“Mərkəzi Bank… manatı yenidən möhkəmləndirməlidir”

0
416

Manatın yüksəlişi son bir neçə gündür davam edir. İqtisadçı ekpert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın milli valyutanın dollara nisbətən müqayisəli möhkəmləndirilməsi siyasətini davam etdirməyinə ehtiyac var. Ekspert qeyd edib ki, aprel ayının əvvəllərində manatın məzənnəsindəki rəsmi azalmalar dollara tələbatı kəskin şəkildə artıraraq, əhali arasında ciddi təlaş yaratdı: “Aparılan monitorinqlər göstərir ki, son dörd gün ərzində manatın məzənnəsindəki cüzi möhkəmlənmələr valyuta bazarına fərqli siqnalların daxil olmağına səbəb olub. Mərkəzi Bank yaxın günlərdə yenidən manatın məzənnəsini aşağı salarsa, o zaman, praktiki olaraq, öz intervensiya xərclərini artıracaq və dollarlaşma prosesi sürətləndirəcək. Deməli, manatın ucuzlaşmağı siyasəti heç bir halda yaxın vaxtlarda baş bankın gündəmində olmamalıdır. Əgər Mərkəzi Bank öz valyuta ehtiyatlarını qorumaq, eləcə də alınmış dollar kütləsinin bir qisminin cari xərclərinin ödənilməyi üçün yenidən milli valyutaya dəyişdirilməyini və bununla da dollarlaşma prosesinin səngiməyini istəyirsə, o zaman manatın möhkəmlənməsi siyasətini davam etdirməlidir.”

“Dolların məzənnəsi 1,2 manata

qədər yüksələ bilər”

Bu ilin iyun ayında keçiriləcək I Avropa Oyunları ərəfəsində Azərbaycanda dolların rəsmi məzənnəsi 1,0450 manata qədər düşə bilər. “Report”un analitik qrupu buna səbəb kimi dünya bazarında neftin qiymətinin yüksəlməsi və Oyunlar zamanı Azərbaycana turist axınının artması amilləri göstərir. Bununla yanaşı, dünya bazarında dolların digər valyutalara qarşı zəifləməsi manatın möhkəmlənməsi prosesini daha da sürətləndirəcəyi ehtimal olunur. “Brent” markalı neftin qiymətinin yaxın iki ay ərzində 75 dollar/barelə qədər yüksələcəyini və yay aylarında 70 dollar/bareldən baha satılacağını proqnozlaşdırır. Lakin 2015-ci ilin sonuna yaxın neftin yenidən 50 dollar/barelə qədər ucuzlaşacağı, dolların isə dünya bazarında avroya qarşı möhkəmlənərək, hətta pariteti keçəcəyi, nəticədə, manatın yenidən dollara nəzərən zəifləyəcəyi ehtimal olunur. Bu ilin sonuna qədər dolların məzənnəsi 1,2 manat səviyyəsinə qədər yüksələ bilər. Xatırladaq ki, hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 64 dollar, EUR/USD məzənnəsi 1,08-ə bərabərdir.

Qeyd edək ki, devalvasiya nəticəsində idxal olunan inflyasiyaya baxmayaraq, bu il Azərbaycanda inflyasiya 6-7% proqnozlaşdırılır. Dövriyyədə olan nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 19,8% azalaraq 8,7 milyard manata geriləyib. Bu amil isə inflyasiya gözləntilərinin aşağı düşməsinə səbəb olacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here