Rusiya ilə Qırğızıstan arasında yenidən soyuq küləklər əsir

0
412
Son illərdə dəfələrlə Rusiya-Qırğızıstan münasibətlərində gah gərginlik, gah da yaxınlaşma meyilləri müşahidə olunub.
 Bu baxımdan 2006 və 2010-cu illərdə Qırğızıstanda baş verən rəngli inqilab nəticəsində hakimiyyətə yeni güclərin gəlməsi və son nəticədə ABŞ-ın Bişkek yaxınlığındakı “Manas” hərbi yük daşımaları bazasını tərk etməyə məcbur olmasını təsadüfi hesab etmək olmaz. Belə ki,  Qırğızıstanda baş verən hər iki hakimiyyət dəyişikliyinin arxasında Rusiyanın dayandığı istisna edilmir. Hər halda 2010-cu ildə Qırğızıstanda baş verən növbəti rəngli inqilab Rusiyaya bölgədə möhkəmlənməyə imkan verdi. Faktiki olaraq, Rusiya son hakimiyyət dəyişikliyindən sonra nəinki ABŞ-ı Qırğızıstandan vurub çıxara bildi, həm də müxtəlif bəhanələrlə, şirnikləndirici vədlərlə buranı özünün hərbi plasdarmına çevirməyə başladı. Belə ki, ABŞ-ın Qırğızıstandakı varlığına son qoymağa nail olan Rusiya Bişkek yaxınlığında hərbi hava bazası yaradaraq bu ölkədəki silahli qüvvələrinin sayını daha da artırmaq imkanı əldə etdi. Son bir ildə isə Qırğızıstanın Avrasiya Birliyinə üzv olması istiqamətində addımlar atılmasına nail olan Kreml faktiki olaraq buranı öz təsiri altına almış kimi görünür. Lakin bölgədə baş verən hadisələr göstərir ki, Qırğızıstan-Rusiya münasibətləri hələ də arzuedilən səviyyədə deyil və Moskvanı adıçəkilən ölkədə tam möhkəmlənmiş hesab etmək olmaz. Bunu ötən gün mətbuatda ABŞ-ın Qırğızıstandakı səfirliyinin Əbu Dabidən Ukraynaya məxsus iki yük təyyarəsi ilə mart ayının sonunda( 28-30 mart), belə demək mümkünsə, 150 ton “naməlum” təyinatlı yük alması barədə mətbuatda gedən iddialar da sübut etməkdədir.  Baş verən hadisənin üstündən təxminən 18-19 gün keçəndən sonra bu barədə məlumatın mətbuata sızdırılması isə çoxlu sayda suallar ortaya çıxarıb. Belə ki, yerli mətbuatın yazdığına inansaq, səfirliyə aid edilən və diplomatik qanun-qaydalara əsasən yoxlanılmamış yüklər bölgədə guya Vaşinqtonun hansısa planı həyata keçirmək niyyətlərinə xidmət edir. Bu niyyətlərin arxasında ABŞ-ın Qırğızıstanda yeni rəngli inqilaba baş vuracağı və bununla bağlı hökumət əleyhdarı güclərə maliyyə və digər hərbi-texniki  xidmətlər göstərəcəyinin dayandığı  vurğulanır. Ona görə də 150 ton yükün guya pul və hərbi-texniki avadanlıqlar olduğu barədə çoxsaylı şayiələr dolaşmaqdadır. Amma Rusiya və Qırğızıstan mətbuatında, o cümlədən Bişkekdə rus dilində çıxan  “Delo” qəzetində məsələ ilə bağlı ortaya atılan iddiaların doğru ola bilməsini sübut edəcək bir fakt belə yoxdur. Öz növbəsində, Qırğızıstan Təhlükəsizlik orqanlarına yüklərin hansı məqsədlərə xidmət etdiyi məlum deyil. Ona görə də Qırğızstan xüsusi xidmət orqanları  məsələ ilə bağlı susmaqdadırlar. Çünki onların əlində Rusiya və yerli mətbuatda naməlum təyinatlı yükün nədən ibarət olmasını sübuta yetirə biləcək  və ya təkzib edə biləcək hər hansı bir fakt yoxdur.

Digər tərəfdən də, Rusiyanın Qırğızıstandakı ABŞ Səfirliyinin  fəaliyyətinə soyuq müharibə  illəri dövründə post-sosializm ölkələrinə münasibətdə olduğu kimi qısqanclıqla yanaşması Kremlin bölgədə tam möhkəmlənə bilmədiyini və bundan narahat olduğunu  bu ölkəni özünün quberniyası hesab etməkdə olduğunu göstərməkdədir. İş orasındadır ki, qırğızların siyasi deyil, iqtisadi çətinliklər baxımından Rusiya ilə əlaqələri genişləndirməyə məcbur olduğunu Moskvada yaxşı anlayırlar. Hər halda müstəqilliyini əldə edəndən sonra qırğızlar arasında milli özünüdərkin artması və ölkədə rəsmi yazışmalarda rus dilindən qırğız dilinə keçilməsi rəsmi səviyyədə ölkənin müstəqilliyinin qorunub saxlanılmasi siyasəti yürütdüyünün təsdiqinə çevrildi. Rusiya məhz bundan narahatdır.  Ona görə də ABŞ Səfirliyinə iki təyyarə yükün gətirilməsi ətrafında belə ajiotaj qaldırılır. Bununla bağlı Rusiyanın ABŞ-ın Qırğızıstandakı səfiri Riçard Maylsın guya rəngli inqilablar ustası və müəllifi olmasına diqqətin cəlb edilməsini də təsadüfi hesab etmək olmaz. Guya məhz bu yüklər Maylsa bölgədə hansısa rəngli inqilabların həyata keçirilməsi üçün lazımdır. Rusiya mətbuatında məsələ ətrafında ajiotajın qaldırılması isə, təbii ki, Qırğızıstan rəhbərliyində narahatlıqla qarşılanmaqdadır. Çünki gələn ay Qırğızıstanın Avrasiya İqtisadi İttifaqında tam hüquqlu üz kimi fəaliyyətə başlayacağı gözlənilir. Bu müstəvidə Rusiyadan maliyyə yardımları almağa ümid edən Qırğızıstan rəhbərliyinin məsələ ətrafında qaldırılan ajiotajdan narahat olması isə təbii qarşılana bilər. Bu arada isə Qırğızıstanda Rusiyanı narahat edən daha bir hadisə baş verib. Belə ki, Almaniya üzərində qələbənin 70 illiyinin bayram edilməsi ərəfəsində Qırğızıstan müstəmləkə rejiminin nişanəsi kimi qəbul edilən və çarizm dövründə imperiyanın təbəəsi anlamına gələn “Georgi” lentlərindən imtina edib. Qırğızıstanın Almaniya üzərində qələbənin bayram edilməsi ilə bağlı meydanların, küçələrin bəzədilməsində, həmçinin müharibə iştirakçılarına təqdim edilən və sinəsini yarıya qədər örtən “Georgi” lentlərindən imtinası və bunu qırğız milli lentləri ilə əvəz etməsi Rusiyada ciddi narazılıqla qarşılanıb. Bütün bunlar isə Rusiya ilə Qırğızıstan arasında yenidən soyuq küləklərin əsməyə başladığını göstərir və iki ölkə münasibətlərinin gələcəyinə yaxşı heç nə vəd etmir.

ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here