Devalvasiya həm əhalinin, həm də bankların manata olan inamını azaldıb

0
446

Mərkəzi Bankın açıqladığı sonuncu hesabatda göstərilir ki, yanvar ayı ilə müqayisədə fevral ayında əhalinin banklardakı manatla olan müddətli əmanətlərinin həcmi 33,5% və ya 1 milyard 135,6 milyon manat azalaraq 3 milyard 383,8 milyon manatdan 2 milyard 248,2 milyon manata düşüb. Tələb olunanadək əmanətlərin həcmi isə 17,1% və ya 152,9 milyon manat azalaraq 892,5 milyon manatdan 739,6 milyon manata enib. Əvəzində isə əhalinin xarici valyutada yerləşdirdiyi əmanətlərin həcmi isə kəskin artıb. Belə ki, xarici valyutada yerləşdirilən müddətli əmanətləri həcmi fevral ayında 72,4% və ya 1 milyard 815,9 milyon manat artaraq 2 milyard 507,4 milyon manatdan 4 milyard 323,3 milyon manata yüksəlib. Xarici valyutada yerləşdirilən tələb olunanadək əmanətlərin həcmi isə daha çox – 84,1% və ya 284 milyon manat artaraq 337,6 milyon manatdan 621,6 milyon manata çatıb. Qeyd edək ki, manatla yerləşdirilən əmanətlərin kəskin azalması, əvəzində isə xarici valyuta ilə yerləşdirilən əmanətlərin artması fevral ayının 21-də manatın xarici valyutalar qarşısında ucuzlaşması ilə bağlıdır. Mərkəzi Bankın açıqladığı rəqəmlər onu deməyə əsas verir ki, manatın kəskin devalvasiyası əhalidə milli valyutaya olan inamı azaldıb. Açıqlanan rəqəmlər mart ayının 1-nə kimi olan dövrü əhatə etdiyi üçün ehtimal etmək olar ki, bu cür kəskin azalma fevral ayının devalvasiyadan sonrakı son 7 günü ərzində baş verib. Bu isə onu deməyə əsas verir ki, mart ayında manatla qoyulan əmanətlər daha da aşağı düşəcək. Məlumat üçün bildirək ki, xarici valyuta ilə yerləlşdirilən əmanətlər manatla ifadə olunduğu üçün artımda devalvasiyadan sonrakı məzənnə ilə hesablamanın da təsiri var. Amma bildiyimiz kimi manatın dollar qarşısındakı ucuzlaşması 33% olub. Ancaq xarici valyutada yerləşdirilən əmanətlərin həcmi devalvasiya ilə müqayisədə çoxdur.

 Banklar tərəfindən xarici valyuta ilə verilən kreditlərin həcmi 66,9% artıb

Mərkəzi Bankın kreditlərlə bağlı açıqladığı rəqəmlərdən isə belə görünür ki, təkcə əhalinin manata olan inamı aşağı düşməyib. Banklar və kredit təşkilatlarının da manata inamı azalıb. Yanvar ayı ilə müqayisədə fevral ayında milli valyuta ilə verilən kreditlərdə azalma olub. Əgər fevralın 1-nə kimi banklar tərəfindən manatla ümumilikdə 13 milyard 561,4 milyon manat kredit verilibsə, mart ayının 1-nə olan məlumata görə, bu göstərici 9,1% və ya 1 milyard 242 milyon manat azalaraq 12 milyard 319,4 milyon manata düşüb. Halbuki son illər ərzində manatla verilən kreditlərdə heç vaxt azalma müşahidə olunmayıb. Əvəzində, xarici valyuta ilə verilən kreditlər kəskin artıb. Yanvar ayı ilə müqayisədə fevral ayında banklar və kredit təşkilatları tərəfindən xarici valyuta ilə verilən kreditlərin həcmi 66,9% və ya 3 milyard 359,4 milyon manat artaraq 5 milyard 18,4 milyon manatdan 8 milyard 377,8 milyon manata yüksəlib. Məlumat üçün bildirək ki, xarici valyuta ilə yerləşdirilən əmanətlərdə olduğu kimi xarici valyuta ilə verilən kreditlər də manatla ifadə olunduğu üçün artımda devalvasiyadan sonrakı məzənnə ilə hesablamanın da təsiri var. Amma bildiyimiz kimi manatın dollar qarşısındakı ucuzlaşması 33% olub. Ancaq bundan 2 dəfə çox olub. Bu rəqəmlər onu göstərir ki, banklar manatın ucuzlaşma ehtimalını nəzərə alaraq artıq manatla kredit vermək istəmirlər.

 Devalvasiya həm də problemli kreditlərin həcmini kəskin artırıb

Cari yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin (problemli kreditlər) məbləği 1 milyard 138,2 milyon manat olub. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 36,9% çoxdur. Təkcə fevralda isə problemli kreditlərin məbləği 10,4% artıb. Kəskin artım Azərbaycanda milli valyutanın kəskin ucuzlaşdırılması, dollarla götürülmüş kreditlərin ödənilməsində problemlərin yaranması ilə bağlıdır. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 5,5% olub. Bu göstərici son 1 ayda sabit qalsa da, son 1 ildə 0,2 faiz bəndi artıb.

 Banklarda kredit kartlarının satışı ən aşağı səviyyəyə düşüb

Son 2 ildə bankların kredit kartlarının sayı hər ay orta hesabla 30-45 min ədəd  artırdı. 2015-ci ilin ilk 2 ayı ərzində isə kredit kartlarının sayı cəmi 17 min ədəd artıb. Mərkəzi Bankın məlumatına görə, ötən ilin sonunda bankların kredit kartlarının sayı 1 milyon 302 min ədədə çatıb. Yanvarda kredit kartlarının sayı 20 min ədəd artaraq 1 milyon 322 min ədədə çıxmışdı. Fevral ayında isə kredit kartlarının sayı 3 min ədəd azalaraq 1 milyon 319 min ədədə düşüb.

Fevralın sonuna olan məlumata görə, ödəniş kartları ümumi sayı 6 milyon 41 min ədəddir. Ödəniş kartlarının 2 milyon 447 min ədəddini sosial kartlar, 1 milyon 441 min ədədini əmək haqqı kartları, 1 milyon 319 min ədədini kredit kartları, 834 min ədədini digər kartlar təşkil edib. Yanvar-Fevral ayları ərzində ödəniş kartları ümumi sayı 23 min ədəd artıb. Artım sosial, əmək haqqı və digər kartların artması hesabına yaranıb.

Fevral ayında kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi də azalıb. 10 günə yaxını qeyri-iş günü olan yanvarda 214 milyon manatlıq əməliyyat aparıldığı halda, fevralda əməliyyatın həcmi 211 milyon manat təşkil edib.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here