Uşaqlarınızla xoş davranın və onları gözəl tərbiyə edin

0
367
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Uşaqlar, bəlkə də, dünyada yeganə varlıqlardır ki, sənin, mənim, onun, bunun demirik – bütün uşaqları sevirik. Küçədə, mağazada, toyda, bir sözlə, hər yerdə körpə görəndə, uşaq görəndə ürəyimiz açılır, könlümüz sevinir. Bəzən uşaqlara onların layiq olduqları həyatı yaşada bilmirik; ya buna maddi imkanımız çatmır, ya da başqa problemlər mane olur. Bəlkə heç onlara istədikləri qədər vaxt da ayıra bilmirik. Amma bu bir reallıqdır ki, ürəyimiz hər an uşaqlarla döyünür. Bir körpədən gələn şirin qoxunu dünyanın ən bahalı ətri belə, əvəz edə bilməz… Bugünkü uşaqlar sabah cəmiyyətimizin bir parçasına çevriləcəklər. Odur ki, onların tərbiyəsi çox vacib məsələdir. Öz uşağımız olmasa belə, qohumun, qonşunun, yaxının, uzağın uşağına da davranışlarımızla nümunə olduğumuzu unutmamalıyıq. Uşaqlar bizdən nümunə götürürlər, onlar bizi ideal gözündə görürlər. Odur ki, atdığımız addımlarda, etdiyimiz hərəkətlərdə bu amili nəzərə almalıyıq.
Uşaq tərbiyəsi…

Uşağın formalaşdığı ilk ünvan ailədir. Bəzən belə suallar səslənir ki, uşağın tərbiyəsi ilə ən çox kim məşğul olmalıdır? Çoxları bu məsələdə ən böyük vəzifənin daha çox ananın üzərinə düşdüyünü düşünür. Atanı isə daha çox evə pul gətirmək vəzifəsində təsəvvür edirlər. Halbuki uşaqların tərbiyədən tutmuş təhsilinə qədər bütün məsələlərdə atalarının da köməyinə ehtiyacları var. Başqa sözlə, atalar uşaqlarının təkcə maddi ehtiyacları ilə yox, mənəvi ehtiyacları ilə də maraqlanmalıdırlar. Bu da bir həqiqətdir ki, cəmiyyət dəyişdikcə atalıq və analıq məsuliyyəti də dəyişir. Artıq bugünkü ata-analar hər bir davranışlarının uşaqlarının “formalaşmasında” mühüm rol oynadığını dərk edirlər.

Əgər ailədə ata da, ana da eyni səyi göstərsələr, uşağın tərbiyəsi də asan olar. Ancaq hələ də bəzi ailələrdə bunun əksini düşünənlər də var. Halbuki ata və anada nə qədər müxtəlif keyfiyyətlər varsa, uşaqda da o qədər müxtəlif keyfiyyətlər inkişaf etdirmək olar. Bu baxımdan uşağın ata modelinə ehtiyacı olduğu qədər ana modelinə də ehtiyacı var.

İstər qız olsun, istər oğlan

İstər qız olsun, istər oğlan uşağınızla oyun oynayın. Təbii ki, bu, ilk növbədə, ata ilə uşaq arasındakı dialoqu davam etdirmək üçün lazımdır. Digər tərəfdən, siz oyun oynamaqla uşağınızla dost ola və ya uşağınızı daha yaxından tanıya bilərsiniz. Həm ata, həm ana bu yolla stresdən xilas ola və uşaqlarının “davranışlarına görə” atalıq və ya analıq rollarını təhlil edə bilərlər. Həmçinin uşağa bəzi dəyərləri oyun vasitəsilə aşılaya bilərsiniz. Kiçik yaşlarda başlayan “kiçik oyunları” gələcəkdə “böyük oyunlarla” (məsələn, idman oyunları kimi) davam etdirmək olar. Bu isə istər atanın, istərsə də ananın uşaqları ilə dialoqunu böyük yaşlarda da asanlaşdırar.

Uşağınıza kitab oxuyun

1 yaşından sonra uşağa kitab oxumaq (təbii ki, uşağın yaşından asılı olaraq) istər uşaqla sağlam dialoq, istərsə də, uşaqda sağlam inkişaf üçün çox vacibdir. Oyun oynamaqda olduğu kimi, kitab oxumaqda da atanın iştirak etməsi uşağın sağlam inkişafı üçün yaxşı nəticə verə bilər.

Nağıl və ya hekayə danışın

Uşağa nağıl, hekayə danışmaq və ya konkret misallar vermək uşağın inkişafı üçün ən təsirli üsullardan biridir. Bu, həm də ata və uşaq arasındakı dialoqu möhkəmləndirmək üçün çox vacibdir.

Uşağınıza dərslərində kömək edin

 

Uşaqla dostluq nizam-intizama mane olmamalıdır. Belə ki, ata və ya ana nə qədər demokratik olsa da, qətiyyətləri ilə nizam-intizamı bərpa edə bilərlər. Ata nə qədər çox məşğul olursa olsun, dərs məsələsində ana ilə eyni hərəkət etməli və mümkün olduğu qədər uşağının dərsləri ilə maraqlanmalıdır. Bu, atanın uşağının həm səviyyəsini, həm də imkanlarını görmək üçün də faydalı ola bilər.

 Uşaqlar özləri nə istəyirlər?

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə bir neçə uşaqla həmsöhbət olduq. Onlara həyatınızda nəyin dəyişməsini istərdiniz, sizə hansı hüquqların verilməsini arzulayırsınız?” sualları ilə müraciət etdik. Onlardan aldığımız cavablar maraqlı oldu. Məsələn, kimisi valideyninin onun üstünə qışqırmamasını, istədiyi hər şeyi edə bilmə hüququna sahib olmağı arzulayır, kimisi dərs oxuma əziyyətindən xilas olmaq istəyir. Bundan başqa, həmsöhbət olduğumuz uşaqlardan bəziləri valideynlərinin onlara dostları ilə görüş, şəhəri gəzmə məsələsində tam sərbəstlik verməsini istədiklərini dedilər.

Yaşadığı həyətdə futbol meydançasının olmasını arzulayan uşaqlara da rast gəldik. Onlardan kimisi oxuduğu məktəbdə futbol meydançasının olmamasından gileyləndi, kimisi də məhəllələrində həm futbol meydançasının salınmasını, həm də idman alətlərinin quraşdırılmasını arzuladığını dilə gətirdi.

 Uşaqların sosial müdafiəsi…

Uşaqların sosial müdafiəsi ailə ilə yanaşı, dövlətin də üzərinə müəyyən öhdəliklər qoyur. Heç şübhəsiz ki, uşaqların xoşbəxtliyi ailə ilə yanaşı, dövlətin həyata keçirdiyi sosial siyasətdən də çox asılıdır. Bəs ölkəmizdə bu sahədə vəziyyət nə yerdədir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan”a verilən məlumatda qeyd olunur ki, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən aparılan siyasət uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara dövlət qayğısının ildən-ilə artırılmasına səbəb olub.

Nazirliyin açıqlamasına görə, hazırda ƏƏSMN tərəfindən ailə başçısını itirmiş 39 min 342 nəfər uşağa və 63 min 94 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 min 287-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Ünvanlı yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı isə 285 min 872 nəfərdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunmuş ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq, ayda 45 manat müavinət də verilir.

Hər uşağa görə ayda 30 manat müavinət

Nazirlikdən bildirdilər ki, Prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə 1 yanvar 2014-cü il tarixdən ayda 30 manat müavinətin ödənilməsinə başlanılıb. Cari ilin 1 may tarixinə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdən çoxdur.

“Hazırda ƏƏSMN-in tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün uşaq bərpa mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində ƏƏSMN tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir”,-deyə məlumatda qeyd olunur.

Nazirliyin açıqlamasına görə, Prezidentin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli  Sərəncamı bu qəbildən olan uşaqlara diqqət və qayğının növbəti təzahürü hesab oluna bilər: “Sərəncama əsasən, ƏƏSMN-in sifarişləri əsasında vətəndaş cəmiyyətləri tərəfindən 2500 nəfərdən artıq uşağa və onların ailələrinə müxtəlif növ sosial xidmətlər göstərilir. Eyni zamanda ƏƏSMN-in sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa olunur. Bu müəssisə çətin həyat şəraitində və risk  qrupuna daxil olan uşaqları yaşayış şəraiti ilə təmin etməklə yanaşı, onların tibbi-psixoloji və sosial reabilitasiyası, uşaqlara nəzarətsizliyin profilaktikası və s. istiqamətlərdə müvafiq tədbirlər həyata keçirəcək”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here