“Qubada bütün insanlıq üçün utanc gətirən bir məzarlığı ziyarət etdik”

0
494

Bu günlərdə Quba şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımıları (1914-1920-ci illər)” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A. A. Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyəti birgə təşkil etmişdilər.

Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan tarixçi alimlər iştirak ediblər. AMEA-nın prezidenti akademik Akif Əlizadə bildirib ki, bu kimi beynəlxalq tədbirləri keçirməkdə məqsəd dünya ictimaiyyətinin diqqətini Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımılarına yönəltməkdir.

Tədbirlə bağlı burada qonaq qismində iştirak edənlərin fikirlərini oxucularımıza təqdim edirik. Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan: “Biz bu gün Qubada bütün insanlıq üçün utanc gətirən bir məzarlığı ziyarət etdik. Çox təəssüf ki, müasir dövrdə bir çox dövlət adamları, hərbçilər və siyasətçilər tarixi hadisələrə qiymət verməyə, insanların keçmişdə olanlar haqqında fikirlərini yönləndirməyə çalışırlar. Amma həmin adamlar unutmamalıdırlar ki, tarixi hadisələrin baş verdiyi əraziləri yox etmək mümkün deyil. Tarixi düzgün yazmaq elm adamlarının üzərinə düşən vəzifədir”.

Mehmet Ali Beyhan qeyd etdi ki, Türkiyənin Anadolu ərazisində, Azərbaycan torpaqlarında böyük qırğınlar, dağıntılar və soyqırımıları törədilib. “Biz bu məzarlıqda törədilən həmin soyqırımıların sübutlarını gördük. Ümid edirəm ki, insanlıq bu faciələrdən dərs alacaq və bu cür hadisələrin bundan sonra təkrarlanmasının qarşısı vaxtında alınacaqdır.”

Rusiya Federasiyasından olan iştirakçı, professor İqor Turitsin: “Biz Qubada olduqca əhəmiyyətli bir mövzuların müzakirəsi üçün toplanmışdıq. Deyə bilərəm ki, bu mövzu hələ kifayət qədər öyrənilməyib. Amma heç bir müzakirə olmadan da deyə bilərəm ki, konfransın əsas məqsədi belə soyqırımıların bir daha təkrar olunmamasını ifadə edir. Siyasət böyük gücdür. Amma heç bir halda insanlar siyasi ambisiyaların qurbanına çevrilməməlidirlər. Biz Qubadakı məzarlıqda ifrat dərəcədə siyasi ambisiyaların necə ağır nəticələndiyinin şahidi oluruq və təəssüf ki, müasir dünyada bu hallara tez-tez rast gəlinməkdədir”. Rusiyalı tarixçi qeyd edib ki, Qafqazda, eləcə də bütün dünyada sülhün bərqərar olması, regionun çiçəklənməsi üçün hamı səylərini cəmləməlidir: “Mən də özümü qafqazlı sayıram. Çünki Kuban şəhərində doğulmuşam. Biz bütün imkanlarımızı səfərbər edib, Quba Soyqırımı Məzarlığında gördüklərimizin bir daha təkrar olunmaması üçün var qüvvəmizlə çalışmalıyıq”.

Amil Tağıyev, Quba

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here