I rübdə Qubada hansı işlər görülüb?

0
501
Quba Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin, idarə və müəssisə rəhbərlərinin, ictimaiyyətin iştirakı ilə 2015-ci iIin I rübünün yekunları ilə bağlı hesabat yığıncağı keçirilib
Quba Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin, idarə və müəssisə rəhbərlərinin, ictimaiyyətin iştirakı ilə 2015-ci ilin I rübünün yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. Vurğulanıb ki, iqtisadi sahədə rayonun birinci rübü üzrə cəmi gəlirləri 3 milyon 509 min manat təsdiq edilmişdir. Bu müddət ərzində rayonda əhalinin fasiləsiz qazla təmin edilməsi üçün bir sıra işlər görülmüş və tədbirlər həyata keçirilmişdir. Belə ki, Quba şəhərində və rayonun digər ərazilərində qaz itkisinin qarşısının alınması məqsədi ilə, ilk növbədə, uzun müddət istismarda olan, lakin korroziyaya uğramış müxtəlifdiametrli qaz boruları yeniləri ilə əvəz olunmuş, bir sıra kəndlərdə yeni qaz tənzimləyiciləri quraşdırılmışdır.

2015-ci ilin 3 ayı ərzində 282 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, 75 ədəd məişət qaz sayğacı həyətlərdən çölə çıxarılmışdır. Enerji sisteminin dayanıqlığını artırmaq məqsədi ilə rüb ərzində elektrik verilişi xətlərində istismara yararsız dayaqların yeni metal və dəmir-beton dayaqlarla əvəz olunması, izolyatorların dəyişdirilməsi və yararsız naqillərin yeniləri ilə əvəz olunması üçün müvafiq tədbirlər görülmüşdür. “Təngə” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Bu yarımstansiyanı qidalandıracaq 2 dövrəli, 35 kv “Təngə” hava xətlərinin 85% hissəsində dayaqlar basdırılaraq naqillər çəkilmiş, qalan hissədə işlər davam etdirilməkdədir. Bu xəttin 20 km hissəsinə gərginlik verilmişdir.

“Qəçrəş” yarımstansiyasında tikinti-quraşdırma işləri başa çatdırılmış və yaxın zamanlarda istifadəyə veriləcəkdir. 2015-ci ilin birinci rübü ərzində əhali istehlakçıları tərəfindən sərf olunan elektrik enerjisinə görə yığım 1 milyon 679 min 150 manat, yəni 68,21% təşkil edir. Hesabat dövründə istehlakçılara 141 min 358 manatlıq su və kanalizasiya xidməti göstərilmiş, 117 min 324 manat, yəni 83 % xidmət haqqı toplanmışdır. 2015-ci ilin “Kənd təsərrüfatı” ili elan olunmasını nəzərə alaraq, bu sahəyə diqqət xüsusilə artırılmışdır. Ötən ilin sonu və bu ilin ilk rübü ərzində rayonda meyvəçilik və bağçılığın daha da inkişaf etdirilməsi üçün 221 ha yeni meyvə bağları salınmış və köhnə bağlarda bərpa işləri aparılmışdır. Nəticədə rayonda meyvə bağlarının sahəsi 14 min 724 hektara çatdırılmışdır ki, bu bağların da 14 008 hektarı bar verən bağlardır. Rayonun bağçılıqla məşğul olan təsərrüfatlarının meyvə tingləri ilə təminatının yaxşılaşdırılmasından ötrü tingçiliyin elmi əsaslarla yenidən qurulması və yeni müasir texnologiya üzrə intensiv və superintensiv tipli meyvə bağları salınması istiqamətində işlər görülməkdədir. Taxılçılığın inkişafı sahəsində də müəyyən işlər görülmüşdür. Hazırda 2015-ci ilin taxıl məhsulu üçün 14 min 263 ha sahə şumlanmışdır ki, bunun da 14 min 153 hektarında səpin aparılmışdır. Əkilən sahənin 12 min 426 hektarını buğda, 1727 hektarını isə arpa təşkil edir. Rayonda 33 ədəd işlək vəziyyətdə kombayn mövcuddur ki, onun da 11-i Aqroservisə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 27 yanvar tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, hüquqi və fiziki şəxslərə, kənd təsərrüfatı məhsulu, toxum və ting istehsalçılarına yardım verilmiş, güzəştli qiymətlərlə gübrə satılmış, subsidiya ödənilmişdir.

Suvarma sahəsində 2014-cü ilin yayında yaranmış problemlərin təkrarlanmaması üçün bir sıra tədbirlər həyata keçirilmişdir. 2015-ci ilin müvafiq dövrü ərzində suvarma kanallarının lildən təmizlənməsi, suvarma şəbəkələrində olan hidrotexniki qurğuların, suvarma kanallarında hidrometrik postların cari təmir olunması, selə qarşı mübarizə məqsədilə mexanizmlərlə çay məcralarının təmizlənməsi işləri davam etdirilir. Torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Qudyalçay su qovşağından bir başa su götürən 16,7 km uzunluğunda “Qidalandırıcı” adlı kanalın yeni beton üzlüklə təmir olunması işi başa çatdırılmışdır. Suvarma suyunun özəl torpaq sahiblərinə düzgün bölüşdürülməsini təmin etmək məqsədilə rayonun müxtəlif ərazilərində sudan istifadə edənlər birlikləri yaradılmışdır.

“Dağlı”, “Gülüstan”, “Qudyalçay”, “Alekseyevka”, “Zərdabi”, “Birinci Nügədi”, “Bulaqdərə”, “Ramin”, “Vəlvələ”, “Qızılqaya”, “Paşaoba-Bərqov” və “Quba” adlı 12 Sudan İstifadə edənlər Birliyi ərazilərdəki sualtı torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə ilin əvvəlindən Rayon Suvarma Sistemləri İdarəsi ilə ikitərəfli müqavilə bağlamışlar. Rayon ərazisindən keçən çaylarda yerləşən qum-çınqıl karxanalarının öz işlərini düzgün qurmamaları bəzi çay yataqlarında suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur və təsərrüfat sahələrinin suvarılmasını iflic vəziyyətinə salır. Yaranmış vəziyyət isə əhali tərəfindən narazılıqla qarşılanır. Vətəndaşlar tərəfindən ünvanlanan şikayət ərizələrində də belə məsələlərə tez-tez toxunulur.

Təsərrüfatların suvarma suyuna olan tələbatını ödəmək üçün çaylar üzərində mikro su anbarlarının inşa edilməsi məqsədəmüvafiqdir. Bu anbarlarda il boyu yığılan sular kəndlərin su tələbatının ödənilməsi üçün istifadə oluna bilər. Ümumilikdə hesabat dövründə Rayon İcra Hakimiyyətinə 317 ərizə, şikayət və təklif daxil olmuş, 206 vətəndaş Rayon İcra Hakimiyyətinə şifahi müraciət etmişdir ki, onlardan 60 nəfəri başçı tərəfindən qəbul edilmişdir. Ərazilərdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 10 səyyar-qəbul keçirilmiş və bu qəbullar zamanı vətəndaşlar tərəfindən 73 şikayət və təklif irəli sürülmüşdür. Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin həlli məqsədilə lazımi tədbirlər görülmüş, aidiyyəti orqanlar qarşısında məsələlər qaldırılmışdır. Hesabatda Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fuad Orucov, Maliyyə Şöbəsinin rəisi Ruslan Hacıyev çıxış edərək görülən işlər haqqında məlumat veriblər.

 

Amil Tağıyev, Quba

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here