“Hər bir insanın gözündən müxtəlif dərəcədə xüsusi şüalar ayrılır”

0
342
Nəzər – canlı və ya cansız bir varlığın başına qəza və ya bəla gəlməsinə səbəb olduğuna inanılan şər bir qüvvədir. 
El arasında nəzərə bir çox adlar verilir: “gözdəymə”, “göz yandırma”, “göz çəkmə”, “göz istəyi” və “göz işıldaması” və s. İnsanların çoxu nəzərə, pis gözə tuş gəlməkdən qorxur. Bəzi insanlar bunu adi hal hesab edir, bəziləri isə bunu bir növ fobiyaya çevirirlər. Nəzərə inananlar da var, inanmayanlar da. Nəhayət ki, elm və din bu barədə ortaq məxrəcə gələ biliblər.  Əvvəllər də nəzərin olması sübut edilirdi, amma bunun necə yaranması, haradan qaynaqlanması bir qədər sual doğuran məsələ idi. Ancaq uzun müddətdir ki, elm adamları gözdəymənin mövcudluğu barədə maraqlı araşdırmalar aparırlar. Bəs, görəsən, çoxlarının qorxduğu bu bədnəzər nədir? Bunun bir elmi, tibbi əsası varmı? Bunu dəqiqləşdirmək üçün Azərbaycanın məşhur göz həkimi, professor, şair Paşa Qəlbinura müraciət etdik. “Nəzərin elmi əsası var”,-deyərək sözünə başlayan professor bildirdi ki, nəzər uzun illərdir müzakirə olunan mövzulardan biridir: “Son illər bu haqda dərin elmi araşdırmalar, tədqiqatlar aparılır. Bu tədqiqatlar da göstərir ki, hər bir insanın gözündən müxtəlif dərəcədə xüsusi şüalar ayrılır. Bu zaman insanın ətrafında bir maqnit sahəsi əmələ gəlir. Bu şüaların bir yerə istiqamətləndirilməsi qarşıdakı insana müəyyən dərəcədə mənfi və ya müsbət olaraq təsir edir. Bu şüalar şərti olaraq, yəni insanın gücü kimi, ürək döyüntüsü kimi özündən asılı olmayaraq yaranır. Nəzər insana və ya əşyaya zərər verə biləcək dərəcədə ola bilir. Ancaq insanın ölümünə səbəb ola biləcək dərəcədə deyil”.   “Nəzər hər kəsdə var” P. Qəlbinur onu da əlavə etdi ki, nəzər hamıda var: “Ancaq bəzilərində az, bəzilərində çoxdur. İnsanın fiziki gücü, xasiyyəti kimi, bu da fərqlidir. Bəzilərinə görə nəzərin dərəcəsi göz rənglərinə görə dəyişir. Ancaq bu fikir qətiyyən doğru deyil. Bu məsələnin göz rəngi ilə heç bir əlaqəsi yoxdur. Bunun tibbi izahı da var. Ancaq nəzər haqqında tədqiqatlar hələ də tam olaraq yekunlaşmayıb”. Deməli, dinlərdə haqqında söz açılan nəzər anlayışı elmə görə də öz təsdiqini tapıb. Bəzi insanların mövhumat, xurafat adlandırdıqları bəd-nəzər anlayışı, həqiqətən də, var və öz təsdiqini tapıb. İndi bildik ki, insanların gözləri çox şeyə qadirdir, onlar çox təsirli şüalar – həm müsbət, həm də mənfi şüalar yaya bilir. Bəs, görəsən, dinimizdə nəzər nədir? Həqiqətən, varmı? Mövzunu dini tərəfdən araşdırmaq üçün, ilahiyyatçı, şərqşünas dr. Qafar Ocaqlıya müraciət etdik. Nəzərin, həqiqətən də, olduğunu bildirən ilahiyyatçı sözlərinə əlavə edərək dedi: “Nəzərlə bağlı ayətlərdə və hədislərdə qeyd olunub. Qurani-Kərimdə “Qələm” surəsinin 51-ci ayətinə nəzər salsaq, bunu açıq şəkildə görərik: “Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): “O, dəlidir!”- deyirlər”.  Hətta, cahiliyyə dövründə Hz. Peyğəmbərə (s.ə.v) nəzər edildikdən sonra o, xəstəliyə düçar olub. Bu zaman  xəstəlikdən şəfa tapmaq üçün Allah Təala ona “Fələq” və “Nas” surələrini nazil edib. Hətta nəzərlə bağlı məşhur bir ərəb məsəli də var: “Həqiqətən də, nəzər (göz) insanı qəbirə, dəvəni də qazana salar”. Bu məsəldən aydın görünür ki, nəzər hər şeyə, hətta heyvana da dəyə bilər. Nəzərdən qorunmağın ən yaxşı yolu ayətlər, dualar oxumaq və “Maşallah” kəlməsini deməkdir. İnsan xoşuna gələn bir şeyə nəzərinin dəyməməsi üçün daima bu kəlimədən istifadə etməlidir. Çünki nəzər hər kəsdə var. Bu, insanın özündən asılı bir şey deyil. Hətta ananın da öz uşağına nəzəri, gözü dəyə bilər”.   “Nəzər bir növ həsəddir” Bakı İslam Universitetinin müəllimi Əli Şərbətov isə bildirdi ki, nəzər dinimizdə birmənalı şəkildə qəbul olunmur: “Nəzərin, gözdəymənin İslam dinində dəqiq bir təsdiqi yoxdur. Bu bir növ həsəddir. Yəni nəzər insanların bir-birinə və ya başqasına həsəd aparması, bu həsədin müqabilində ona etdiyi bir pislikdir.  Hz. Peyğəmbər (s.ə.v) də “Həsəd etməkdən çəkinin. Çünki atəş odunu yandırıb bitirdiyi kimi, həsəd də yaxşılıqları yeyib bitirər”,-deyə həsədin pis bir şey olduğunu dəfələrlə vurğulamışdır”. Nərmin  Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here