Dünyanı heyrətləndirən məşhur müsəlman alimlər: İbn Xəldun (2)

0
452
İbn Xəldun Misirə gəldiyi dövrdə bu ölkə özünün ən yaxşı dövrlərindən birini yaşayırdı.  
Türk Məmlük sultanları tərəfindən idarə edilən Misirdə daxili sabitlik, əmin-amanlıq hökm sürür, ölkə mədəni və iqtisadi, həmçinin siyasi baxımdan inkişaf dövrünü yaşayırdı.  Ona görə də Misiri gördüyü andan İbn Xəldun bu ölkəni bəyənmiş və valeh olmuşdu. Misirdə gördüklərindən çox məmnun olduğunu İbn Xəldunun dediyi: “Misiri görməyən, gəzməyən islamın gücünü və qüdrətini, möhtəşəmliyini anlaya bilməz”,-sözləri də sübut edir. İbn Xəldun əslində son yaşayış yerini siyasi intriqalar üzündən tərk etmişdi. O, Misirdə özünün könül rahatlığını tapacağına ümid edirdi. Hər halda İbn Xəldun Misirə gələndə orta yaşda idi və bu yaşda insan həmişə nəyə isə can ataraq özündən sonra nə isə bir iz qoymaq istəyir. Digər tərəfdən də, əmin-amanlıq içində olan  qədim tarixə malik sivilizasiyalar mərkəzi kimi tanınan Misirdə İbn Xəldun sakit halda tarixi tədqiqatlarını davam etdirə bilərdi. Gözləmək olardı ki, saray həyatından bezən və dəfələrlə siyasi intriqaların qurbanı olaraq son anda ölümdən və ya həbsdən canını qurtara bilən İbn Xəldun Misirdə keçmişdəki acı təcrübəsindən dərs çıxararaq daha saray həyatına can atmayacaq. Beləliklə də, o özünü və ailəsini hər an gözləyə biləcək intriqaların qurbanı olmaq təhlükəsindən sığortalaya biləcək. Lakin uşaqlıqdan siyasi mühitdə böyüyən və anadan olduğu ailədə siyasi həyat dərsləri alan İbn Xəldun saray, siyasi həyatdan uzaq dura, siyasi həyatsız yaşaya bilmirdi.

Halbuki İbn Xəldun özünü hansı təhlükələrin gözlədiyini çox yaxşı bilirdi və buna baxmayaraq, siyasi həyata yenidən can atmaqda idi. Çünki onun xəmiri anadan olandan siyasətdən yoğurulmuşdu. Siyasət onun üçün hava və su demək idi. Ona görə də bir müddət Misirdə yaşayandan sonra İbn Xəldun yenidən siyasət üçün darıxmağa başladı, o, saraya can atdığını artıq gizlətmir və bunu onu tanımağa başlayanlar da hiss etməyə başlamışdılar. İbn Xəldun 15 il ərzində müsəlman Şərqinin yaşadığı siyasi qarışıqlığa şahidlik etmişdi. Saray intriqalarına cəlb edilmiş, həbsdə olmuş, şərəfli hökmdarları, çöllərdə yaşayan qəbilələri görmüşdü. Misirə səyahəti ilə o, həyatının ilk yarısını başa vururdu və yeni, ikinci yarısına başlayırdı.

Sultanla tanışlıq və yeni saray intriqaları

Tunisdə və başqa yerlərdə böyük diplomatik, siyasi fəaliyyətlə məşhur olan İbn Xəldunun Misirə gələrək burada yaşamasının xəbəri Misirin Məmlük sultanı Zahid Berqoqa da gedib çatmışdı. Berqoq da İbn Xəldunun saraylarda yüksək vəzifələr tutduğunu və onun yaxşı, təcrübəli siyasətçi olduğundan xəbərdar idi. Belə bir təcrübəli və hörmətli zatın Misirdə yaşaması bütün hallarda Məmlük sultanı tərəfindən rəğbətlə qarşılandı. Berqoq İbn Xəldunla tanış olmaq qərarına gəldi. 1384-cü ildə İbn Xəldun Sultan Zahid Berqoqa təqdim edildi. Sultan Zahid Berqoq İbn Xəldunla  tanışlıqdan məmnun qaldı və onun ağıl və təcrübəsini nəzərə alaraq, qarşısındakına hörmət əlaməti olaraq, onu Qahirədəki Maliki Baş Qazılığına baş qazi təyin etdi. Yeni vəzifəsini icra etməklə bərabər, İbn Xəldun həm də mədrəsədə və Əzhər məscidində dərs verirdi. Əlbəttə, İbn Sina Əndəlus da daxil olmaqla bir çox ölkələrdə yaşamış və onun dünyagörüşü, düşüncə tərzi Misirdəki islami dünyagörüşü və düşüncə tərzi ilə üst-üstə düşmürdü. Bu, onun fəaliyyətində də, islami dəyərlərin təbliğində, söylədiyi fikirlərində də aydın şəkildə nəzərə çarpırdı. İbn Xəldunun islami qanun-qaydalar çərçivəsini aşma anlamına gələn bəzi fikirləri, islamda islahatların aparılmasını təbliğ etməsi Misirin tanınmış üləmalarının, elm adamlarının bir çoxunun xoşuna gəlmədi. Onlar belə hesab edirdilər ki, İbn Xəldun islamda təfriqə salmağa, onu parçalamağa cəhd edir. Ona görə də onlar İbn Xəldunu məhkəməyə verdilər. Məhkəmənin sorağı gedib sultana da çatdı.  Sultan dərhal məsələ ilə yaxından maraqlandı və bu prosesdə şəxsən iştirak etdi. İbn Xəldunun başı üzərini növbəti dəfə intriqa qurbanı ola bilmək təhlükəsi almışdı. Lakin məhkəmədə İbn Xəldun özünü müdafiə edə və onun söylədiklərini tamam fərqli yöndə yozanların, qəbul edənlərin iddialarını yalana çıxara və özünün təmizliyini sübuta yetirə bildi. Nəticədə Sultan Zahid Berqoqun da iştirak etdiyi məhkəmə İbn Xəlduna bəraət verdi. Lakin misirlilərdən bərk inciyən İbn Xəldun artıq qazı vəzifəsini yerinə yetirmək istəmədi və bunu açıq şəkildə sultana bildirdi. Sultan onun vəzifəsindən imtina etməsi istəyinə hörmətlə yanaşdı və onun istefasını qəbul etdi. Amma İbn Xəldunun öz vəzifəsindən istefa etməsi bəzi tədqiqatçılar tərəfindən fərqli şəkildə izah edilir. Belə bir fikir vurğulanır ki, guya İbn Xəldun vəzifəsindən istefa verməyib, onu açıqfikirli olması, islamda islahatların vacibliyini təbliğ etməsi səbəbindən tutduğu vəzifəsindən azad ediblər və o heç də qazılıqdan könüllü şəkildə istefa verməyib. Çünki məntiqi baxımdan əgər İbn Xəldun məhkəmədə özünü müdafiə edərək təmizə çıxara bilsəydi, onda istefa verməsinə ehtiyac da olmazdı… Bu arada isə ibn Xəldun ailəsini Misirə gətirmək istəmişdi. Lakin Tunisdən dəniz yolu ilə Misirə gələn gəmi qasırğa nəticəsində batmışdı. Nəticədə İbn Xəldunun ailəsindən yalnız həyat yoldaşı və iki uşağı sağ qalmışdı.

Sultan yenə İbn Xəldunu bağışlayır

Qazı vəzifəsini tərk edəndən sonra İbn Xəldun bir müddət yenidən sakit həyat yaşamaq qərarına gəldi, o, Feyyumdakı mülkünə köçərək orada yaşamağa başladı. Bir müddət burada qaldıqdan sonra o, Həccə getmək üçün Tunisi tərk etdiyini xatırladı. Ona görə də Həccə getmək qərarına gəldi. 1387-ci ildə Həccə getmək üçün yola çıxdı. Məqsədi Həcdən sonra bir müddət Məkkədə qalmaq və orada kitabxanada tarixi tədqiqatlar aparmaq idi. Çünki yazdığı kitabla bağlı bəzi qaranlıq məqamlar var idi. Həcc ziyarətini başa vurandan təxminən bir il sonra yenidən Misirə qayıtdı. Sultan tərəfindən yenidən rəğbətlə qarşılanan İbn Xəldun bu dəfə

Sarğatmeş mədrəsəsində müdir vəzifəsinə təyin edildi. Amma hadisələrin gedişi göstərdi ki, İbn Xəldun sultandan bərk inciyibmiş və qazı vəzifəsini tərk etməsini ona həzm edə bilmirmiş. Onun bu incikliyi Misirdə Sultan Zahid Berqoqa qarşı baş verən üsyana münasibətdə də özünü aydın şəkildə göstərdi. Belə ehtimal edilir ki, üsyanın başlanmasında İbn Xəldunun sultanın əleyhinə verdiyi fətva da müəyyən rol oynayıbmış. Amma üsyan uğursuzluğa dükar oldu və nəticədə bu qarışıqlığa səbəb olan fətva verdiyinə görə İbn Xəldun əhali arasında hörmətdən düşmüş oldu. Bir arada hətta sultan əleyhinə üsyana fətva verdiyinə görə İbn Xəldunu həbs edilmək təhlükəsi belə gözləyirdi. Lakin saraydaxili intriqalardan bacarıqla baş çıxaran və həmişə özünü gözləyə bilən təhlükədən sığortalaya bilən İbn Xəldun dövrünün böyük diplomatlarından biri idi. Ona görə də o bu dəfə də diplomatik təcrübəsindən istifadə edərək sultanla aranı düzəldə və yenidən onun rəğbətini qazana bildi.

Sultan Zahid Berqoq İbn Xəlduna olan rəğbətini və onun səmimi olduğuna inanmasının sübutu kimi onu yenidən Maliki qazısı vəzifəsinə təyin etdi. Amma o bu vəzifədə də uzun müddət işləyə bilmədi və bir ildən sonra yenidən tutduğu vəzifədən istefa verdi. Sonrakı illərdə yenidən dəfələrlə oxşar  vəzifələrə təyin edildi və sonra da azad edildi. Misirdə olduğu illərdə o sultan tərəfindən 4 dəfə gah vəzifəyə təyin edildi, gah da çıxarıldı. Ola bilsin ki, Sultan İbn Xəlduna inansa da, ona çox da etibar etməyibmiş. Belə güman etmək olar ki, sultanın ibn Xəldunu tez-tez vəzifəyə qoyub-çıxarması da bir iş yerində çox qalaraq onun hökumət əleyhinə təbliğat aparmasından, əhalini ona qarşı qaldıra bilməsindən ehtiyat etməsi ilə bağlı olub.

Bununla belə, Sultan Zahid Berqoqun ibn Xəlduna olan rəğbəti onun ailəsinə də sirayət etmişdi. Bunu sultanın yerinə keçən 10 yaşlı oğlu Sultan Fərəcin İbn Xəldunu özü ilə Dəməşqin müdafiəsi üçün Suriyaya aparması da sübut etdi. Həmin vaxt İbn Xəldunun 70 yaşı vardı və qoca vaxtında səfərə çıxmaq istəməsə də, sultanın iradəsinin əleyhinə çıxa bilmədi.1400-cü ildə Əmir Teymur Dəməşqi mühasirəyə aldı. İbn Xəldun  Dəməşqdə olduğu vaxt Sultan Fərəc əleyhinə Misirdə üsyan qalxdı. Sultan üsyanı yatırmaq üçün təcili şəkildə Misirə qayıtmalı oldu. ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here