Onlara olar, Böyükağa müəllimə olmaz?

0
301

Mən demişəm, yenə də deyirəm. Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa müəllim Hacıyev idman aləmimizin unikal şəxslərindən biridir, yaxud birincisidir. Demək olar ki, onun hər bir açıqlaması hər kəsdə maraq doğurur. Odur ki, bütün mətbuat orqanları bu kişinin ağzını açıb bir kəlmə söz deməsini həsrətlə gözləyir.

Bu günlərdə Böyükağa müəllim “Neftçi”nin cari mövsümün birinci turunda “Araz Naxçıvan”a 0:3 hesabı ilə məğlub olmasından danışıb. Guya o bildirib ki, o zaman onun rəhbərlik etdiyi “Neftçi” “Araz Naxçıvan”a qəsdən uduzub: “Mən 15 il Naxçıvan klubunda çıxış etmişəm. Ona görə də bu komandaya qalib gəlmək düzgün olmazdı. Bunu nəzərə alıb, səfərə ikinci heyətin üzvlərini göndərdik. Ora gedən futbolçular da bilirdilər ki, “Araz Naxçıvan” mənim komandamdır və onlara qalib gələ bilmərik. 0:3 hesabı ilə uduzmağımıza baxmayaraq, buna təəssüflənmirəm”. “Zəif” ləqəbli Böyükağa müəllimin bu açıqlaması, xüsusilə onun “15 il “Araz Naxçıvan”ın kapitanı olmuşam, bu komandaya qalib gələ bilməzdim” fikri idman aləmində birmənalı qarşılanmayıb.

Bəli, indi bu açıqlamaya görə Böyükağa müəllimi belə də sürüyürlər, elə də… Hətta onu məhkəməyə çıxarmaq istəyənlər də peyda olublar. Daha doğrusu, AFFA-nın hüquqşünası Rəmiş Malıyev neçə gündür, Böyükağa müəllimi axtarır ki, bu “tarixi” açıqlama ilə bağlı ondan bir izahat-filan alsın. Lakin çox hörmətli hüquq müdafiəçisi hələ onu tapmağa müvəffəq olmayıb. Bir istədim, bu işdə hörmətli hüquqşünasa kömək əlimi uzadım: amma Xoşqədəm xanımın “Səni axtarıram” verilişinin bağlandığı (”Belə getsə, deyəsən, mənim də “kitabımı” bağlayacaqlar) xəbərini alan kimi həmin fikrimdən vaz keçdim. ATV vaxt tapdı da bu verilişi bağlamağa… Gərək o, bu işə baş qoşmayaydı. Nə isə, deyəsən, şeytan hərdən məni yoldan çıxarır axı… Nə isə…

Mənim fikrimcə, Böyükağa müəllim Hacıyev kimi bir şəxsin açıqlamasına belə sərt reaksiya vermək əsla doğru deyil. Bilirəm, bu fikrimə görə məni Böyükağa müəllimin tərəfini saxlamaqda günahlandırmağa çalışanlar tapılacaq. Amma tanınmış şairimiz Xəlil Rza Uluturk demişkən, bunlar mənə “vız” gəlir. Deyəsən, şeytan yenə məni yoldan çıxartmaq istəyir… Hə, onu deyirdim axı. Tutalım ki, bizim Böyükağa müəllim bir vaxtlar fəaliyyət göstərdiyi komandasına, yəni “Araz Naxçıvan”a üç xal hədiyyə edib. Burada qəribə nə var ki? Bağışlayıb, bağışlayıb da… Buna görə indi futbol tariximizdə ad çıxarmış kişini məhşər ayağına çəkməliyik? Onu ittiham etməliyik. Vallah, ayıb olsun belə düşünənlərə və bu fikrə düşənlərə…

İndi buna cəhd edənlərdən soruşuram: a kişilər, bir mənə deyin görüm, hazırda vəzifədə olan şəxslər, yaxud imkanlı adamlar boya-başa çatdıqları obalarına bu və ya digər yolla öz yardım əlini uzatmırlarmı? Yəni onlardan kimi məktəb tikdirir, kimi yol çəkdirir, kimi neçə-neçə imkansız şəxsi himayəyə götürür, kimi də öz həmyerlilərini pulsuz müalicə etdirir və sairə… Bu kimi işlərə görə kimsə onlara gözün üstə qaşın varmı deyib qınaq obyektinə çevirirmi? Əlbəttə, yox. Əksinə, ünvanlarına “sağ ol” deyirlər, ölənlərinə rəhmət oxuyurlar. Bununla bağlı kifayət qədər fakt da var. İndi belə adamların adlarını, etdikləri yaxşılıqları yazıb bu kiçik yerimi doldurmaq istəmirəm. Çünki daha vacib deyiləsi sözlərim var. Bəli, Böyükağa müəllim də öz imkanlarından istifadə edib buna oxşar bir addım atıb və öz komandasına üç xal hədiyyə edib. Bu kişinin gücü buna çatıb, onu da edib… Elə isə onu niyə topa tutmağa çalışırsınız? Necə, mən şeytana uymuşam? Onu müdafə edirəm? Vallah, yox. Bu yerdə bir zamanlar “Araz – Naxçıvan” klubunun “sükanı arxası”nda olmuş Əsgər Abdullayevin söylədiyi bir hekayət yadıma düşdü: “Alim dərəcəsində olan tanınmış şəxslərdən birinə deyiblər ki, gəl, şənbə və ya bazar günü bir yerə gedək, dincələk. O, nə cavab versə, yaxşıdır? Deyib, mənim o qədər vaxtım yoxdur ki, dedi-qoduya sərf edim”. İndi mən də deyirəm, vallah, mənim də bu məsələyə bu şəkildə don geyindirməkdən başqa rəngim yoxdur, xoşunuz gəlsə də, gəlməsə də…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here