Türk elləri: Soyot türkləri

0
599
Soyotlar Buryatiyanın Okinsk rayonunda kompakt halda yaşayan azsaylı türk xalqlarından biridirlər. 1989-cu ildə keçirilən siyahıyaalma zamanı onların sayı cəmisi 506 nəfər olub. 
Buryatiya Muxtar Respublikası Ali Şurasının 1993-cü il aprel ayının 13-də imzaladığı fərmana əsasən, Okinsk rayonunda Soyot Milli Şurası yaradılıb. Soyotlar arasında milli özünüdərk olduqca yüksəkdir. Bu da onların Rusiya Parlamentinə müraciət edərək, özlərinin müstəqil xalq kimi qeydə alınmasını xahiş etmələrinə gətirib çıxardı. Bunun ardınca 1000 dən artıq adam milliyyətinin dəyişdirilərək soyot adlandırılması barədə müvafiq qurumlara müraciət etdi. Tədqiqatçı alim V. İ Rassadinə görə isə, Buryatiyada yaşayan soyotlar Monqolustandakı Prixusuqulya adlı yerdən gəlmədirlər. Onlar 350-400 il bundan əvvəl özləri ilə eyni soydan olan Tsaatan, Xaasuut, Onxot və İrkit tayfalarından ayrılaraq müstəqil xalq kimi formalaşmışlar. Soyot dili Sibir türk dillərinin Sayan altqrupuna aiddir. Bu dil qrupuna monqol və Çin monçakları, Tsenqel tuvalıları (çöl qrupu), həmçinin tofalar, tsaatanlar,  uyğur-uryanxayts aiddirlər. Ümumiyyətlə götürdükdə, soyotların tarixi eramızdan əvvəllərə gedib çıxır. Eramızdan bir neçə min il əvvəl soyotların yaşadıqları ərazilərdə protosamodeylər yaşayırdılar. Eramızdan əvvəl 1-ci minilliyin əvvəllərində Mərkəzi Asiyadan Şərqi Sayan dağları ətrafına türk tayfalarının axını başladı. Nəticədə samodeylərin müəyyən hissəsi öz ərazilərini tərk etməyə məcbur oldular, onların (samodeylərin) bir hissəsi isə türklərlə qaynayıb-qarışaraq onların etnogenezisinin formalaşmasında iştirak etdilər. Türklərin axını bölgədə heyvandarlığın inkişafına təkan verdi. Hazırda Okinskdə, Jombolak, Sintsa və Oka çayları vadilərində eramızdan əvvəl 1-ci minilliyin ortalarına aid edilən və soyotların əcdadları olan türklərin kurqan tipli qəbirləri qalmaqdadır. 17-ci əsrin ortalarında isə Şimal-Qərbi Monqolustandan Şərqi Sayana, Tunkin vadisinə və Okaya monqoldilli buryatların köçü başladı. Onların əksəriyyəti monqol tayfaları arasında baş verən qanlı toqquşmalardan qaçan və əsasən Xonqodor etnik qrupundan olan qaçqınlar idilər. Onlar da, öz növbəsində, soyotların mədəni həyatına, dillərinə böyük təsir göstərdilər. Buryatlar özləri ilə soyotlar arasına yeni dini-lamaizmi gətirdilər. Lamaizm soyotların ənənəvi inancları olan şamanizmi sıxışdırıb çıxarmağa başladı. Buryatlar gələnə kimi soyotlar Selenqa çayının şərq sahillərində, Xubsuqul gölü ətrafında yaşayırdılar. Hazırda yaşadıqları ərazilərə isə onlar iki yolla Tuva və Tunkin vadisini keçməklə gəliblər. Monqol tayfalarının adıçəkilən ərazilərə ikinci axını Rusiyanın bu bölgələri işğal etməsindən sonra başladı. Rusiya ilə Çin arasında 1727-ci ildə imzalanan anlaşmaya əsasən,  sərhəd Oki ərazisindəki Tissa və Sintsa çayı vadilərindən keçməli idi. Rusiyanın bu sərhədləri mühafizə etmək üçün əsgəri yox idi. Ona görə də yerli buryatlardan hərbi məqsədlər üçün istifadə etməyə başladılar. Tunki və İrkutsk quberniyasında yaşayan buryatlardan təşkil edilən sərhədi mühafizə alayları bölgəyə monqol (buryat) tayfalarının yeni köçünün başlamasına təkan verdi. Bütün bunlar isə soyotların dillərində monqollardan alınma sözlərin artmasına və buna paralel olaraq, onların assimilyasiyasına və saylarının sürətlə azalmasına gətirib çıxardı.

Soyotların adı ilk dəfə “17-ci əsr buryatlarının tarixinə dair sənədlər külliyyatı”nda (Sbornike dokumentov po istorii buryat XVII v”) çəkilir.

Soyotların kompakt yaşadıqları ərazi 1926-cı ilə kimi Okinsk ərazi idarə etmə (xoşun) rəhbərliyi tərəfindən idarə olunurdu. Bu əraziyə Qarqan, Okinsk və Burenqol somon şuraları daxil idilər. Lakin 1936-cı ildə xırda ərazi idarəetmə formalarından daha böyük idarəetmə formalarına keçildiyi üçün Okinsk mərkəzi Orlik kəndi olmaqla müstəqil rayona çevirdi.

SSRİ dövründə kiçik xalqların assimilyasiyasına yönəldilən siyasət soyotlardan da yan keçmədi və onlar tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşdilər. Yalnız ötən əsrin 90-cı illərində onlar Rusiyada yaşayan azsaylı xalqlar sırasına aid edildilər.

 

Təsərrüfat

Tarix boyu bölgədəki digər xalqların müxtəlif təsirlərinə məruz qalan soyotlar həm heyvandarlıqla, həm də maralçılıqla məşğul

olurlar. Soyotlar həm bacarıqlı heyvandarlar, həm maralçılar, həm də mahir ovçulardır. Soyotlar marallardan sərt iqlim şəraitində minik, yükdaşıma vasitəsi kimi istifadə ediblər. Soyotlar maralların şimalda məşhur olan karaqas (qaraqaş) növünü əldə edən xalq kimi də tanınırlar. Bundan əlavə, soyotlar marallardan ətə, paltara, südə olan ehtiyaclarının ödənilməsi üçün də istifadə ediblər. Soyotların təsərrüfatlarında, adətən, ən azı üç maral saxlanılırdı. Onlardan ikisindən iş, birindən isə nəsil artırmaq üçün istifadə edirdilər. Amma daha varlı soyotların 30-dan artıq maralı olurdu. Maralçılıq daima yer dəyişmə və yeni otlaq sahələrinin axtarılıb tapılmasını tələb edirdi. Ona görə də soyotlar hər il vəziyyətdən asılı olaraq, 4-10 dəfə yerlərini dəyişdirirdilər. Qışda onlar çayların vadilərində, qışlaqlarda yaşayırdılar. Yayda isə tayqaya üz tuturdular. Soyotlar həm də mahir ovçu kimi ad çıxarmışdılar. Onlar vəhşi quşları və tayqada yaşayan digər xəzdərili heyvanları ovlayırdılar. Adətən, ova 4-5 adamla  (hər ailədən 1 nəfər) gedirdilər.  Onlar ovladıqları heyvanların xəz dərilərini, una, parçaya, həmçinin silaha dəyişdirirdilər. Bundan əlavə, hər bir soyot türkü dövlət xəzinəsinə xəz dəri və müxtəlif kənd təsərrüfatı vergisi verirdi. Soyotlarda balıqçılıq isə zəif inkişaf etmişdi. Çünki həm buryatlarda, həm də soyotlarda balıq tutmaq günah hesab edilirdi. Yalnız 19-cu əsrin sonlarında soyotlarda balıqçılıq inkişaf etdirilməyə başladı. Soyotların il təqvimi də yerli şəraitə uyğun olaraq hazırlanmışdı.

 

Yaşayışları

Soyotlar yarıköçəri həyat tərzi keçirdikləri üçün ağacdan hazırlanan komalarda (kuma, ursa, uurs,) yaşayırdılar. Komanın hündürlüyü 2,5-3 metr olurdu. Komaların damları aşılanmış dərilərlə örtülürdü. Qışda soyuq içəri keçməsin deyə komaların daxilini də dərilərlə örtürdülər. Komaların qapısı, adətən, Şərqə açılırdı. Buna səbəb gün doğan zaman onun şüalarının komanın daxilinə düşməsinə imkan yaratmaq idi. Komaların daxilində kişilər və qadınlar üçün otaqlar ayrı idi. Adətən, komalarda kişi otaqları solda, qadın otaqları isə sağda yerləşirdi.

Soyotların geyimləri də, adətən, vəhşi heyvan dərilərindən hazırlanırdı. Qışda başlarına xəz dəridən tikilən papaqlar qoyurdular. Daha varlı soyotlar isə buryatlardan parça və ayaqqabı alır və onu geyinirdilər.

Soyotlar da bütün köçəri xalqlar kimi gündəlik həyatda daha çox ətdən istifadə ediblər. Bu məqsədlə həm vəhşi heyvanların, həm də maralların ətindən müxtəlif yeməklər hazırlanırdı. Maral ətini, adətən, qurudurdular və sonra qaxac kimi ilboyu ondan yemək hazırlayırdılar.

 

Dini dünyagörüşləri

Soyotlar tayqada yaşadıqları üçün dağlara, meşələrə sitayiş edirdilər. Onlar uca dağları yerlə göy arasında vasitəçi hesab edir və ona müqəddəs  ocaq yeri kimi baxırdılar. Dağların başında dua mərasimləri keçirilirdi. Soyotların ən müqəddəs dağı “Axın 13 xadanuut” idi. Eyni zamanda dağların zirvəsində və ya ətəklərində dağ ruhlarına “obo taxilqa”, “xadaxanqay taxixa”ya aid mərasimlər keçirilirdi. Soyotlarda 13 müqəddəs dağ zirvəsi vardı. Buryatların təsiri altında lamaizmi qəbul edən soyotlar özləri ilə ona şamanizmin bəzi əlamətlərini də gətirdilər.

 

Dil

Soyotların böyük hissəsi öz dillərində deyil, buryat və ya rus dilində danışırlar. Ancaq son vaxtlar soyotlar öz övladlarına da ana dilini öyrətməyə cəhd edirlər. Ancaq bu, yalnız adi məişət səviyyəsində həyata keçirilir. Çünki soyotların əlifbası yoxdur.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here