“Hədəfimiz “Neftçi”ni mübarizədən kənarlaşdırmaqdır”

0
473

Bu gün Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. İlk oyunlar çərçivəsində baş tutacaq hər iki qarşılaşma eyni gündə baş tutacaq.

Günün ilk matçında əyalət təmsilçiləri – “Qarabağ” və  “Simurq” üz-üzə gələcək. Çempionatın lideri “Qarabağ” saat 18:00-da “İnter  Arena” da “Simurq”u sınağa çəkəcək. Son turlarda uğursuz çıxış edən və avrokubok ümidlərini daha çox kuboka bağlayan qonaqlar, şübhəsiz ki, son çempionu büdrətməyə çalışacaq. Ağdam təmsilçisi ilə son görüşlərdə müsbət nəticə qazanmaqda çətinlik çəkən zaqatalılar yarımfinalda istəklərinə çatmaq iddiasındadır. Qeyd edək ki, “Qarabağ” və  “Simurq” indiyədək kubokda üz-üzə gəlməyib.

Kubokda yolları iki dəfə kəsişən rəqiblərin oyunundan bir saat sonra paytaxt derbisinə start veriləcək. Preymyer Liqada gümüş mükafat uğrunda mübarizə aparan “Neftçi” ilə “İnter” kubokda da iki ən güclüdən biri olmaq üçün üz-üzə gələcək. Bu yarışda dəfələrlə yolları kəsişən bakılılar münasibətlərini “Baksell Arena”da müəyyənləşdirəcək. Ardıcıl 3 dəfə finalda oynayıb Azərbaycan rekorduna imza atmış “Neftçi” bu rəqəmi 4-ə çatdırmaq niyyətindədir. Bankirlər tarixində qazanmadığı kuboka olan iddiasını həmsəhərlilərinə də göstərməlidir. Məlumat üçün bildirə ki, indiyədək 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşan paytaxt təmsilçiləri 12 matçda üz-üzə gəlib. Hər komanda 3 dəfə mərhələ adlasa da, “İnter” daha çox qələbə qazanıb. Lakin “Neftçi” son 2 dueldəki 4 matçda uduzmadan mərhələ keçib

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.

“Qarabağ”da “Simurq” xofu

Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Kubokunun yarımfinal mərhələsindən, eləcə də zaqatalılarla keçirəcəkləri oyundan söz açarkən deyib ki, “Simurq” cari mövsümün ən stabil və möhkəm komandalarından biridir: “Şanslar yarı-yarıyadır. İndi kiminsə kağız üzərində favorit sayılmasının önəmi yoxdur. Hələ nəzərə alaq ki, öz meydanımızda oynamayacağıq. Çətin olacaq, ancaq hədəfimiz kuboku qazanmaqdırsa, bütün maneələri aşmalıyıq”. Süni örtüklü meydançada – “İnter Arena”da oyunun heç də asan keçməyəcəyini vurğulayan Qara Qarayev daha sonra vurğulayıb: “Düzdür, biz təbii örtükdə oynamağa öyrəşmişik. Amma digər tərəfdən süni örtüklü meydançası olan bir neçə komandamız var. Onlarla da dəfələrlə üz-üzə gəlmişik. Çətinliklərə baxmayaraq, finala çıxmağı qarşımıza hədəf qoymuşuq”. O, komandasının həm çempionatda, həm də kubokda qələbə çalacağına əmin olduğunu bildirib. “Qarabağ”ın hücumçusu Vüqar Nadirov da bu fikirdədir: “Əlimizdən gələni edəcəyik ki, ilk oyunda sərfəli nəticə qazanaq. İlk matçda qələbə qazanmaq vacibdir”.

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov da həmkarları kimi düşünür:”Onlar həm çempionatda, həm də Azərbaycan kubokunun yarımfinalında qarşılacağıq. Hər iki oyun ağır keçəcək”.

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç isə komandasının yorğun olduğundan gileylənib: “Bu mövsüm çox oyun keçirmişik. Mövsümün ilk hissəsində eyni zamanda Avrokubokda da mübarizə apardıq. Qış fasiləsindən sonra isə həftədə 2 oyun keçiririk. Belə vəziyyətdə komandada yorğunluğun olması normaldır. Mövsümün sonu daha çətin keçəcək. Xüsusən də, “Simurq”la ağır oyunlarımız olacaq. Həm çempionatda, həm də kubokda ardıcıl 3 dəfə bu komanda ilə qarşılaşacağıq. Bu, çox önəmli perioddur. Hədəfimiz həm kubokda finala adlamaq, həm də çempionatda liderliyi qorumaqdı. Bu üzdən də “Simurq”la oyunlarda uğurlu nəticə qazanmalıyıq”.

Onları mükafat gözləyir

Qeyd edək ki, “Simurq” bu qarşılaşmaya olduqca ciddi hazırlaşır. Bir daha xatırladaq ki, Zaqatala təmsilçisinin tarixində ilk yarımfinal oyunu olacaq bu oyun komanda üçün əhəmiyyətlidir. Futbol11.az-ın əldə etdiyi məlumata görə, komanda “Qarabağ”ı keçəcəyi təqdirdə hətta mükafatlandırılacaq. Komandada isə bir məqsəd var: “Qarabağ”dan hər iki oyunun nətıcəsinə görə üstün olaraq finala yüksəlmək”

“Yalnız birinciliyi

hədəfləmişik”

“İnter”in yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsində Azərbaycam kubokunda yarımfinal mərhələsindən danışarkən belə deyib: “Hər iki komanda kubokun məsuliyyətini yaxşı dərk edir. Çünki buradan Avrokuboka vəsiqə qazanmaq daha asandır. Hədəfimiz, təbii ki, “Neftçi”ni mübarizədən kənarlaşdırmaqdır. İlk oyunda sərfəli qələbə qazanıb, cavab görüşünə daha böyük ümidlə çıxmaq istəyirik. Bunun asan olmayacağını da yaxşı bilirik. Amma inanıram ki, finala çıxan tərəf biz olacağıq. O, kubok uğrunda mübarizədə gələcək rəqibindən da söz açıb: “Digər cütlükdə “Simurq”la “Qarabağ”dan biri finala yüksələcək. “Qarabağ” bu dəqiqə lider komandadır. Heç kim finalda “Qarabağ”la oynamaq istəməz. Açığı, mən finalda “Simurq”la qarşılaşmaq istərdim. Çünki “Qarabağ”, həqiqətən də, çox güclüdür və daha çətin rəqibdir. Düzdü, “Simurq” da yaxşı komandadır”. Daha sonra o deyib: “Burada yalnız birinciliyi hədəfləmişik. Avrokuboka yollanmaqda kubok ən asan yol kimi görünür. Amma bəzən ən çətin yol olur. Çünki burada mübarizə iki oyundan ibarət olur, rəqiblər də güclüdür. Digər komandaların çoxu bundan başqa şans olmadığını fikirləşirlər, daha ciddi hazırlaşırlar. Bu amil də işimizi çətinləşdirir”.

Elvin Məmmədov: “4-5-ci pillələrdəki komandaları 10-12 xal qabaqlayırsnız. “İnter”i artıq Avrokubokda hesab etmək olar?” sualına isə belə cavab verib: “Kağız üzərində, bəli, vəsiqəni təmin etmişik. Amma böyük-böyük danışmaq istəmirəm. Klubun da öz ambissiyaları var. Bizim əsas məqsədimiz kuboku qazanmaq və çempionatda ikinci yeri tutmaqdır. “Neftçi”ni cəmi 2 xal qabaqlayırıq. Onlar da ardıcıl qələbələr qazanırlar. “Simurq” kimi komandanı Zaqatalada məğlub etdilər. Düzdü, çempionluğa ümidimizi yenə itirmirik. Amma ilk növbədə “Neftçi”dən uzaqlaşmaq lazımdır”.

“İstəyirik ki..”

“Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənı isə bu qarşılaşmasın “Böyük oyun” kimi dəyələndirib: “Mənim üçün “Böyük oyun” kubokun yarımfinalında “İnter”lə keçirəcəyimiz matçlar olacaq. İstəyirik ki, qələbə qazanıb, finala adlayaq və həlledici qarşılaşmada da qalib gələrək, kuboka sahib çıxaq.

Qeyd edək ki, Topaz Premyer Liqasının son turunda keçirilən “Xəzər Lənkəran”la oyunda ciddi zədə almış “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo “İnter”ə qarşı oynamayacaq. Onun Topaz Premyer Liqasının 30-cu turu çərçivəsinəd “Qəbələ” ilə görüşü də buraxması gözlənilir.

Gülər Rəsul

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here