MDB-də əhalinin sayı ən çox Ermənistanda azalıb

0
381
Bildiyimiz kimi ötən həftənin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Həmin iclasda çıxış edən ölkə başçısı bildirib ki, Ermənistan tərəfinin açıqladığı rəsmi statistik məlumatlara görə bu ölkədə əhalinin 30 faizi yoxsulluq, səfalət içində yaşayır: “Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə hər il ölkədən 60-70 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq”. Prezident İlham Əliyevin bu açıqlamasından bir-neçə gün sonra, aprel ayının 13-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi Birlik ölkələrini əhatə edən son 10 ilin demoqrafik göstəricilərinin əks olunduğu hesabatı yayımlayıb. Yayımlanan bu hesabata və MDB-yə üzv olan ölkələrin milli statistika xidmətlərinə istinadən apardığımız araşdırma göstərir ki, son 10 ildə əhalinin sayı ən çox Ermənistanda azalıb. 2004-2014-cü illərdə Ermənistan əhalisi 6%-dən çox azalıb.

 

Ermənistanda əhalinin sayının azalmasına miqrasiya səbəb olub

Ümumiyyətlə apardığımız araşdırma göstərir ki, azalma Birliyə daxil olan qeyri-müsəlman respublikalarında müşahidə olunur. Qeyd edək ki, Belarus, Rusiya (Kırımı nəzərə almadan-red.), Moldova və Ukraynada təbii artımın aşağı düşməsi əsas demoqrafik problem hesab olunur. Ermənistanda isə əhalinin sayının azalmasına daha çox miqrasiya səbəb olub. Qeyd etdiyimiz kimi, son 10 ildə ən çox azalma Ermənistanda, ən az azama isə Rusiyada qeydə alınıb. 2004-2014-cü illərdə əhalinin sayı Rusiyada 0,5%, Moldovada 1,4%, Belarusda 2,9%, Ukraynada 4,6%,  Ermənistanda isə 6,1% azalıb. Azərbaycan da daxil olmaqla Birliyin digər müsəlman respublikalarda əhalinin sayında artım baş verib. 2004-cü ildən sonra əhalinin sayı Tacikistanda 28,2%, Özbəkistanda 22,5%, Qazaxıstanda 16,5%, Qırğızıstanda isə 16,2%, Azərbaycanda isə 14,5% artıb. Qeyd edək ki, bu ölkələrdə əhalinin sayının artması təbii artım səviyyəsinin yüksək olması ilə bağlıdır.

 

Kırım Rusiya əhalisinin “sayını” artırıb

Məlumat üçün onu da bildirək ki, ötən ildən etibarən Ukrayna ərazisində yerləşən Kırımın əhalisini Rusiya öz vətəndaşı olaraq göstərir. Bu isə son 1 il ərzində Rusiya əhalisinin sayının artması, Ukrayna əhalisinin sayının isə azalması deməkdir. Kırımın faktiki olaraq Rusiya ərazisinə daxil olduğunu nəzərə alsaq o zaman son 9 ildə Ukrayna əhalisinin 4,6%, son 10 ildə isə 9,5% azaldığını görərik. Buna paralrl olaraq, son 9 ildə Rusiya əhalisi 0,5% azaldığı halda, son 10 ildə 1,4% artıb. 2004-cü ildə 144,3 milyon nəfər olan Rusiya əhalisi 2014-cü ilin əvvəlində 143,6 milyon nəfərə düşüb. 9 il ərzində 70 min nəfər azalan Rusiya əhalisi 2014-cü ildə, cəmi 1 il ərzində 2,6 milyon nəfər artdığı bildirilir. Eyni dövürdə, yəni 2014-cü ildə Ukrayna əhalisi də təxminən eyni sayda azaldığı göstərilir.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here