Ayaqlarını itirsə də…

0
258
2004-cü ildə səhhətində yarandığı problemlər səbəbindən iki ayağını itirərək ömrünün sonuna qədər əlil arabasına möhtac qaldı. Öz dili ilə desək, bir neçə il ərzində evin bir küncündə dustaq kimi yaşamaq onu təngə gətirdi. Amma sonda bu durumdan uğurla çıxa bildi. Söhbət Goranboy rayonunun Nərimanlı kənd sakini, 54 yaşlı birinci qrup əlil  Yaşar Məmmədovdan gedir.
Dediyinə görə, 2004-cü ildə beynində qan-damar sisteminin pozulması nəticəsində ağır xəstəlik keçirib. Bu xəstəlikdən sonra hər iki ayağını itirib.

Lakin buna baxmayaraq, bu gün Yaşar Məmmədov əl-ayağı yerində olan bir çox insanlardan daha çox bacarığa malikdir. Ayaqlarını itirsə də, həyatdan bərk yapışan müsahibimiz heç kimə möhtac olmadığını söyləyir: “Heç kimə, hətta evdə həyat yoldaşıma, övladlarıma da yük olmaq istəmirəm”. Y. Məmmədov əvvəllər sürücü olub. Qeyd etdiyimiz kimi, keçirdiyi xəstəlikdən sonra sürücü işləmək çətinləşsə də, buna çıxış yolu tapıb: “Avtomobilimin ayaqla idarə olunan hissələrini sükana yığaraq özüm idarə edirəm. Bu, mənim öz ixtiramdır. Kənddə taksi fəaliyyəti ilə məşğul oluram. Allahın köməkliyi ilə bu günə qədər hər bir müştərini mənzilbaşına sağ-salamat çatdırmışam”.

“Əlil sözündən xoşum gəlmir”,-deyən müsahibimiz bununla bağlı fikirlərini belə əsaslandırdı: “Əlil o insandır ki, əli-ayağı olsa da, heç bir işin qulpundan yapışmır. 11 ildir ki, bu vəziyyətdəyəm, amma özümü çox gümrah və xoşbəxt sayıram. Çünki heç kimə yük deyiləm. Özüm-özümü idarə edirəm. Lazım gələndə dost-tanışa da kömək edirəm. Sürücü olanlar yaxşı bilirlər ki, bu peşənin sahibləri maşınsız dura bilmirlər. Ayaqlarımı itirsəm də, bu vəziyyətdən çıxış yolu tapa bildim. Çox rahatlıqla avtomobilimi idarə edirəm. Hələ indiyə qədər bir dəfə də olsun yol hərəkəti qaydalarını pozmamışam. Həyat qısadır, bizə verilən bu həyatı elə yaşamalıyıq ki, sonradan peşmançılıq çəkməyək. Ona görə də əlimdən gələni edirəm ki, heç kimi incitməyim, heç olmasa, ailəmə yük olmayım. Az da olsa evə qazanc gətirə bilim. Taksiçilik edərək ailəmizin büdcəsinə mənim də köməyim dəyir. Əgər heç bir iş görməsəm, darıxaram, boş-bikar dayana bilmirəm. Evdə boş vaxtlarımda nəvəmi də saxlayıram. Onun bir gülüşü mənə dünyanı bağışlayır. Allah heç bir evi körpə gülüşündən məhrum etməsin. Nəvəmi qucağıma alanda bütün dərdlərimi unuduram. Hələ 8 aylıqdır, həsrətlə onun “baba” deyən vaxtını gözləyirəm. İnanırsınız, onda elə biləcəyəm ki, dünyada ən xoşbəxt insan mənəm”. Yaşar hərdən öz əlil arabası ilə də kəndi gəzməyə çıxır. Dediyinə görə, kəndin yolları təmir olunmadığına görə arabasının təkərləri tez-tez xarab olur. Bu da ucuz başa gəlmir. “Kənd yolları təmir olunsaydı, bizim kimi insanlar çətinlik çəkməzdilər”,-deyir.

Heç kim həyatının növbəti anını zəmanət altına ala bilməz. Qəzaya düşmək, yaralanmaq, şikəst olmaq mümkündür və bu adi səbəblərdən asılıdır. Yaşar Məmmədovun təbirincə desək, insan gərək başına nə gəlirsə gəlsin, ruhdan düşməsin…

Esmira Hidayətova, Goranboy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here