“Yarımmüdafiə yoxdursa, işin ağır olacaq”

0
469

Yığmamız ABŞ toplanışı çərçivəsində yeganə yoldaşlıq görüşü keçirməyi nəzərdə tutmuşdu və bu oyunda da ABŞ millisini məşğlub oldu. Daha çox müdafiə olunmağa üstünlük verən Berti Foqtsun yetirmələri yenə 70-ci dəqiqədən sonra qollar buraxmağa başladılar. Həmin oyunu dəyərləndirmək üçün tanınmış mütəxəssis Ağasəlim Mircavadova müraciət etdik. Təcrübəli mütəxəssis millimiz çıxışına və davam edən problmeləri münasibətini açıqladı.

– Millimiz ABŞ-da baş tutan təlim məşq toplanışı çərçivəsində bu ölkənin millisi ilə qarşılaşdı və 0:2 hesabı ilə məğlub oldu. Bu oyunu necə dəyərləndirərdiniz?

– Mən deyərdim ki, belə oyunlarda futbolçular yoxlanılır. Təzə oyunçulara baxış olur. 3 aydan sonra Avropa Çempionatının seçmə mərhələsinin oyunlarına start veriləcək. Ona görə indidən hazırlaşmaq lazımdır. ABŞ-la oyun barədə deyə bilərəm ki, futbolçularımızın gücü nəyə çatırdısa, onu da etdilər. Yəni əllərindən gəldiyi qədər meydançada mübarizə apardılar. Bunu demək olar. Amma yenə də problemlər qalmaqda idi. Topla işləmək problemi, irəlidə top salxaya bilməmək, orta xəttdə liderin olmaması, oyunu idarə etmək problemləri qalır. Bu problemləri həll etmək üçün klublar da işləməlidirlər. Futbolçular klublarda hazırlanmalıdırlar. Hazırda Azərbaycanda olan bütün güclü futbolçuların hamısı milliyə dəvət alırlar. Elə baş məşqçi Berti Foqts oyunçuların çoxuna şans verib yoxladı. Əvəzetmələr lazım idi. Belə oyunlarda nəticə elə də əhəmiyyətli deyil. Ön planda olan oyundur. İlk növbədə oyunun mahiyyəti vacibdir. Müdafiədə həyəcan qalırdı. Komanda standart vəziyyətdən qol buraxdı. İkinci qolda əfsuslar olsun ki, ABŞ-lı futbolçu hərəkətinə bizim futbolçularımız reaksiya göstərmədilər. Bu, yorğunluqdan da qaynaqlana bilər, anlaşmada prroblemlərin olmasından da. Ümumiyyətlə, yığmada analiz çox əldır. Klublarda da belə olur. Amma klub oyunları elədir ki, sən hər gün futbolçularla söhbət edə bilirsən. Amma yığmada elə deyil. Yığmada analizlər mütləqdir. Hansı problemlərlə bağlı qol buraxmağımız analiz olunmalı və bunun aradan qaldırılması üzərində çalışmalar olmalıdır. Bir də ki, biz hansı yerdə qol vurmalıyıq və necə vurmalıyıq. Bunun üzərində də işləmək lazımdır. ABŞ yığmasına gəldikdə isə demək olar ki, onlar yükləniblər. Mən onların digər oyunlarını görməmişəm, amma mənə bir şey maraqlıdır ki, bunlar hansı oyunla qələbə qazanırlar. Oyun boyu bu görülmürdü. Bəlkə də yoldaşlıq görüşü olduğu üçün onlar da taktiki gedişləri yoxlayırdılar. Amma hal-hazırda yığmanın oyunu olmalıdır. Bu mütləqdir. Məncə bu oyun lazım idi. Bu oyun bir daha göstərdi ki, bizdə lider olmalıdır. Çünki hücum orta sahədən asılıdır.

– Amma bizdə orta sahə yox kimidir. İkinci hissədəki əvəzetmələrdən sonra demək olar ki, meydançada müdafiəçilər və hücumçular qalmışdı. Yarımmüdafiə olmadan komanda necə qabaqda top saxlaya bilər?

– Hər məşqçinin öz fikri var. Mən heç vaxt Maksim Medvedevi həmin zonada oynamağa qoymaram. Ola bilər ki, hansısa oyunun gedişində məcbur qalıb bunu edəsən. Çıxılmaz vəziyyətdə qalsan o başqa məsələ. Amma cinah müdafiəçisini dayaq yarımmüdafiəçisi kimi oynatmaq… Nə bilim e, yenə deyirəm hər məşqçinin öz fikri var. Yoldaşlıq görüşlərində məqsəd olur. Bu məqsədə görə də oyunçu öz mövqeyində çıxış etməlidir. Yoldaşlıq görüşlərində zəif olan mövqeyləri tapmaq və onların üzərində işləmək lazımdır. Qayda belədir. Yarımmüdafiə yoxdursa, hər şey ağır olacaq. İngilislər bunu boş yerə deməyiblər. Onlar deyirlər ki, orta xəttini göstər mənə, deyim necə komandasan. Mənim bir şey xoşuma gəldi ki, uşaqlarda istək var idi.

– Komandamız çox sadə epizodlarda qol buraxdı. Bundan əlavə, yenə oyunçularımız işlətdikləri xoş olmayan ifadələr televizorlardan da eşidilirdi. Həmçinin bir epizodda Raufla Pərdis mübahisə etdilər. Bu amillər komandada nizam-intizamın aşağı səviyyədə olmasından xəbər verir?

– Yox, futbolda elə şeylər olur. Hər xırda şeyi böyütmək lazım deyil. Amma bir reallıq var ki, hər xırda şey tez böyüyür. Oyunda həyəcandan, futbolçunun hərəkətindən sonra hər hansı qeyri-etik söz və ya reaksiya ola bilər. Amma indiki halda hər bir futbolçu özünü saxlamağı bacarmalıdır. İlk növbədə özünə, sonra isə yanındakı yoldaşına hörmət etməlidir. İrad bildirmək olar, amma bu əsəbi formada olmamalıdır. Mən deməzdim ki, nizam-intizam yoxdur. Futbolda elə şeylərə tez-tez rast gəlmək olur. İrad elə formada olmalıdır ki, kənardan görülməsin. İndi elədir ki, televizayalar hər bir epizodu dəqiq göstərə bilirlər. Futbolçular bu amili nəzərə almalıdırlar. Ən yaxşısı isə epizodları oyundan sonra təhlil etməkdir. Oyundan sonra oturub bir-biriləri ilə söhbət etsələr, daha yaxşı olar. Onda deyirlər ki, komanda bir ailədir.

– Siz həmin oyundakı performanslarına görə kimləri fərqləndirərdiniz?

– Hazırlıq oyunu olduğu üçün meydançaya çox futbolçu buraxıldı. Rauf işgüzar idi. Birinci hissə Vaqif heç görsənmədi. İkinci hissə nəsə yoruldu. Ola bilər ki, yorğunluq var idi. Çünki bizimlə ABŞ arasında saat fərqi çoxdur. Mənə elə gəlir ki, belə oyunlarda ilk növbədə ortalığa  xarakter çıxır. Qaranın oyunu işgüzarlıq mənasında mənim çox xoşuma gəldi. “Qarabağ”da necə oyun göstərirdisə, elə oynamağa çalışdı. Bu da oyunçu üçün vacib amillərdəndir. Ruslan Abışov isə uzunmüddətdir komandasında oynamırdı. Mən istəyərdim ki, Ruslan klubunu dəyişsin. Hansı klubda oynaya biləcəksə, ora getsin. Çünki ona oyun praktikası vacibdir. Oynamasa, onun üçün çox ağır olacaq. Qalanları isə nə bacarırdılarsa, onu da etdilər. Səhvlərimiz çox oldu. Çünki həyəcan yüksək idi.

HARUN SADIQLI

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here