Fırıldaqçı tikinti şirkətlərindən qurtulmaq mümkün olacaqmı?

0
371

Bir vaxtlar dələduz sözü yalnız şəxslərə aid edilirdi. Sonra həmin dələduz adamlar bir az da böyüdülər, məsələn, tikinti şirkətləri açdılar. İndi eyni adı həmin adamların şirkətləri daşıyırlar. Amma nə elə, nə də belə – fırıldaqçılara dələduzluqla qazandıqları pulları rahatlıqla xərcləmək nəsib olmur: tez-gec cəzasını görürlər. Bunun əziyyətini çəkən isə, heç şübhəsiz ki, sadə vətəndaşlar olurlar.

Mətbuatı daimi izləyən adamlar dələduz tikinti şirkətlərinin vətəndaşları aldatmaları barədə məlumatlara tez-tez rast gəlirlər. İnsanların min bir əzab-əziyyətlə qazandıqları pullar hesabına bina tikəcəyini vəd edən bəzi şirkət rəhbərləri sonradan vədlərinə xilaf çıxırlar. Vətəndaşlar isə gah yolu bağlayır, gah da etirazlarını ictimailəşdirməklə problemin həllinə nail olmaq istəyirlər. Buna nail olanlar da var, olmayanlar da.

Ən qəribəsi də odur ki, bu cür fırıldağa əl atanlar arasında səhərdən axşamadək televiziyada reklam edilən şirkətlər də olur.

Hər gün reklam olunan şirkətin cinayəti

İnsanlarımızın çoxunda belə bir düşüncə var ki, əgər bir şey televiziyada reklam olunursa, deməli, deyilənlər doğru olar. Məsələn, səhərdən axşamadək telekanallarda reklam edilən özəl xəstəxanaların çoxunda adam əlindən tərpənmək olmur. Tikinti şirkətlərinin reklamlarına inanıb oradan ev almaq qərarına gələnlər də az deyil. Əslində yəqin ki, insanların bu cür düşünmələri bir qədər normaldır. Normal olmayan isə əvvəllər səhərdən axşamadək efirdə reklam olunan şirkətlərin sonradan fırıldaqçıya çevrilmələridir.

Məsələn, elə götürək “Sevil Massivi” MTK-nı. Əgər bir vaxtlar səhərdən axşamadək efirlərdə bu MTK reklam olunurdusa, indi efirlərdə barəsində cinayət işi açılmasından, vətəndaşların şikayətlərindən danışılır.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu günlərdə keçirilən mətbuat konfransında deyib ki, “Sevil Massivi” MTK tərəfindən törədilmiş cinayətlərlə bağlı 5 şəxs cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda istintaq başa çatmaq üzrədir. Yaxın zamanlarda məhkəməyə verilməsi təmin ediləcək. Bu işlə bağlı 1279 şəxsə ziyanın ödənilməsi təmin edilib. Ziyanın hansı formada ödənilməsi vətəndaşın istəyindən asılıdır. Bəziləri bunun pul formasında ödənilməsini, digərləri isə natura şəklində, yəni mənzil və ya torpaq şəklində ödənilməsini tələb edir. Ödənilməyənlərlə bağlı isə ekspertizalar təyin edilib. Ekspertiza zamanı vətəndaşların nə qədər xərc çəkilməsi öyrəniləcək. Təqsirləndirilən şəxslərin 9 milyondan artıq əmlakları müəyyən edilərək onların üzərinə həbs qoyulub. Əminəm ki, məhkəmənin hökmündən sonra digərlərinə dəymiş ziyan da tam ödəniləcək”.

Vətəndaşların ən çox şikayət

etdikləri şirkətlərin adları

Yeri gəlmişkən, tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşların şikayət ünvanladıqları qurumlardan biri də Prezident Administrasiyasıdır. Hələ bir müddət öncə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda yayımlanan məqaləsində bildirmişdi ki, müraciətlərdə mənzil alan şəxslər aldadılmalarından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşmələrindən, nə ev, nə də verdikləri pulu geri ala bilməmələrindən gileylənirlər.

Süleyman İsmayılovun açıqlamasına görə, vətəndaşlar “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1”, “A.E.K”, “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “AAF-İnşaat”, “R+R”, “Birlik İnşaat”, “Ulduz”, “FOLKLOR”, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “Ələsgəroğlu”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər.

“Möhür olsa belə bu hər şeyin qaydasında olması demək deyil”

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə deyir ki, tikinti şirkətlərinin vətəndaşları aldatmalarının bir səbəbi də onların öz hüquqlarını bilməmələridir: “Yeni binalarda mənzil alan vətəndaşlar təkcə tikinti şirkətlərinin verdikləri sənədə güvənməməlidirlər. Tərəflər arasında həmçinin notarial müqavilə bağlanmalıdır. Şirkətin verdiyi sənədin üzərində hətta möhür olsa belə, bu, heç də hər şeyin qaydasında olması demək deyil. Lakin şirkətlə alıcı arasında notarial müqavilə bağlanması o deməkdir ki, bu müqaviləyə dövlət təminat verir”.

R. Osmanlının sözlərinə görə, tərəflər arasında notarial qaydada müqavilə bağlanırsa, vətəndaşın öz hüququnu tələb etmək imkanları artır: “Hətta vətəndaş və şirkət arasında münasibətlər məhkəmə səviyyəsində araşdırılanda bu müqavilə vətəndaşın köməyinə çatır”.

Ekspert bütün hallarda vətəndaşlara bu vəziyyətlə üzləşməmək üçün mənzil almazdan öncə tikinti şirkətinin fəaliyyətlərini araşdırmağı tövsiyə edir: “Bizdə bu sahədə boşluq var. Vətəndaş mənzilə baxır və almaq qərarı verir. Yaxşı olardı ki, əvvəlcədən tikinti şirkətinin biznes imkanları, indiyə qədər hansı fəaliyyətlər göstərdiyi, neçə bina tikib təhvil verdiyi, hüquqi sənədlərinin qaydasında olub-olmaması, qeydiyyat məsələləri araşdırılsın və yalnız bundan sonra qərar verilsin”.

Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin bu mövzuda verdiyi növbəti açıqlama isə fırıldaqçı tikinti şirkətləri tərəfindən vətəndaşların aldadılmalarının qarşısının alınacağına ümidləri artırır. K. Əliyev deyib ki, Azərbaycanda vətəndaşların mənzil-tikinti kooperativləri tərəfindən aldadılmasının qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur. Baş İdarə rəisinin sözlərinə görə, təəssüf ki, vətəndaşların mənzil-tikinti kooperativləri (MTK) tərəfindən aldadılması halları var: “Biz belə hallarla mübarizə aparırıq. Bu dövr ərzində MTK-ların fəaliyyəti ilə bağlı bir sıra işlər aparılıb. Gələcəkdə belə halların qarşısının alınması üçün qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı təkliflər hazırlanıb və müvafiq quruma təqdim edilib”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here