Rəcəb Tayyib Ərdoğan ermənilərə başsağlığı verdi

0
419
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarx əvəzi Aram Atəşyana 1915-ci il hadisələrinin anım mərasimi ilə əlaqədar məktub göndərib.
 R. T. Ərdoğanın məktubu İstanbuldakı Məryəm Ana erməni kilsəsində keçirilən mərasimdə oxunub. Türkiyə Prezidenti “dəyərli erməni vətəndaşlarım” deyə sözə başladığı məktubunda Birinci Dünya müharibəsi şərtlərində həyatını itirən bütün Osmanlı ermənilərini hörmətlə andığını, onların övladlarına və nəvələrinə başsağlığı verdiyini bildirib: “Osmanlı İmperiyasına və cümhuriyətimizə verdikləri iqtisadi, sosial, mədəni, siyasi töhfələrini daim təqdirlə xatırladığımız erməni icmasının coğrafiyamızın hər yerindəki xatirələrini gözəl duyğularla yad edirəm. İnsanlığın ən böyük fəlakətlərindən olan Birinci Dünya müharibəsində Osmanlı sərhədləri çərçivəsində hər millətdən milyonlarla insan əbədiyyətə qovuşdu. Bu savaş sırasında etnik, dini kimliyi nə olursa olsun, bənzər şərtlər altında həyatını itirən Osmanlı vətəndaşlarının hamısını rəhmət və hörmətlə anıram. Erməni toplumunun keçmişdə yaşadığı üzüntüverici hadisələri bildiyimizi və acınızı səmimiyyətlə bölüşdüyümü bir daha ifadə edirəm. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə könül qapımızın sonuna qədər açıq olduğunu da bilməyinizi istərdim”.

Qeyd edək ki, erməni kilsəsində keçirilən mərasimdə Türkiyə hökumətini Avropa Bilriyi naziri Volkan Bozkır təmsil edib.

 

Barak Obama “soyqırımı” ifadəsindən istifadə etməyib

“Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələr XX əsrin ilk kütləvi qətlidir”. Bu barədə ABŞ Prezidenti Barak Obama uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar verdiyi bəyanatda bildirib.

“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”, – deyə Barak Obamanın  bəyanatında qeyd olunub.

Qeyd edək ki, ABŞ prezidenti növbəti dəfə bəyanatında “soyqırımı” ifadəsindən istifadə etməyib.

Barak Obama bəyanatında Amerika və erməni xalqları arasında olan birliyini xüsusi qeyd edib: “Adi amerikalılar əziyyət çəkən erməni uşaqlarına yardım məqsədilə milyonlarla dollar toplayıblar, Konqres isə ilk beynəlxalq humanitar təşkilat olmuş Yaxın Şərqdə yardımın göstərilməsi üzrə təşkilat təsis edib.  Minlərlə erməni ABŞ-da yeni həyata başlayıb və burada  Amerika ictimaiyyətinin təməllərindən birinə çevrilmiş güclü diaspora qurub”.

Obama Osmanlı imperiyasında 1915-ci il hadisələrin 100 illiyinin “kədərli məqam” olduğunu bildirib: “Bu, tarixi yaddaşın əhəmiyyəti barədə düşünmək və həmçinin keçmişdə baş vermiş faktların etirafının çətin olsa da mühüm olmasına dair bizim hamımıza bir çağırışdır”, – deyə o bildirib. “ABŞ prezidenti tarixin bu qaranlıq səhifəsini işıqlandırmağa çalışan Roma Papası Fransiskin, türk və erməni tarixçilərinin mövqelərini alqışlayır”, – deyə bəyanatda bildirilib.

 

Almaniya Prezidenti 1915-ci il hadisələrini “soyqırımı” adlandırıb

Almaniya Prezidenti Yoaxim Qauk Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb və həmin hadisələrdə Almaniyanın qismən məsuliyyətini etiraf edib. “Biz, almanlar, məsuliyyət  bölgüsü  və hadisələrdə qismən təqsirli olmağımız məsələsinə gəlincə keçmişə yenidən nəzər salmalıyıq”, – deyə Yoaxim Qauk kayzer  Almaniyasının hərbi nümayəndələrinin I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrdə iştirakını nəzərdə tutaraq bildirib. Almaniya Prezidenti nitqində aprelin 24-də bundestaqda müzakirəyə çıxarılacaq qətnamə layihəsinin mətnində yer almış cümlələrdən istifadə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here