Peşə xəstəliyindən ölənlər…

0
374
“Hər il dünyada istehsalat xəsarəti və peşə xəstəliyindən təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir”.
Aprelin 28-i dünyada – Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur. Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dedi ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) açıqlamalarına əsasən, dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verir və bir işçi ölür: “Hər il istehsalat xəsarəti və peşə xəstəliyindən, təxminən, 2,34 milyon nəfər dünyasını dəyişir. 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Hər il istehsalatda 313 milyondan çox ölümlə nəticələnməyən bədbəxt hadisə baş verir. İstehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir”.

S. Müslümov vurğulayıb ki, 2014-cü ildə ölkəmizdə baş verən istehsalat qəzaları nəticəsində zərərçəkənlərin 26,0%-nin, həyatını dəyişənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı tikinti sektorunda hələ də əməyin mühafizəsi normalarına və qaydalarına riayət olunmasında problemlərin mövcudluğunu göstərir: “Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda həmin müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində ciddi nöqsanlar qalmaqdadır”. S. Müslümov istehsalatda bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə işəgötürənlər arasında maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirildiyini də bildirib. Bu tədbirlər çərçivəsində müvafiq  qurumların nümayəndələrinin iştirakı ilə tikinti və bir sıra istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyəti yerindəcə araşdırılır. İstehsalatda baş verən bədbəxt hadisələrin sayının getdikcə azalması ilə müşahidə olunduğunu nəzərə çatdıran nazir bildirib ki, 2015-ci ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb: “Bu, ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Həmin hadisələr nəticəsində ölənlərin sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb”.

S. Müslümov əlavə edib ki, qanuna əsasən, bütün işəgötürənlər hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.

Nazir Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanına əsasən, ƏƏSMN tərəfindən istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə də toxunub. O bildirib ki, bu sistem əmək hüquqlarının təminatına dövlət nəzarətinin birbaşa və səmərəli təşkilinə, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan, qeyri-leqal məşğulluq hallarının aradan qalxmasına imkan verib: “2015-ci ilin 24 aprel tarixinə olan məlumata görə, elektron informasiya sisteminə 2 milyon 156 min əmək müqaviləsi bildirişi daxil edilib”.

S. Müslümov bildirib ki, Əmək Məcəlləsinin 223-cü maddəsində əməyin mühafizəsi xidmətlərinin yaradılmasına, yenidən təşkil edilməsinə və ləğv edilməsinə, əməyin mühafizəsi üzrə vəzifələrin təsis edilməsinə dair işəgötürənlərin öhdəlikləri, əməyin mühafizəsi üzrə mütəxəssislərin hüquq və vəzifələri müəyyən edilib: “Bu maddənin birinci hissəsinin tələbinin icrasını təmin etmək məqsədi ilə “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanun layihəsi də hazırlanıb. Layihədə həmin məcəllənin 56-cı maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Təklif olunan dəyişikliklərə əsasən, işçilərin sayı əlli nəfərdən çox olduqda işəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin yaradılmamasına görə işəgötürənlərin vəzifəli şəxslərinə böyük məbləğdə cərimə nəzərdə tutulur”.

Nazir həmçinin məşğulluq və əmək qanunvericiliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin ƏƏSMN-nin müvafiq hesabına köçürülməsi ilə əlaqədar Əmək Məcəlləsinə və “Məşğulluq haqqında” qanuna müvafiq dəyişikliklər edildiyini də bildirib. O bunun dövlət nəzarətinin həyata keçirilməsi və inzibati xəta haqqında işlərə baxılması zamanı neqativ halların yaranmasının qarşısının alınmasına, nazirliyin əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına, sosial müdafiənin gücləndirilməsinə, maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldiyini diqqətə çatdırıb.

Nazir əməyin mühafizəsi istiqamətində mühüm uğurların əldə olunması üçün birgə səylərin bundan sonra da artırılacağına əminliyini ifadə edib. Konfransda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə əməyin mühafizəsi sahəsində vəziyyət, bu sahədə aparılan işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib ki, tədbirlər görülməsinə baxmayaraq, bir sıra müəssisələrdə istehsalat qəzalarının qarşısının alınması üçün profilaktiki tədbirlərin görülməsində hələ də nöqsanlar mövcuddur. Belə nöqsanlar xüsusən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti və ictimai iaşə, nəqliyyat və rabitə, emal sənayesi və s. sektorlarda özünü göstərir.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here