Fermerlərə əlavə subsidiyalar verilə bilər

0
279
Azərbaycanda fermerlərin gübrə ilə təmin olunmasına dair problem həll edilməkdədir. 
Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, əvvəllər Azərbaycanda gübrəyə tələbat az olub, amma sonradan dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlər tələbatı artırıb: “Ölkə prezidentinin fərmanı ilə gübrəyə olan güzəştlərin həddi 50%-dən 70%-ə, hər hektara görə verilən subsidiya isə 50 manatdan 80 manata qaldırıldı. İnsanlar baha olduğuna görə az gübrə alırdılar, amma indi çox alırlar. Əvvəlki illərdə ölkəyə 20-25 min ton azot gübrəsi gətirilirdisə, indi 50 min ton gətirilir. Növbəti ildə yalniz bu qəbildən olan gübrənin gətirilməsi 70-75 min tona çatacaq. Bu təkcə nazirliyin gətirdiyidir. Özəl şirkətlər də gətirir. Bu il bizim gətirdiyimiz gübrələrin üzərinə “70% güzəştlidir” yazılacaq. Bu da təzhizatçı şirkətlərin onu başqa formada satmasına imkan verməyəcək”.

Heydər Əsədov onu da deyib ki, indi gübrənin qiyməti əvvəlki dövrlərlə müqayisədə 2 dəfə azdır. Bu amil də gübrəyə tələbatı artırır. Bununla belə, onun sözlərinə görə, bəzi kənd təsərrüfatı məhsulları istehsalçıları torpağı analiz etdirmədən gübrə verirlər ki, bu da həm torpağa, həm də orada yetişdirilən məhsula zərər vurur: “Ola bilsin ki, torpaqda bu gübrədən artıqlaması ilə var və onu yenidən vermək zərərlidir. Bizim aqro-kimya lobaratoriyalarımız var, burada yoxlatdırmaq olar. İri miqyaslı müasir lobaratoriyaların tikintisinə başlamışıq və bu sahədə işlər daha yüksək səviyyədə aparılacaq. Bu dünya standartlarına uyğun məhsullar yetişdirib ixrac etməyə imkan verəcək”. Heydər Əsədov həmçinin deyib ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına il ərzində ikinci əkinə görə də əvvəlki qədər subsidiya veriləcək. Onun sözlərinə görə, bu yenilik həm bitkiçiliyə, həm həm də heyvandarlığa müsbət təsirini göstərəcək: “Keçən ilki monitorinqlərin nəticələri göstərdi ki, ölkədə yem bazası çox zəifdir və getdikcə zəifləyir. Bu da ikinci əkinə subsidiya olmaması nəticəsində əhalinin ona maraq göstərməməsi ilə bağlıdır. Belə vəziyyət mal-qaranın daha çox kəsilməsinə səbəb olur. Çünki yem bazası azaldıqca heyvanları saxlamaq çətin olur. Ölkə prezidentinin müvafiq sərəncamı ilə ikinci əkinə subsidiya verilməsi məsələsi həllini tapdı. Mən kənd təsərrüfatı məhsulları istehsalçılarını ikinci əkinə qoşulmağa çağırıram, onlar birinci əkin üçün aldıqları subsidiyaları, eyni həcmdə ikinci əkin üçün də alacaqlar” – deyə nazir qeyd edib.

 

“Bəzi sahələrə əlavə subsidiyalar

da verilə bilər”

Heydər Əsədov həmçinin bildirib ki, subsidiyaların verilməsində əsas prioritetlər dəyişə bilər: “Kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi mexanizminin ana xəttini hər hektara görə müəyyən edilən vəsait təşkil edir. Lakin müxtəlif faktorlardan asılı olaraq ana subsidiya ilə yanaşı subsidiyaya artımlar və ya azalmalar tətbiq oluna bilər. Avropa təcrübəsində hər hektara verilən ana subsidiya ilə yanaşı həmin ildə qarşıda duran vəzifələrdən asılı olaraq əlavə subsidiyalar tətbiq olunur. Məsələn, gənclərin bu sahəyə cəlb edilməsi üçün onlara əlavə yardımlar, damazlıq sektorunun inkişafı üçün bu sahəyə əlavə əmsallar tətbiq oluna bilər. Əlverişli və ya qeyri-əlverişli şəraitə görə subsidiyaların həcmi dəyişə bilər. Bundan başqa, ixtisaslaşma səviyyəsinə görə, həmçinin regionlara görə əmsallar dəyişə bilər. Azərbaycanda da ana subsidiyanın üzərində durmaqla müxtəlif sahələrə əlavə subsidiyaların verilməsi mexanizmi tətbiq olunur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here