“Azərpoçt”un rubl və məzənnə anlaşılmazlığı…

0
304

Ötən həftənin şənbə günü Rusiyada yaşayan dostlarımdan birinə zəng vurub mənə olan borcunu göndərməyini xahiş etdim. O: “Baş üstə”,-deyib bir azdan banka yollanacağını söylədi. Təxminən bir neçə saat sonra telefonuma sms gəldi ki, “Zolotaya Korona” beynəlxalq pul köçürmələri sistemi ilə mənim adıma 10 min rus rublu göndərilib. Bazar günü toy var idi, düşündüm ki, pulu götürüm, sonra sıxıntım olmasın. Məlumdur ki, Rusiyadan “Zolotaya Korona” sistemi ilə göndərilən pulları Azərbaycanda cəmi 3 yerdə almaq mümkündür. Onlardan biri də “Azərpoçt” MMC-nin şöbələridir. Bunu bildiyim üçün üz tutdum 1 saylı poçt filialının 7 saylı poçt şöbəsinə (Bakı, Nəsimi, Azadlıq 95). Şöbənin xanım əməkdaşı göndərilən pulun mənə rublla yox, manatla hesablanıb ödəniləcəyini söylədi. Təbii ki, razılaşdım. Xanım “Zolotaya Korona” sistemi ilə göndərilən pulun kod nömrəsini istədi, mən də dedim – 564940937. Qəfil yadıma düşdü ki, xanımdan rublun məzənnəsini soruşum. Şöbənin xanım əməkdaşı 10 min rublun əvəzində mənə 103 manat verəcəyini dedi. Çaşıb qaldım, axı həmin gün hər yerdə məzənnə 0.0200-dən aşağı deyil. Axı mövcud qanunvericiliyə görə, valyuta dəyişmə məntəqələrində və digər aidiyyəti yerlərdə məzənnə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnədən 2 faizdən az, 2 faizdən çox ola bilməz? Şöbənin xanım əməkdaşı bu sualıma cavabında dedi ki, ümumi sistemdə məzənnə bu kursla göstərilir, nə aşağı məbləğdə, nə də yuxarı məbləğdə verə bilməz. Təbii ki, razılaşmayıb başqa ünvana yollandım.

Həftənin 2-ci günü, yəni dünən 012 440 27 73 nömrəsinə zəng vurub 1 saylı poçt filialının 7 saylı poçt şöbəsi ilə əlaqə saxladıq. Özünü şöbənin rəis müavini kimi təqdim edən şəxsə məsələ ilə bağlı məlumat verdikdən sonra o da “Azərpoçt”un bir valyuta məzənnə sistemi ilə işlədiyini və bunun bütün şöbələrdə qüvvədə olduğunu söylədi: “Biz kodu yazıb sistemə daxil oluruq və orada mərkəzdən hansı kurs müəyyənləşdirilibsə, işimizi də ona uyğun görürük. Yəni biz artırıb-azalda bilmərik”.

 “Sistemdə vəziyyət bu cürdür”

Ona valyuta dəyişmə məntəqələrində kursun 0.0200-dən aşağı olmadığını xatırlatdıq və ortada bu qədər fərqin olmasının anormal olduğunu dedik: “Bir daha deyirəm, ümumi sistemdə müəyyənləşdirilmiş kursda necə göstərilirsə, biz də xaricdən göndərilən pulları manatla o məzənnə ilə hesablayıb veririk. Məsələn, bu günə (29.04.2015-ci il tarixə-red) rus rublunun kursu “Azərpoçt”un ümumi sistemində 0.1230 göstərir. Təbii ki, biz vətəndaşa pulu verdikdən sonra qəbz də veririk və orada hər şey öz əksini tapır. Əgər həmin gün siz pulu bizim poçt şöbəsindən almış olsaydınız, sizə də qəbz veriləcəkdi”.

Şöbənin rəis müavini bir daha məzənnənin aşağı olmasının onlarla heç bir əlaqəsinin olmadığını söylədi: “Bizim oradan hər hansı bir qazancımız yoxdur. Təbii ki, biz də istəyərik yüksək olsun, insanlar razı qalsınlar. Sistemdə vəziyyət bu cürdür”.

Qəribədir ki, həmin söhbət ərəfəsində “Azərpoçt”un saytında rus rublunun alış qiyməti 0.0200 göstərilirdi.

 “Siz dedikdən sonra aidiyyəti yerlərlə əlaqə saxlayıb araşdırdım”

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına sorğu ünvanladıq. Yaxın vaxtlarda bununla əlaqədar bankın mövqeyini işıqlandıracağıq.

Məsələ ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədovla əlaqə saxladıq. Novruz Məmmədov suallarımızı dinlədikdən sonra məsələni araşdırmaq üçün bizdən vaxt istədi və 1 saat sonra zəng vurmağımızı xahiş etdi. Deyilən vaxtda yenidən sektor müdiri ilə əlaqə saxladıq. O, burada nə isə bir anlaşılmazlığın olduğunu söylədi: “Bizim Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnədən 2 faizlik həddi aşmaq səlahiyyətimiz yoxdur. Bütün poçt şöbələrimiz sistemdə göstərilən, yəni “Azərpoçt”un müəyyənləşdirdiyi məzənnə ilə işləyir. Mən siz dedikdən sonra aidiyyəti yerlərlə əlaqə saxlayıb maraqlandım, araşdırdım. Görünür, nə isə bir anlaşılmazlıq olubmuş. Bəlkə də şöbənin rəisi sizin suallarınızı səhv başa düşüb”.

“Sizin əlinizdə bununla bağlı səs yazısı olsaydı, çox yaxşı olardı”

N. Məmmədova bildirdik ki, şöbənin rəisi səhv edibsə, bəs onda xanım işçi niyə sistemdə göstərilən məzənnənin aşağı olduğunu demişdi? O bu sualımıza birmənalı cavab verməkdə çətinlik çəkdi: “Sizin əlinizdə bununla bağlı səs yazısı olsaydı, çox yaxşı olardı. Onda mən orada çalışan o işçilər barəsində lazımi tədbir gördürərdim. Bax belə. Hesab edirəm ki, mən sizin bütün suallarınıza cavab verdim”. Biz isə ona: “Jurnalist olaraq, bəlkə də, cavabı aldıq, amma bu anlaşılmazlıq nədən qaynaqlanır, səbəbi nə imiş, bu barədə tədbir görüləcəkmi və s. məsələlər yəqin ki, oxuculara tam aydın olmadı”,-dedik.

N. Məmmədovun son sözü isə belə oldu: “Olubsa, bundan sonra bir daha olmaz”…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here