“Xurafata qarşı mübarizə dinə qarşı mübarizə deyil”

0
519

 Kütləvi informasiya vasitələrinin baş redaktorlarının Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşü keçirildi. “Milli-mənəvi və dini dəyərlər: müasirlik, tarixilik” mövzusundakı görüşü Şura sədri Əflatun Amaşov açaraq bildirib ki, Azərbaycan qanunvericiliyində dövlət-din, din-cəmiyyət münasibətləri kifayət qədər əhatəli əks olundu. “Hələ müstəqilliyimizin ilk illərində “Dini etiqad azadlığı haqqında” qanun qəbul edilmişdi. Təbii ki, mövcud istiqamətdə əsas dövlət sənədi Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasıdır. Konstitusiyanın bir çox maddələrində dini azadlıq, o cümlədən bununla əlaqədar məsuliyyət növlərinə dair müddəalar yer alır. Əsas qanunumuzun 48-ci maddəsində isə məsələ üzərində xüsusi dayanılır” – deyən Ə.Amaşov qeyd etdi ki, din-dövlət, din-cəmiyyət münasibətlərinin qurulmasında yalnız qanunlar tənzimləyici vasitə kimi çıxış etmir. Mövcud həssas müstəvidə ictimai institut kimi medianın da üzərinə mühüm missiya düşür. Jurnalistlərin sahə ilə bağlı biliklərinin artırılması, dini müstəvidəki proseslərin incəliklərini nəzərə alması hər zaman aktual əhəmiyyət daşımaqdadır. Bu baxımdan konkret məsul şəxslərin fikir və düşüncələrini paylaşmaları, jurnalistlərlə təması mütləqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşün əhəmiyyətinə bu baxımdan aydınlıq gətirən Ə.Amaşov onu da bildirdi ki, MŞ müxtəlif sahələrdə dövlət siyasətinə cavabdeh şəxslərlə KİV rəhbərlərinin təmaslarını davamlı edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı XXI əsrin ortalarında İslam dininə sitayiş edənlərin sayı dünyada birinci yerə çıxacağını bildirdi: “Biz klassik, orturuşmuş bir dinin yer aldığı ölkədə yaşayırıq. Ona görə də bizim ölkənin ərazisində hansısa dini missionerlik üçün mühit yoxdur. Çünki biz ənənəvi İslam ölkəsiyik. Bizim ərazimizdə istər xristian dini, istər  buddizm, istər yəhudilər olsun, istərsə də İslamda olan digər məzhəblər genişlənə bilməz. Missionerlik üçün dünyanın elə bölgələri var ki, orada fəaliyyət göstərmək olar. Ona görə də mən xristian ölkələrindən gəlib kiçik təriqətləri yaymaq istəyənlərə deyirəm ki, sizin yaymaq istədiyiniz təriqət üçün burda yer yoxdur. Eyni zamanda İslamda yaranmış olan radikal cərəyanlar üçün  də Azərbaycanda münbit şərait yoxdur. Bunun bir neçə səbəbi birincisi biz klassik islam ölkəsiyik, ikincisi Azərbaycan xalqı öz dünya görüşünə görə dünyəvidir”.

M. Qurbanlı qeyd edib ki, Osmanlı İmperiyasının zəifləməsi ilə bəzi dövlətlər bu ərazilərdə radikal vəhhabiliyə dəstək verib və bunun da məqsədi bəllidir: “Bu proses Azərbaycandan da yan keçməyib”. Sovet dövründə kommunizm ideologiyasının dini əvəzləməsinə yönəlik cəhd olduğunu xatırladan M. Qurbanlı bunun iflasa uğradığını xatırlatdı. O, Azərbaycan xalqının sovet dövründə də öz dinini qoruyub saxladığını vurğuladı: “XX əsrin əvvəlində Azərbaycanda xurafata qarşı mübarizə nümunəsi göstərilib. Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadənin bu sahədə böyük rolu olub. Xurafata qarşı mübarizə dinə qarşı mübarizə deyil. Radikal dini cərəyanlara qarşı mübarizə də dinə qarşı mübarizə deyil”.

M. Qurbanlı bildirdi ki, sovet dövründə insanları dindən uzaqlaşdırmağa çalışıblar, İslam dinini yalnız dəfn mərasimi ilə məhdudlaşdırıblar, eyni zamanda əsl din xadimlərini nüfuzdan salmağa cəhd göstəriblər: “Molla əslində yaxşı mənalı sözdür. Amma molla deyəndə saqqallı, keçmişdə qalmış insan göz qadağına gəlirdi. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu sahəyə xüsusi diqqət göstərilib və bu diqqət bu gün davam edir. Məscidlərin sayı 2000-i keçib, Qafqaz İslam Universiteti yaradılıb, Qafqaz Müsəlmanları İdarəsi himayə edilir”.

“Amma tolerant olduğumuz üçün zərərli dini cərəyanların ölkəmizdə yayılmasına, fəaliyyətinə imkan yarada bilmərik” – deyə, komitə sədri əlavə etdi.

M. Qurbanlı bildirdi ki, qloballaşan dünyada milli-mənəvi dəyərlərini qoruya bilməyən millətlər assimilyasiya olunacaq: “Bu gün hər həftə dünyada 2 dil itir, milli-mənəvi dəyərlərimizi qorumasaq, biz də dilimizi itirərik. Qloballaşmada millətin özünü qoruma instinkti olmalıdır. Bu gün Qazaxıstana, Özbəkistana və digər türk ölkələrinə gedirik, eyni dinə sitayiş edirik, ancaq o xalqların öz adət-ənənələrinə rast gəlirik. Hətta Səudiyyə Ərəbistanındakı ərəblə Mərakeşdəki ərəb arasında fərq var. Milli-mənəvi dəyərlər yalnız bizə aiddir. Azərbaycanın tolerant olması o demək deyil ki, Yehova şahidləri, digər cərəyanlar burada yayılmalıdır”.

“Biz Azərbaycan xalqında yeməyin ehsan olması anlayışını mütləq aradan qaldırmalıyıq. Bizim xalqın təfəkkürünə daxil ediblər ki, yemək ehsandır. Yemək ehsan deyil”. Bunu Mübariz Qurbanlı jurnalistlərin yas mərasimlərindəki israfçılıqla bağlı suallarını cavablandırarkən dedi.

Komitə sədri bildirib ki, bu məsələdə zorakılığa yol vermək olmaz. Milli adət-ənənələr təkamül yolu ilə dəyişə  bilər: “İslamın qaydaları var ki, insan öləndə nələr edilməlidir. Dəfələrlə bizim dinşünas ekspertlərimiz bunu izah ediblər, Qurani Kərimdən, hədislərdən misal gətiriblər, Həzrəti Məhəmməd əleyhissəlamın əmisi, əmisi oğlu öləndə məscidə gedib ayaqüstü başsağlıqları qəbul etməsini nümunə kimi göstəriblər”. Komitə sədri nümunə, müqayisə və təşviq yolu ilə insanlara yas mərasimlərində yemək vermələrinin ehsan olmadığını izah etmək lazımdır.

M. Qurbanlı qeyd etdi ki, şəhərdə tikilən yas mərasim yerlərinin artması çadırlara olan tələbatı azaldacaq, bu da yas mərasimlərinin sadələşməsinə yol açacaq: “Cənazə aparılmalıdır məscidə, orada cənazə namazı qılınmalıdır və mərasim burada bitməlidir. Əslində belə olmalıdır. Müsəlmanlar  üçün ən müqəddəs olan cənazə namazına qatılmaqdır. Cənazə namazına qatılmaqla iş bitmiş sayılmalıdır. Adama nə qədər başsağlığı verilməlidir? Üçündə gəl, yeddisində gəl”.

Komitə sədri dəfn mərasimləri ilə bağlı qanun layihəsinin hazırlanıb Nazirlər Kabinetinə təqdim olunduğunu açıqladı: “Qanunda birmənalı şəkildə yazılıb: Qəbiristanlıq yaşayış yerindən 100 metr aralı olmalıdır. Pullu qəbiristanlıq yoxdur. Qəbirlər adi daşdan, hündürlüyü 50 sm, sinəüstü daş 60 sm olsun. Qəbirlərin ara məsafələri də müəyyənləşdirilib. Yalnız ər və arvad üçün istisnalar olacaq, yəni ərin məzarının yanında arvadın, arvadın məzarının yanında ər üçün yer saxlanıla bilər. Qəbirlər sıralanacaq, bu qanun qəbul olunsa köhnə qəbirlərə aid edilməyəcək”.

Görüşdə jurnalistlərin dini-mənəvi mövzudakı fəaliyyətini daha da stimullaşdırmaq məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Şurası ilə birgə müsabiqə təşkil etməsi təklif olundu. Komitə sədri M.Qurbanlı və MŞ sədri Ə.Amaşov bu ideyanın yaxın zamanda reallaşdırılması üçün tədbirlərin görüləcəyini vurğuladı. M.Qurbanlı habelə dini mövzuda jurnalistlər üçün təlimlərin keçirilməsi imkanlarının da dəyərləndiriləcəyini dedi

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here