Cərrahiyyə əməliyyatlarının qiyməti niyə bahadır?

0
474

Son illər ərzində Azərbaycanda aparılan cərrahiyyə əməliyyatlarının qiymətinin yüksək olduğu hamıya məlumdur. Təkcə özəl klinikalarda deyil, dövlət xəstəxanalarında da əməliyyat qiymətləri kifayət qədər yüksəkdir. Dövlət xəstəxanalarına əməliyyatların pulsuz olduğu deyilsə də, qiymətlər özəl klinikalardakı heç də aşağı deyil. Eyni zamanda özəl klinikalardakı qiymətlər arasında da fərqlər mövcuddur. Buna görə də bir çoxları ölkədə cərrahiyyə əməliyyatı etdirməkdənsə qonşu ölkələrə üz tuturlar. Çünki bir çox xarici ölkələrdə orqan köçürmə, eləcə də bir çox cərrahiyyə əməliyyatları bizdəkinə nisbətən ucuz qiymətə aparılır. Ölkəmizdə, eləcə də bütün dünyada ən çox daxili orqanların əməliyyatına ehtiyac duyulur. Belə ki, açıq ürək və böyrək köçürmə əməliyyatı kifayət qədər geniş yayılıb. Ölkəmizdə isə belə əməliyyatları etdirmək üçün, sözün əsl mənasında, küp tapmalısan. Bəs, görəsən, cərrahiyyə əməliyyatlarının qiyməti nəyə görə bu qədər yüksəkdir? Buna səbəb nədir? Bütün bu suallarımızı elə bu sahənin adamlarına ünvanladıq. Həkim-qastroenteroloq Ülvi Maçanov sualımıza belə cavab verdi: “Əksinə, Azərbaycanda cərrahiyyə əməliyyatları daha ucuzdur”. Həkim bildirdi ki, bəzi orqan köçürmə əməliyyatlarının qiymətləri yüksək ola bilər. Buna səbəb isə xaricdən, əsasən də Türkiyədən həkimlərin, mütəxəssislərin dəvət olunmasıdır. Qaldı ki, digər cərrahiyyə əməliyyatları ölkəmizdə Türkiyədən qat-qat ucuzdur. İranda, Gürcüstanda isə bizdəkindən nisbətən ucuz ola bilər. Ancaq son vaxtlar İran da cərahiyyə əməliyyatlarının qiymətini qaldırıb. Yenə deyirəm, Azərbaycanda müayinələr, müalicələr və cərrahiyyə əməliyyatlarının qiyməti  Türkiyədən və Rusiyadan ucuzdur. Məsələn, bağırsaqdakı şişin onkoloji əməliyyatının qiyməti Azərbaycanda 1500 manat, Türkiyədə isə 10 min manatdan çoxdur”.

 “İnsanların çoxunun əməliyyat üçün xaricə üz tutmalarına səbəb inamsızlıqdır”

Ü. Maçanov hesab edir ki, insanların çoxunun müalicə, müayinə və əməliyyat üçün xaricə getmələrinin səbəbi inamsızlıqdır. Onun sözlərinə görə, xəstələr düşünürlər ki, mən burada şəfa tapa bilməyəcəyəm: “Ancaq xarici ölkədə əməliyyat olunsam sağalacağam. Çünki hesab edirlər ki, Azərbaycanda savadlı həkimlər azdır. Ancaq bu belə deyil. Bəziləri isə qiymətlərin İranda daha aşağı olduğunu düşünur. Düzdür, əvvəllər ucuz idi. Ancaq son dövrlərdə İranda əməliyyat qiymətlərində xeyli dəyişiklik olub. Belə ki, iranlı həkimlər əməliyyat qiymətlərini yerli əhaliyə ucuz, xaricdən gələnlərə isə baha deyirlər”.

 “Cərrahiyyə əməliyyatının qiyməti əməliyyatın riskinə, istifadə olunan ləvazimatlara görə dəyişir”

Həkim onu da qeyd etdi ki, Azərbaycanda dövlət xəstəxanalarında müayinə, müalicə, eləcə də cərrahiyyə əməliyyatı pulsuz aparılır və aparılmalıdır: “Özəl xəstəxanalarda isə bazarın tələbatına uyğun olaraq, qiymət müəyyənləşir. Bəzi özəl xəstəxanalarda 1500 manat, bəzilərində isə 1200 manat olaraq qiymət dəyişir. Elə əməliyyatlar var ki, 300 manatdır, eləsi var, 1000 mantdır. Bu qiymətlər əməliyyatların ağırlıq riskinə, istifadə olunan ləvazimatlara görə qiymətlər dəyişir. Ancaq bütün qiymətləri sahibkar özü təyin edir və bazar müəyyənləşdirir.

 “Tibbi ləvazimatların ölkəyə yüksək qiymətə gətirilməsi əməliyyat qiymətlərinə mənfi təsir edir”

Həkim-qastroenteroloq Habil Hüseynov isə hesab edir ki, cərrahiyyə əməliyyatının qiymətinin baha olmasının iki əsas səbəbi var: “Birincisi, qiymətin əməliyyatdan asılı olaraq dəyişməsi, ikincisi isə, əməliyyat zamanı istifadə olunan ləvazimatların, dərmanların hamısının xaricdən yüksək qiymətə gətirilməsidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda heç bir tibbi ləvazimat istehsal olunmur. Onların hamısı xarici ölkələrdən gəlir. Bu da əməliyyat qiymətlərinə mənfi təsir edir. İranda, Gürcüstanda cərrahiyyə əməliyyatlarının qiymətinin nisbətən aşağı olmasının səbəbi onların gömrüyünün bizimkindən fərqli olmasıdır. Bizdə gömrük rüsumları yüksəkdir. Buna görə də ölkəmizə gətirilən mallar yüksək qiymətə gətirilir”.

 “Yüksək qiymətə olan əməliyyatların çoxu orqan transplantasiyasıdır”

Hər bir klinikanın, özəl xəstəxananın əməliyyat qiymətlərini özlərinın tərtib etdiyini deyən H. Hüseynov bildirdi ki, klinikalar istifadə etdiyi məhsullara, çalışdığı personala, verdiyi servisin keyfiyyətinə görə qiymət tərtib edir: “Dünyada və Azərbaycanda ən bahalı əməliyyatlar orqan transplantasiyasıdır. Çünki bu əməliyyatda istifadə olunan ləvazimatlar və əməliyyatın ağırlığı çox yüksəkdir”.

 “İcbari tibbi sığorta tətbiq olunarsa, bu vəziyyət yaxşılaşacaq”

Həkim-qastroenteroloqun fikrincə, gələcəkdə icbari tibbi sığorta tətbiq olunarsa, bu sahədə vəziyyət yaxşı mənada dəyişəcək: “Çünki bu zaman xalqın cibindən pul çıxmayacaq. Hər şey – həm dərmanlar, həm də müayinələr dövlət tərəfindən qarşılanacaq”.

Nərmin Haqverdiyeva

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here