“Pətəkdən şan çıxaranda istər-istəməz barmaq ağıza gedir”

0
298
Müsahibimiz Astara rayonu Şüvi kənd sakini, 45 ildən çoxdur ki, arıçılıqla məşğul olan Həmid Əliyevdir. Həmid Əliyevdən arıçılığa aid suallarımıza maraqlı cavablar aldıq. Müsahibimiz deyir ki, o bu sənətin sirlərini təxminən 12-13 yaşlarından etibarən atasından öyrənməyə başlayıb: 
Müsahibimiz Astara rayonu Şüvi kənd sakini, 45 ildən çoxdur ki, arıçılıqla məşğul olan Həmid Əliyevdir. Həmid Əliyevdən arıçılığa aid suallarımıza maraqlı cavablar aldıq. Müsahibimiz deyir ki, o bu sənətin sirlərini təxminən 12-13 yaşlarından etibarən atasından öyrənməyə başlayıb: “Arıçılığa maraq bizdə genetikdir. Atam, babam da arıçı olub. Onların bu sənətini indi biz qardaşlar – övladları davam etdiririk. Bu gün həm dağdakı arıxanamızda, həm də kənddəki həyətimizdə çoxlu arı pətəkləri var”. Arıçı qeyd etdi ki, SSR-i dağılandan bir qədər sonra, daha dəqiq 1992-ci ildə babalarının dağdakı yerlərində arı saxlamağa başlayıblar, orada əvvəllər olan arıxananı bərpa ediblər. Onu da deyək ki, Həmid Əliyev qardaşlarıy ilə bərabər, eyni ərazidə arı saxlayır.Belə bir misal var: deyirlər ki, bal yeyən barmaq yalayar. Müsahibimizin bununla bağlı suala cavabı maraqlı oldu: “Pətəkdən şan çıxaranda istər-istəməz barmaq ağıza gedir. Həmin an barmaqda təxminən 10-15 qram bal qalır ki, gərək ona heyfin gəlsin. İsrafçılığa yol vermək olmaz”. Müsahibimizin dediyinə görə, bəzi insanlar üçün adi gəlsə də, balın hazırlanması üçün arı olduqca çox əziyyət çəkir: “Təsəvvür edin ki, 1 kiloqram bal toplaması üçün arı 120-150 min dəfə gedib-gəlməlidir. Bu əzab-əziyyətin hesabına ərsəyə gələn balı israf etmək olarmı? Əlbəttə, olmaz”. “Bizdə ilə görə aldığımız balın çəkisi dəyişir. Bizdə əsasən cökə balı olur. Hər il az-çox balımız olur. Təbiətdən asılıdır. Bizim borcumuz odur ki, arıya necə lazımdır baxaq”,-deyə müsahibimiz qeyd etdi. “Həyatda zəhmətsiz heç nə yoxdur. Yeməyi belə, zəhmət çəkib ağıza əllə aparırsan. Arılar isə çox zəhmətkeş həşəratdırlar. Arı saxlayan da, arıçı da arıdan nümunə götürüb zəhmətkeş olmalıdır. Bəli, insan arıdan nümunə götürə bilər”. Həmsöhbətimiz dedi ki, hər arı ailəsinin spesifik qoxusu olur: “Bu səbəbdən də hər arı öz ailəsinə, öz pətəyinə girə bilər. Əgər başqa pətəyə girərsə, onu girəcəkdə öldürərlər, içəri buraxmazlar. Arı yuvasında təxminən 70-80 min arı olur. Məlumatı olmayan insanlar sual verirlər ki, 80 min arı görəsən, bir-birini necə tanıyır? Məhz həmin qoxu vasitəsi ilə onlar bir-birini tanıya bilirlər”. “Arılar arasında müşahidə etdiyim bir maraqlı hadisəni sizə danışmaq istəyirəm. Pətəkdə bir az bal qalanda digər arılar onu yemirlər. Saxlayırlar ki, ana arı yesin, acından ölməsin. Ana arının ölməməsi isə ailənin dağılmaması deməkdir. Arılarda bu mənada bir fədakarlıq nümunəsini görmək olar. Ümidlə yaşayır, ölür, amma bala dəymir. Meşələrdə ağac koğuşunda tapılan ballar yüz faiz təbii olur. Arıçı evində, həyətində şəkərdən istifadə etməyib arı saxlayırsa, onun aldığı bal da təbiidir. Saxlanılan pətəyə süni şan veririk, onun tərkibində profin yoxdursa, balın keyfiyyətinə təsir etmir. Süni şan ona görə salınır ki, arı əlavə zəhmət çəkmədən hazır şan üzərində bal hazırlasın, əlavə şan hörməsin”. “İnsanlar arasında “təmiz bal” deyə bir deyim var. Məgər natəmiz bal da olur?” sualımıza peşəkar arıçının cavabı belə oldu: “Yox, bu söz natəmizlik mənasında deyilmir. Yəni şəkərsiz bal. Amma onu da deyim ki, alimlərin hesablamalarına görə balda 2-5%-ə qədər saxaroza (şəkər) olur. Əgər 5%-dən çox olarsa, o artıq təmiz bal sayılmır, yəni şəkərli olur. Bu dozadan sonra həmin bala şəkər qatıldığını bilmək olur. Təbii ki, bunu laboratoriya dəqiq aydınlaşdırar”. Həmid Əliyev SSR-i dövründə yaşanmış bir maraqlı hadisəni də bizə nəql etdi: “Sovet dönəmində buralarda bir maraqlı bir hadisə baş verib. Belə ki, 3 arıçı olub bizim dağlarda. Sovet əsgərləri gəlib onlardan bal istəyiblər. Sonra onları həbs edib aparacaqlarmış. Arıçılardan biri yeşikdən bal çıxara-çıxara baldan götürür və arada bədəninə sürtür. Bir azdan arılar yapışır onun bədəninə. Bunu görən ruslar həmin arıçının öləcəyini düşünüb onu öldürmürlər. İnsanın bədəni ballı olanda arılar yapışır, amma sancmırlar. Beləliklə, həmin arıçı xilas olur. Digər 2 arıçını isə rus əsgərləri öldürürlər”. ”Bütün insanlara, gənclərə məsləhətim, tövsiyəm odur ki, şəraitləri varsa, arı saxlasınlar. Çünki arı xeyirli həşəratdır. Arı saxlasan, onun əziyyətini çəksən, balı özün istehsal etsən bilərsən ki, nədir, necədir. Öz əlinin məhsulu daha şirin olur. Ona ürəkdən bağlanıb baxasan gərək. Arıdan ziyan yoxdur. Məhsuldarlıq da yaxşı olur. Bal min bir dərdin dərmanıdır. Hətta Qurani-Kərimdə Allah-Təala Bal arısı (Ən-Nəhl) adlı surə endirib. Orada bal arısı haqqında danışılır. Arıçılıq maraqlı iş olmaqla bahəm, həm də insanın ruhunu sakitləşdirir, insana rahatlıq gətirir”…

Mərdan Qurbanov, Həbib Əlizadə, Astara

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here