bir nəfər 300-400 manata Gürcüstanda bir həftə orta səviyyədə istirahət edə bilər. Amma Gürcüstan istirahət etmək baxımından nə qədər əlverişli olsa da, alış-veriş üçün münasib hesab edilə bilməz. Məsələn, Rustavidə mağazalar 90-cı illərin mağazalarından fərqlənmir.  Mağazalardakı geyim əşyaları Türkiyədən, Azərbaycandan və ya Rusiyadan gətirildiyindən qiymətlər bizdəkindən daha bahadır. Biz Rustavidə Azərbaycanın ən ucqar rayonunda belə fəaliyyət göstərən müasir ticarət mərkəzlərini və loru dildə desək “tolkuçka”ları görə bilmədik. Ərzaq malları mağazalarına gəlincə, burada da Azərbaycandan, Türkiyədən və Rusiyadan gətirilən məhsullar üstünlük təşkil edir. Qiymətləri bizdəki qiymətlərdən  nisbətən bahadır. Yeri gəlmişkən, onu da deyim ki, mən gürcü istehsalı olan şirniyyat məhsulları ilə maraqlandım. Satıcı üzümə təəccüblə baxaraq: “Bizdə şirniyyat məhsulları istehsal olunmur. Bircə bu şokoladdır, onun üstündəki kağızda gürcü məhsulu olduğu yazılsa da, içindəki bizim istehsalımız deyil”,-deyə etiraf etdi.

Satıcı xanımdan “bəs sizdə nə istehsal olınur?- deyə soruşanda, o əli ilə gürcü limonadlarını və “Borjomi”ni göstərdi. Həqiqətən də, Gürcüstanda “Borjomi”, limonadlar və çay istehsalı istisna olmaqla, demək olar, yerli istehsal yoxdur. Əlbəttə, mən bu sözləri sənaye və digər sahələr barədə demək istəməzdim. Amma adıçəkilən sahələrdə də istehsalın aşağı səviyyədə olduğu aydın nəzərə çarpır. Gürcüstanın dövlət büdcəsinin böyük hissəsi  bu gün əsasən ərazisindən nəql edilən Azərbaycan qazı və neftindən gələn gəlirlər hesabına formalaşdırılır. Yeri gəlmişkən, onu da deyim ki, Rustavidə bizdə olduğu kimi yeganə supermarketə rast gəldim. Super -market mağazalar şəbəkəsi onlarda indi-indi inşa edilir. Rustavinin bazarlarında alış-veriş edənlərin isə, demək olar, böyük əksəriyyətini azərbaycanlılar təşkil edirlər. Bazarın hər yerində Azərbaycan dilində danışığa rast gəlmək mümkündür. Yerli gürcü satıcılar bazarda barmaqla sayılacaq qədərdir.

 

Tbilisinin fəxri – köhnə şəhər

ezzGürcüstana qısamüddətli səfərimiz çərçivəsində şəhərin tarixi, görməli yerlərinə getməyi özümüzə borc bildik. Onu da deyək ki, Tbilisinin turistləri özünə maqnit kimi cəlb edən köhnə hissəsi, həqiqətən də, tarixi baxımdan olduqca gözəldir. Biz olduğumuz yerdən şəhərin ən uca, qədim hissəsinə- Narıkala deyilən qədim qala kompleksinə kanat yolu çəkilib. Qala ilə yanaşı, uca yerdə Gürcüstan çariçası Tamaranın böyük və əzəmətli abidəsi ucaldılıb. Onunla üzbəüz, biz olduğumuz ərazidə isə hündür qayalar üzərində Davidin at üstündəki heykəli sanki şəhərin qədim hissəsinə gələnləri salamlayır. Hava soyuq olduğundan kanatla şəhərin uca və qədim zirvəsinə gedənlər çox az idi. Yeri gəlmişkən, onu da deyək ki, vaxtilə şəhərin köhnə hissəsində yaşayanların əksəriyyətini azərbaycanlılar təşkil edib. Ancaq orta əsrlərdə baş verən  müxtəlif siyasi hadisələr, o cümlədən monqol – tatar hücumu  nəticəsində soydaşlarımız şəhəri tərk edərək, ətraf ərazilərdə məskunlaşmağa məcbur olublar. Əslində şəhərin uca zirvəsində yerləşən qədim Narıkala qalasının adının – toponiminin də azərbaycanlılara aid olduğu (Narın qala) şübhə doğurmur. Onu da deyək ki, şəhərin köhnə hissəsində dairəvi boru formasında iki müasir və ilk baxışdan insanı özünə heyran edəcək kinoteatr binası inşa edilir. Yerli mühafizəçilərin dediklərinə görə, burada yayda  turistlər kinoya, teatra baxa, əylənə və istirahət edə biləcəklər.

Əlbəttə, biz Tbilisi ilə daha yaxından tanış olmaq, şəhərin digər görməli və gəzməli yerlərini görmək, gəzmək istəyirdik. Ancaq vaxt azlığı və bir də havanın soyuq olması buna imkan vermədi. Amma Allah nəsib edərsə, bir gün yenidən Tbilisiyə gəlmək və daha rahat şəkildə şəhərlə tanış olmaq, bu ölkənin digər bölgələrini də gəzmək ümidi ilə Gürcüstandan ayrıldıq…

Sərhəd-keçid məntəqəsindən Azərbaycana keçəndən sonra dərhal bizə bənzəməyən Gürcüstandan ayrıldığımızı hiss elədik. Görünür, Azərbaycandakı inkişafı görmək və duymaq üçün qonşu ölkəyə getməyə ehtiyac varmış. Sərhəd-keçid məntəqəsindən uzanan geniş və abad yol isə bizi bu dəfə Bakıya aparırdı…

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here