Vətəndaşlar: “Tikinti şirkəti manatla olan borcumuzu dollarla hesablayır”

0
341

Azərbaycan Mərkəzi Bankının fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra dollarla kredit götürən şəxslərin problemlərlə üzləşmələri hər kəsə məlumdur. Çoxlu sayda insan kurs dəyişikliyi ilə əlaqədar borcunu ödəyə bilmir. Buna paralel olaraq, ilk vaxtlar ölkəmizdə qiymət artımları da müşahidə edilməyə başladı. Prezidentin məsələyə sərt müdaxiləsindən sonra bəzi şirkətlər qiymətləri əvvəlki səviyyəsinə salmağa başladılar. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti isə satış obyektlərində araşdırma apararaq, süni qiymət artımlarının qarşısını almağa çalışdı. Qurumun mətbuat xidmətindən “Zaman-Azərbaycan”a daxil olan açıqlamalarda da mütəmadi bu barədə məlumat verilirdi. Lakin son günlər xidmətin bu yöndə açıqlamaları yoxdur. Sonuncu belə məlumat martın 19-da yayımlanıb. Belə başa düşmək olar ki, artıq ya mübarizə dayandırılıb, ya da, ümumiyyətlə, qiymətləri süni şəkildə artırmağa cəhd edənlər yoxdur.

Dollarla kredit götürüb tikinti şirkətlərindən mənzil alanlarla yanaşı, manatla kredit götürənlərə də ciddi ziyan dəyib. Hər halda bununla bağlı qəzetimizə müraciətlər daxil olmaqdadır. Belə müraciətlərdən biri də Abşeron rayonu, Masazır qəsəbəsi “Bağçalı Evlər” Mənzil Tikinti Kooperativi ilə bağlıdır.

 Sonuncu ödəniş zamanı mənə dedilər ki…

Şirkətdən 2013-cü ildə kreditlə mənzil götürmüş vətəndaşlardan birinə bildirilib ki, bundan sonraya olan borcu dollarla hesablanacaq. Redaksiyamıza müraciət edən şəxs ona problem yaradılacağından narahat olub adının çəkilməsini istəmədi. Lakin onun təqdim etdiyi bütün sənədlərin surəti bizdə var: “Mənim mənzil aldığım binada inşaat işləri yekunlaşıb. Hətta mən mənzilimi təmir də etdirmişəm. Şirkətə cəmi 9 min 600 manat borcum qalıb. Sonuncu ödəniş zamanı mənə dedilər ki, bundan sonraya qalan borcunuz dollara çevriləcək. Səbəbini soruşdum, bildirdilər ki, inşaat materialları bahalaşıb, ona görə. Halbuki mənim mənzil aldığım binada işlər tamamlanıb, heç bir iş getmir. Əgər iş getmirsə, hansı bahalaşmadan söhbət gedir? İkincisi, axı müqavilədə göstərilməyib ki, sonradan kredit götürdüyüm məbləğ dollara çevirilə bilər”.

Həmin şəxs tikinti şirkəti ilə aralarında bağlanan müqaviləni “Zaman-Azərbaycan”a təqdim edib. Müqavilənin 3.2-ci maddəsində ümumi borc manatla göstərilir. 3.3 maddəsində isə bildirilir ki, ödəniş manatla ödənməlidir. Amma tikinti şirkətinin “çoxbilmiş” əməkdaşı qələmlə müqavilənin üstünə qeyd edib. Qeyddə deyilir: “09.04.2015-ci tarixə olan borc 9496 dollar”.

Müqavilənin 4.5-ci maddəsində isə deyilir: “Tikintidə istifadə olunan inşaat materiallarının qiymətində kəskin bahalaşma müşahidə olunarsa, hər kvadratmetrə düşən əlavə artım “sifarişçi” tərəfindən ödənməlidir”.

 “Əgər elə bir şey varsa, gəlin ofisimizə…”

Məsələ ilə bağlı, əvvəlcə, Abşeron rayonu, Masazır qəsəbəsi “Bağçalı Evlər” Mənzil Tikinti Kooperativi ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı bizimlə telefon söhbətində kreditin dollara çevrilməsi barədə deyilənlərin həqiqəti əks etdirmədiyini iddia etdi: “Elə bir şey yoxdur, həqiqətəuyğun deyil”.

Həmin şəxsə müqavilənin bizdə olduğunu və qeydlərlə şəxsən tanış olduğumuzu bildirdim. Şirkət əməkdaşı yenə razılaşmadı: “Əgər elə bir şey varsa, həmin şəxs müqaviləni götürsün gəlsin ofisimizə, elə siz də gəlin. Kredit dollara çevrilə bilməz. Bizim müqavilədə, sadəcə, bir şərtimiz var ki, əgər inşaat materiallarının qiyməti kəskin qalxarsa, onda məbləğdə də artım ola bilər. Tikinti materiallarının qiyməti bahalaşmayıb, ona görə artım yoxdur. Amma müqavilədə dollara keçmək söhbəti də yoxdur. Bir daha deyirəm, elə bir şey yoxdur, mümkünsə, siz bir azdan zəng edin mən sizi direktorla əlaqələndirim, suallarınızı ona ünvanlayın”. Razılaşdıq.

 “Mən ödənişləri dollarla qəbul etməyi qadağan eləmişəm”

Təxminən 1 saat sonra “Bağçalı Evlər” Mənzil Tikinti Kooperativinin direktoru Rəhim Abbasovla danışdıq. R. Abbasov “Zaman-Azərbaycan”ın suallarına belə cavab verdi: “Bu, ola bilməz, qeyri-mümkündür”.

Rəhim müəllimə də əlimizin altında şikayətçi vətəndaşlardan birinin müqaviləsinin olduğunu və orada qələmlə qalan borcun dollarla hesablanması barədə qeyd edildiyini dedik: “Ola bilər bu səhv olub, anlaşılmazlıq olub. Ona görə ki, mən elə bir göstəriş verməmişəm. Vətəndaşlarla bizim şirkət arasında müqavilə bağlanıb, biz Azərbaycan Respublikasında yaşayırıq və bizim milli valyutamız manatdır. İkincisi, ola bilər ki, bizim əməkdaşlar… (söhbətini yarımçıq kəsir).

Bu dəqiqə banklarda dollar-manat məzənnəsi gedir, hər kəs elə bilir ki, bu adi məsələdir, bilən də bilməyən də. Həmin adamı göndərin mənim yanıma, mən aydınlaşdıraram, nə cür lazımdır məsələni o cür də həll edəcəyəm. Manatla ödənişin dollarla tələb edilməsi mümkün deyil. Ona görə ki, biz Azərbaycan Respublikasında yaşayırıq, valyutamız da manatdır. Bizim şirkətdə bütün əməliyyatlar Milli Bankın, Nazirlər Kabinetinin göstərişinə əsasən manatla – milli valyuta ilə həyata keçirilir. Şirkətimizin kassasında ödənişləri dollarla qəbul etmək qadağandır. Mən ödənişləri dollarla qəbul etməyi qadağan eləmişəm. Burada ayrı ikinci bir söhbət ola bilməz. Bizim yas mərasimimiz var idi. Mən burada olmamışam. Ola bilər ki, nə isə anlaşılmamazlıq… Düzgün başa düşməyiblər… Mən bunu yoluna qoyaram”.

Şirkət müdirindən müqavilənin 4.5-ci maddəsində nəzərdə tutulan şərtlərə əsasən, ödənişlərdə hər hansı artımın olub-olmadığını da soruşduq. O dedi: “Hələ ki artım yoxdur. Tikintidə istifadə olunan inşaat materiallarının qiymətində artım cüzidir, biz onu nəzərə almırıq. Çünki bahalaşma hələ kəskin özünü göstərməyib. Odur ki, hələlik artım yoxdur”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here