“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planı yoxdur”

0
435
”Azərbaycan Prezidenti Avrasiya İqtisadi İttifaqının təsisçiləri olan Rusiya, Qazaxıstan və Belarusun dövlət başçılarına həqiqətən də məktubla müraciət edib”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, bu gün beynəlxalq münasibətlərdə ədalətli yanaşmanın olmaması müəyyən addımların atılmasına gətirib çıxarır: “Bu kontekstdə Avrasiya ərazisində yeni qurumun yaranmasını normal hesab etmək lazımdır. Bura üzvlük məsələsində bizi maraqlandıran Ermənistandır. Ermənistan 20 ildən artıqdır Azərbaycanın ərazilərinin bir hissəsini işğal altında saxlayır. Bununla bağlı BMT TŞ-nin 4 qətnaməsi, beynəlxalq təşkilatların mövqeyi var. Üstəlik, Minsk Qrupunun həmsədrləri bir neçə bəyanat veriblər ki, münaqişə ilə bağlı indiki status-kvonu saxlamaq olmaz. Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Bu prosesdə isə bizi təmin edəcək güclü addım atılmır. Bu çərçivədə düşündük ki, Ermənistan hansı şərtlərlə Avrasiya İqtisadi İttifaqına və Gömrük İttifaqına üzv ola bilər. Bununla bağlı Azərbaycan Prezidentinin müraciəti oldu və bu müraciəti də Qazaxıstan Prezidenti Nazarbayevin dediyi kimi, artıq təsisçi dövlətlərin rəhbərləri alıblar”.N. Məmmədov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmaq planının olmadığını bəyan edib: “Biz hələlik bunu düşünmürük. Bizi burada maraqlandıran yalnız Ermənistanın ittifaqa üzvlüyü məsələsidir”.

PA rəsmisi onu da vurğulayıb ki, bu gün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadığı üçün dünyada qaynar nöqtələr yaranıb və problemlər meydana gəlib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here