Qanun tələb edir, amma…

0
239

“Texnologiya dövrü” adlandırılan müasir dövrdə artıq bir çox işləri internet vasitəsi ilə oturduğumuz yerdə həll edə, istədiyimiz məlumatı öyrənə bilirik. Əvvəllər, yəni sovet dövründə yaşayış binalarının qarşısında hər ev üçün ayrıca bir poçt qutusu olardı. Ancaq indi çox nadir hallarda bunu müşahidə etmək olur. Bir çox yaşayış binalarında poçt qutularının olmaması sakinlər üçün problemlərin yaranmasına səbəb olur. Məsələn, məhkəmə sənədləri, avtomobillərin cərimə sənədləri kağız formasında evlərə çatdırılır. Poçt qutusu olmayan evlərdə bu kağızlar sahibinə gec təhvil verilir. Nəticədə xəbərdarlığın gəldiyini bilməyən şəxslər problemlərlə üzləşirlər. Qeyd edək ki, “Poçt haqqında” qanunda poçt qutularının quraşdırılması ilə bağlı xüsusi maddə var. Qanunun IV fəslinin, “Poçt rabitəsi obyektlərinin yerləşdirilməsi” bəndində deyilir: “Dövlət hakimiyyəti və bələdiyyə orqanları yaşayış məntəqələrinin, həmçinin yaşayış binalarının layihələşdirilməsi, tikintisi və yenidən qurulması zamanı milli operatorun poçt obyektlərinin yerləşdirilməsi üçün binaların tikintisini, binalarda yerlərin və ya torpaq sahələrinin ayrılmasını təmin etməlidirlər. Ünvan qutuları tikinti müəssisələri tərəfindən çoxmərtəbəli binaların birinci mərtəbələrində quraşdırılır. Ünvan qutularının alınması və quraşdırılması xərcləri bu evlərin tikinti xərclərinə daxil edilir. Fərdi tikililərdə istifadəçilər poçt göndərişlərini almaq üçün ünvan qutularını öz vəsaitləri hesabına quraşdırırlar. Çoxmərtəbəli binalarda yerləşən hüquqi şəxslər binaların birinci mərtəbəsində ünvan qutuları quraşdırır və onların yararlı vəziyyətdə saxlanılmasını təmin edir”.

“Əvvəlki binalarda isə qutular ya ümumiyyətlə yoxdur, ya da ki tamamilə istismara yararsızdır”

Bəs, görəsən, bütün bunlara baxmayaraq, poçt qutularının quraşdırılmamasının səbəbi nədir? Butün bu suallara, ilk növbədə, bir rayonun timsalında aydınlıq gətirməyə çalışdıq. Belə ki, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal və Texniki Xidmət sahələrinin əməkdaşı Gülşən Hüseynova sualımıza cavabında dedi: “Ünvan (poçt) qutularının yerləşdirilməsi qaydaları “Poçt haqqında qanun”da öz əksini tapıb. Məlumat üçün bildiririk ki, məsələ ilə bağlı aidiyyəti qurumlara çoxsaylı müraciətlərdən sonra, son 5 ildə yalnız yeni tikilən çoxmərtəbəli binalarda ünvan qutularının quraşdırılması təmin olunur. Əvvəlki binalarda isə qutular ya ümumiyyətlə yoxdur, ya da ki tamamilə istismara yararsızdır. Bu məsələyə dövlət və yerli özünüidarəetmə orqanları, o cümlədən yerli icra orqanları (icra hakimiyyətləri və ya bələdiyyələr) nəzarət etməlidirlər”.

G. Hüseynova da bu fikirdədir ki, poçt qutularına ehtiyac var: “Bəli, ünvan qutularına ehtiyac var. Poçt göndərişlərinin mənzil-mənzil gəzdirilərək (çoxmərtəbəli binalarda) evlərdə ünvan sahibinə çatdırılması poçtalyonların vəzifəsinə aid deyildir və fiziki olaraq da bu mümkün deyildir”.

“Ev sahibi evdə olmadıqda…”

Bəs, görəsən, ev sahibi evdə olmadıqda ona gələn məktublar, bildirişlər hara qoyulur və ya kimə verilir? Mövzuya aydınlıq gətirən G. Hüseynova bildirdi ki, sözügedən qanunun qeyd olunan bəndlərinin tələbləri aidiyyəti qurumlar tərəfindən tam təmin olunmadığından haqlı narazılıqların və əsaslı şikayətlərin yaranmaması üçün məcburiyyət qarşısında poçt göndərişləri poçtalyonlar vasitəsilə mənzilə gəlməklə ünvan sahiblərinə çatdırılır. Poçtalyonun iş saatlarında mənzil sahibi evdə olmadıqda (və ya qapı açılmadıqda) isə mövcud qaydaların tələblərinə uyğun poçtalyon tərəfindən bildiriş tərtib olunaraq (imkan varsa, qapının arasından içəriyə atılır, qapıya sancılır və ya qonşuya verilir) ünvançı, onun adına daxil olmuş göndərişi almaq üçün poçt şöbəsinə dəvət olunur. Bu da poçtalyonlara dair təsdiq olunmuş normativlərin yerinə yetirilməsinə mane olmaqla bərabər, poçt göndərişlərinin ünvanı üzrə nəzarət-keçid müddətlərinə çatdırılmasına da mənfi təsir göstərir”.

Mövzu ilə bağlı suallarımıza cavab almaq üçün “Zaman Exspress” poçt və kuryer xidmətlərinə müraciət etdik. Şirkətin əməkdaşı Səbinə Zeynalova bildirdi ki, biz belə problemlərlə qarşılaşmamışıq: “Çünki ev sahibləri ilə əlaqə saxlayırıq və məktubu hara, kimə lazımdırsa, ora da çatdırırıq”.

Yol polisi: “Bütün məktublar sahibinə çatdırılır”

Bir çox binalarda və mənzillərdə poçt qutularının olmaması səbəbindən radar və ya cərimə sənədlərinin avtomobil sahiblərinə çatdırılması zamanı problemlərin yaşanıb-yaşanmaması haqqında suallarımızı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev cavablandırdı. Bütün sənədlərin avtomobil sahiblərinə vaxtında çatdırıldığını bildirən K. Əliyev bildirdi ki, qayda pozuntuları foto-video qeydiyyat funksiyasına malik olan texniki vasitələrin köməyi ilə aşkar olunubsa, bu zaman elektron protokol tərtib olunur və bu protokol nəqliyyat vasitəsinin sahibinə və ya sonuncu dəfə etibarnamə verdiyi şəxsin qeydiyyatda olduğu yol polisi şöbəsinə göndərilir: “Həmin sənəd Yol Polisi İdarəsindən poçt bu vasitəsiylə sürücünün ünvanına göndərilir”.

“Məktubların gecikməsi halları baş verirmi?” sualımıza cavab verən yol polisi rəsmisi əlavə etdi ki, poçt məktubu iki gün ərzində avtomobil sahibinin ünvanına göndərir və həmin şəxsin ünvanda olub-olmaması barədə Yol Polisinə məlumat verir: “Həmin şəxs evdə olmadığı təqdirdə, qanunda göstərildiyi kimi, məktub yetkinlik yaşına çatmış ailə üzvlərinə verilir. Heç bir qaydada verilməsi mümkün olmadıqda isə həmin nəqliyyat vasitəsi saxlanılır və müvafiq sənədlərin ona verilməsi üçün qərar çıxarılır. Həmin avtomobil saxlanıldığı zaman sənədlər çap olunaraq avtomobil sahibinə verilir. Bir sözlə, bütün məktublar sahibinə çatdırılır”.

Bir çox binalarda və mənzillərdə poçt qutularının olmaması ilə bağlı çətinliklərlə qarşılaşdıqlarını deyən “Zaman-Azərbaycan” qəzetinin yayım-satış meneceri Ceyhun Məmmədov bildirdi ki, komendant sistemi ilə idarə olunan yeni tikilmiş binalarda bina sahibləri poçt qutularının yerləşdirilməsinə icazə vermirlər: “Bəzən də ev sahibləri istəmirlər. Poçt qutularının olmaması ilə bağlı daha çox yeni binalarda problemlərlə qarşılaşırıq. Çünki yeni tikilmiş binaların çoxunda qapıda damafon sistemi olur. Bu zaman ev sahibi evdədirsə, bir problem yaşanmır. Bəzi bina sahibləri isə damafon qapılarının açarlarını təqdim edirlər”.

“Poçtalyon hər mərtəbəyə çıxmalı, qəzeti bir-bir hər mənzilin qarşısına qoymalı olur”

“Əvvəllər poçt qutuları binaların birinci və ikinci mərtəbələrinin arasında qoyulurdu. İndi isə poçt qutuları olmadığı üçün hər kəs qəzeti, məktubu qapısının qarşısına qoyulmasını istəyir. Bu zaman poçtalyon hər mərtəbəyə çıxmalı, qəzeti bir-bir hər mənzilin qarşısına qoymalı olur. Bəzən elə olur ki, qapıdan kimsə gəlib həmin məktubu və ya qəzeti götürür və sahibinə çatmır. Bu zaman biz buna cavabdeh deyilik. Bəzən poçtalyonlarımız bu problemin yaşanmaması üçün qəzeti qoyduqdan sonra ev sahibinə zəng edib, xəbər verirlər. Bütün bu problemlərin yaşanmaması üçün poçt qutularının olmasına ehtiyac var”- deyə C. Məmmədov əlavə etdi.

NƏRMIN HAQVERDIYEVA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here