Səhiyyə Nazirliyi vətəndaşların müraciətlərini niyə görməməzliyə vurur?

0
348

Bu gün yüzlərlə insan var ki, çıxılmaz durumdadır, ya özünün, ya ailə üzvlərinin, ya da yaxınlarından birinin əməliyyata ehtiyacı var və nə edəcəklərini bilmirlər. Bu insanlar qapı-qapı düşüb camaatdan 1-2 manat yığmaqla əməliyyat xərclərini toplaya bilməyəcəklərini bilirlər, amma yenə də başqa əlacları yoxdur. Belə insanları görəndə, sözün həqiqi mənasında, dəhşətə gəlirsən. Məsələn, dəhşətə gəlirsən ki, bəzən dövlətin pullarının sağa-sola səpələndiyi bir ölkədə insanlar əməliyyat üçün pul tapa bilmirlər. Kimsə deyə bilər ki, dövlətin pullarının sağa-sola səpələnməsi deyəndə nəyi nəzərdə tutursan? Məsələn, bu gün asfaltlanan yol bir həftədən, bir aydan sonra qazılıb-dağıdılırsa, buna nə ad vermək olar?

Mən ağır əməliyyata ehtiyacı olub, amma külli miqdarda pul tələb edildiyindən buna nail ola bilməyən insanlardan biri haqqında artıq 2-3 dəfə yazılarımda bəhs etmişəm. Bildirmişəm ki, İsabala İsrəfilovun oğlu, 32 yaşlı Nurlan İsrəfilov qaraciyər sirrozundan əziyyət çəkir və onun əməliyyatı üçün 60 min manatdan çox pul lazımdır. Lakin ailəsi nəinki həmin pulu, hətta heç 20 min manatı da toplamaq imkanında deyil. Çünki bu günə qədər Nurlan xəstə olduğu üçün ailəsi onsuz da olan-qalanını həkimlərə, iynə-dərmana xərcləyib. Ailə bunun üçün Milli Məclisə, Prezidentin rəsmi saytına, tanınmış şəxslərə müraciət edib. Hələ ki ciddi bir nəticə yoxdur. Prezidentin rəsmi saytına ünvanlanan müraciət isə Səhiyyə Nazirliyinə göndərilib və oradan da Nurlanın ailəsinə cavab gəlib ki, qaraciyər sirrozu əməliyyatı yalnız Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirilir. Həmin xəstəxana isə təsərrüfathesablı olduğundan ödəniş edilməlidir.

Elə insanlar da var ki, Prezidentin rəsmi saytına müraciət ünvanlamır, birbaşa Səhiyyə Nazirliyinin saytına müraciət yazır. Lakin nazirliyin saytına edilən müraciətlərə cavab verilmir, lap 10 dəfə də məktub yazsan, eyni vəziyyətdir. Hər halda nazirliyin saytına ünvanlanan bəzi məktubların mətnindən bu qənaətə gəlmək olar. Jurnalist araşdırmaları apararkən mən özüm də nazirliyin yazılı rəsmi cavabını almaq üçün (elə mövzular var ki, qurumun mətbuat xidmətinin şifahi cavabı yox, yazılı cavaba ehtiyac var-N.İ) nazirliyin saytına məktub yollamışam. Bəzilərinə 1 ildən artıq, bəzilərinə isə 2 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir reaksiya verilməyib. Yazdıqlarımızın şahidi olmaq üçün internet istifadəçisi olan istənilən şəxs Səhiyyə Nazirliyinin saytına daxil olmaqla problemi öz gözləri ilə görə bilər. Məsələ burasındadır ki, Səhiyyə Nazirliyinin “www.sehiyye.gov.az” saytının “Vətəndaşlar üçün” bölməsi var. Həmin bölmənin “Bütün müraciətlər” hissəsində bu quruma ünvanlanmış bütün sualları, müraciətləri oxumaq olar. Qəribədir ki, həmin müraciətlərin özlərində belə Səhiyyə Nazirliyinin cavab verməməsi vurğulanır, şikayət edilir, amma daşdan səs çıxır, nazirlikdən yox. Fikrimizi isbat etmək üçün həmin müraciətlərdən bəzilərinə diqqət yetirək. Vətəndaş Lalayev Nadir yazır: “20-ci müraciət. Hörmətli nazir, sizin göstərişinizə əməkdaşlarınız laqeyd yanaşdılar, qızımı vəziyyətinə uyğun aparatlarla təchiz olunmayan, bazar qanunları ilə işləyən doğum evinə yerləşdirdilər, lazımi müalicə aparılmadı, nəticədə həkimlərin bağışlanmaz səhlənkarlığından qızım xəstəxanada öldü. Üç gün sonra faciəyə dözməyən ana nənəsi vəfat etdi. Məsuliyyətsizlik və laqeydlik həyat yoldaşımın və körpələrin həyatını təhlükədə qoyub. Qızımın müalicəsilə əlaqədar xəstəxanadan arayış ala bilmirik. Qızımın ölüm səbəbini araşdıran komissiyada əksəriyyət doğum evlərini bazara çevirən, iyrənc hərəkətləri ilə səhiyyəni nüfuzdan salan həkimlərdən təşkil olunub. Rəyi mənə vermək onların borcudur, lakin 50 dəfədən çox müraciət etsəmdə ala bilmirəm. İnsanlıq hissiyyatlarını itiriblər, ailəmizdə baş verən faciəni dərk etmirlər. 2 ay yarımdan çoxdur gözləyirik. Xahiş edirəm, mənə rəyin və arayışın verilməsi üçün ciddi göstəriş verəsiniz. Sizə inanırıq”.

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Könül Hüseynova yazır: “Hörmətli cənab nazir, mənim sizə sualım yox, xahişim var. Xahiş edirəm mənim anama kömək edin. Anam neçə illərdir düzgün nəfəs ala bilmir. Bu da ürəyində tutmalara, başında ağrılara səbəb olub. Getdikcə daha da çətinləşır. Gecələr yata bilmir. Artıq 54 yaşı var. 8 il öncə burnunda çəpər əyriliyindən əməliyyat olsa da, xeyri olmadi. Təkrar müayinəyə getdikdə həkim əməliyyat üçün 2000, 2500 manat istədi. Bizim də imkanımız yoxdur. Atam rəhmətə gedib, qardaşım iş olanda fəhləlik edir. Yalvarıram cənab nazir, Allah xətrinə kömək edin. Mən anamı itirmək istəmirəm. Ürəyi tez-tez tutur, qorxuruq. Cavabınızı böyük ümidlə gözləyirik”…

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Sübhan Mustafayev nazirliyə müraciətində yazır: “Salam çox-çox hörmətli nazir. Bilirəm, bu millətin dərdindən başınızı qaşımağa vaxtınız yoxdur. Mən də bu millətin bir nümayəndəsi olaraq, sizə müraciət etməliyəm. Mənim atam I qrup əlildir, onun fizioterapiyaya ehtiyacı var. Anamın isə brusellyozlu zobu var, xəstəxanadadır. Onların müalicəyə ehtiyacları var, mənim isə buna imkanım yoxdur. Özümün də 28 yaşım var və evlənməmişəm. Ümumiyyətlə, “gənclər bizim gələcəyimizdir deyirsiniz” və bizim kimi gənclərin gələcəyindən nə gözləyirsiniz. Onsuz da bilirəm sizdən kömək yoxdur, bunu da yazdım ki, sonra deməyəsiniz ki, mənim xəbərim yox idi. Bəlkə də bu məktub sizin əlinizə heç gedib çatmır, bəzi aradakı şərəfsizlərin üzündən. Ən azından mənim müraciətimi oxuduğunuza dair bir cavab verin.

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Arzu Feyziyeva yazır: “Neçə illərdir ki, pensiya alıram, mən tək yaşayan II qrup əliləm. Rasim həkim deyir ki, sənin pensiyanı səhvən kəsmişəm, gələn ilin mart ayından yenə də alacaqsan. Mənə deyir ki, 200 AZN olsa düzəldərəm pensiyanı. Xahiş edirəm, mənə iki yüz manat verin, aparım Rasim həkimə verim ki, 46 AZN pensiyamı əlimdən almasın”.

Qeyd edək ki, eyni məktub nazirliyin saytında ard-arda 3 dəfə yayımlanıb. Nazirliyin saytında isə cavab yoxdur.

Vətəndaş Azər Babayev yazır: “Hörmətli cənab nazir. Sizə hələ 05.03.2014-cü il tarixdə rəsmi müraciət etməyimizə baxmayaraq, bu günə kimi müraciətimizə cavab ala bilməmişik.

Müraciətimizə cavab verməyinizi Sizdən xahiş edirik. Hörmətlə, Azər Ə. Babayev”.

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Elxan Əhmədov yazır: “Niyə mənim müraciətim dərc olunmadı?”

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Rauf Əsədov yazır: “Salam, sümük əyilib deyirlər, metal qoymaq lazımdır. 5 min manat pul istəyirlər, imkanım yoxdur. Bunu necə edək ki, qiymət ucuz olsun? Pul yoxdur deyə insanlar şikəst qalmalıdır? Xahiş edirəm kömək edin”.

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Xaliq Osmanov nazirliyə müraciətində yazır: “Biz “Neftçilər” xəstəxanasına öd kisəsi ilə bağlı – Axundova Fahilə baba qızına müraciət etdik, o da bizə çoxlu dərmanlar yazdı. Biz ona onkologiyada uçotda olduğumuzu bildirdik. Buna baxmayaraq, bu dərmanları bizə yazdı, sonra məlum oldu ki, bu dərmanlar qəti olmaz. Xahiş edirik şikayətimizi qəbul edəsiniz və cəzalandırasınız”.

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Nəsir Nəsirli yazır: “Xahiş edirəm cavablandırasınız. Poliklinikalarda qeydiyyatda olan şəkər xəstələrinə, şəkəri ölçmək üçün aparatlarda istifadə olunan şəkər ölçmə çubuqları (pero) Səhiyyə Nazirliyi tərəfindən neçə aydan bir verilir?”

Nazirliyin saytında cavab yoxdur.

Vətəndaş Ceyhun Mirzəyev yazır: “Salam, mənim sualım sizin protez zavodu kimi fəaliyyət göstərən və əlillər üçün nəzərdə tutulan ayaqqabı sexi ilə bağlıdır. Bu zavod bildiyimiz kimi, sizə tabedir. Nətəri, necə, onu dəqiq bilirəm ki, sizin bu zavodda əlillər üçün tikilən ayaqqabı materiallarını kim yoxa çıxartdırıb, onu da bilmirəm…… Sizin bu zavodda saxtakarlıq baş alıb gedir. Nə olar ki, bir nümayəndə göndərəsiniz ora baş çəksinlər. Bəs biz neyləyək, kimə deyək? Bu qədər səhlənkarlıq olmaz axı. Yenə də sizdən xahiş edirik bu məsələ ilə məşğul olasınız.

Nazirliyin saytında cavab yoxdur.

Qeyd edək ki, nazirliyə bu və digər mövzularda müraciət edənlər də var. Lakin biz onların hamısını bu yazıda bir-bir yazmağa ehtiyac görmürük. Hər halda elə qeyd etdiklərimizdən də məsələ tam aydın olur.  Onu da əlavə edək ki, nazirliyin saytına göndərilən müraciətlər arasında sayta, ümumiyyətlə, qoyulmayan məktublar da az deyil. Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin 9103 nömrəli “qaynar xətt”inə müraciət ünvanladıq. Zəngimizə cavab verən nazirliyin xanım əməkdaşı sayta ünvanlanan bütün müraciətlərə baxıldığını vurğuladı. Onun sözlərinə görə, nazirliyin saytında yayımlanan yuxarıda qeyd etdiyimiz müraciətlərdən də xəbərdardılar…

 Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here