Ölkəmizdəki dializ mərkəzlərinin faydası

0
284

 Bir gün mənə mövzu tapşırıldı ki, Xırdalanda böyrək çatışmazlığından əziyyət çəkən gənc bir xanımın anası ilə görüşüb, ondan müsahibə alım. Adəti üzrə fotoaparatımı və diktofonumu götürüb yollandım deyilən ünvana. Amma o ailədə gördüklərim məni elə dəhşətə gətirdi ki, uzun müddət özümə gələbilmədim. Hətta həmin gün müsahibədən sonra redaksiyaya yox, birbaşa evə yollandım. Çünki başımın ağrısından az qalırdı ürəyim dayansın. O vaxtlar səhiyyə naziri indi həbsxanada olan Əli İnsanov idi. Ana şikayətlənirdi ki, qızı böyrək çatışmazlığından əziyyət çəkir, amma ona kömək edən yoxdur. Qızının böyrəyi işləmirdi, həftədə bir neçə dəfə dializ aparatına qoşulmasa, yaşaya bilməzdi. Gileylənirdi ki, qızının böyrək probleminin həllinə o qədər xərc çəkir ki, dolana bilmir. Ən təsirlisi isə o idi ki, həmin qız sevdiyi oğlanla ailə qurmuşdu. Həkimlər ona ana olmağı qadağa qoysalar da, həyatını riskə atmışdı. Lakin bir neçə ay sonra hamiləliyi pozulmuşdu. Ruhi sarsıntı keçirən bu xanımın vəziyyəti çox ağır idi.

Müsahibənin axırına yaxın başa düşdüm ki, anası qızının evə jurnalist gəldiyini bilməsin deyə, ona yuxu dərmanı verib yatızdırıbmış. Söhbətimiz yekunlaşandan sonra anası qızının yatdığı otağa daxil olub, mənə əli ilə “gəl” işarəsi verdi. Çarpayıda heç nədən xəbərsiz məsum bir xanım yatmışdı. Gənc, zəif, cılız bir xanımın iynə vurulmaqdan göyərmiş, bəzi hissələri qapqara qaralmış qollarını görəndən sonra halım pisləşmişdi.

Şükür ki, həmin yazı qəzetimizdə dərc olunandan sonra iş adamları, xeyirxah insanlar həmin ailəyə xeyli maddi yardım göstərmişdilər. Anası o yazıdan sonra redaksiyamıza zəng vurub, sevincdən hönkürmüşdü…

Qonşuluğumuzda böyrək çatışmazlığından əziyyət çəkən nənə yaşayır. Yaşı 70-dən çox olan Ofelya İbrahimova (ad-soyad şərtidir) uzun illər Bakıda orta məktəblərin birində müəllimə işləyib. Xeyli müddətdir ki, böyrəklərində problem yaranıb və öz dediyinə görə, həftədə 2-3 dəfə Bakıda fəaliyyət göstərən dializ mərkəzlərindən birində dializ olunur. Səhər işə gələndə də həyətdə görürəm Ofelya nənəni, axşamüstü evə gedəndə də. Ölkəmizdə yeni dializ mərkəzlərinin açılmasının faydası bu nənənin timsalında aydın olur. Bir vaxtlar böyrək çatışmazlığı ən dəhşətli xəstəliklərdən biri hesab olunurdu, hətta bu xəstəliyə düçar olanların çoxu qısa müddət ərzində dünyalarını dəyişirdilər…

Yeri gəlmişkən, mənim 7 xalamdan biri – Həqiqət Xəlilova da illər öncə məhz bu xəstəlikdən dünyasını dəyişib.

Bir müddət öncə səhiyyə naziri Oqtay Şirəliyev jurnalistlərə açıqlamasında ölkəmizdə çoxlu sayda dializ mərkəzlərinin açılmasını belə şərh etmişdi: “Azərbaycanda xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb. Vaxtilə belə xəstələr ölümə düçar idilər, indi isə Bakı şəhərində və regionlarda yaradılmış 30-dan artıq xüsusi dializ mərkəzində dövlət hesabına müalicə olunurlar. Xroniki böyrək çatışmazlığından ölüm halları dəfələrlə azalıb”.

Ən müsbət hallardan biri də odur ki, xəstələrin əksəriyyəti dövlət vəsaiti hesabına hemodializ müalicəsi qəbul edirlər. Məlumat üçün bildirək ki, böyrək çatışmazlığı xəstəliyi dünyanın əksər ölkələrində aktual problemlərdən biri hesab olunur. “Bütün bölgələrdə və yaxın zamanlarda hər bir şəhərdə dializ mərkəzləri tam şəkildə fəaliyyətə başlayacaqdır. Əksər şəhərlərdə biz artıq buna nail olmuşuq. Biz bunun müsbət tərəfini görürük. Vaxtilə xəstələr 100 kilometrlərlə məsafəni qət etməli olurdular, böyük şəhərlərdə müalicə alırdılar. İndi hər bir bölgədə deyə bilərəm ki, təxminən hər bir şəhərdə müasir dializ mərkəzləri vardır. Ona görə insanların sağlamlığını təmin edən tibbi xidmət bu gün, əlbəttə ki, daha da yüksək səviyyədədir”. Bu sözləri isə Prezident İlham Əliyev dializ mərkəzlərindən birinin açılışı zamanı deyib.

“Əvvəlki dövrdə, ümumiyyətlə, belə xəstələr, əfsuslar olsun ki, həyatdan gedirdilər, yaşamırdılar. Bakıda, bəlkə də, cəmi bir, ya iki dializ aparatı var idi ki, ora da növbə çatmırdı. İndi biz bütün bölgələrdə, ilk növbədə, diaqnostika mərkəzlərində dializ mərkəzləri yaratdıq və bunun coğrafiyasını elə qurduq ki, gəlib-getmək üçün məsafə məqbul olsun. Hər bir rayonda yeni xəstəxanalar tikilərkən dializ məsələləri nəzərə alınır”,-deyə dövlət başçısı qeyd edib.

Sonda onu da qeyd edək ki, aparatdan asılı olmalarına baxmayaraq, dializ xəstələri 25-30 il də yaşaya bilirlər. Xəstənin arterial qanı xüsusi iynə ilə bədəndən filtrlərə xaric olunur. Burada qanda 60-65 faiz zəhərin miqdarı azalır. Bu da xəstəyə 48-72 saat ərzində normal fəaliyyəti davam etdirməyə imkan verir…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here