“Ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalır”

0
209

Bir neçə il əvvələdək Azərbaycanda mətbuatın əsas tənqid etdiyi mövzulardan biri də istehsalatda baş vermiş bədbəxt hadisələr idi. Kütləvi informasiya vasitələri (KİV) iş yerlərində, istehsalatda təhlükəsizlik qaydalarına əməl olunmamasını ciddi tənqid edir, şirkət müdirləri isə bəzi hallarda faktları ört-basdır etməyə çalışırdılar. Bədbəxt hadisələr nəticəsində şikəst olanlar isə təzminat ala bilmir, redaksiyaların qapılarını bir-bir döyüb kömək istəyirdilər. “Zaman-Azərbaycan” qəzeti olaraq biz də dəfələrlə bu mövzunu gündəmə gətirmişik, redaksiyamıza müraciət edənlərə yardım etməyə çalışmışıq. Düzdür, bu sahədə problemlər hələ də var. Amma vəziyyət elə əvvəlki kimi qalır, tədbir görülmür demək doğru olmazdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Zaman-Azərbaycan”a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, habelə bu sahədə davamlı olaraq aparılan təbliğat-məlumatlandırma işləri nəticəsində istehsalatda baş verən bədbəxt hadisələrin sayı getdikcə azalır: “Belə ki, Xidmət tərəfindən cari ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Bu hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb.

Baş vermiş istehsalat qəzaları ilə əlaqədar DƏMX tərəfindən qanunvericiliyə uyğun qaydada təhqiqat işləri aparılaraq, konkret tədbirlər görülüb”.

Nazirlikdən dünən qəzetimizə verilən məlumatda qeyd olunur ki, Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı” çərçivəsində bir sıra müəssisələrdə əməyin mühafizəsi vəziyyətini araşdırıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində bir sıra istehsal müəssisələrində, o cümlədən mişar daşlarının istehsalı sahələrində (daş karxanaları) əmək qanunvericiliyinə əməl olunması, habelə əməyin təhlükəsizliyi vəziyyətinin yerindəcə araşdırılması üçün dövlət nəzarəti tədbirləri həyata keçirib. Tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak ediblər: “Hələ cari ilin əvvəllərində DƏMX tərəfindən həmin müəssisələrə rəsmi məktubla müraciət olunaraq, onlarda əməyin mühafizəsi sahəsində mövcud olan çatışmazlıqların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması, əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, onların müəyyən edilmiş müddətlərdə və çeşidlərdə pulsuz fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin edilməsi üçün tədbirlər görülməsi barədə göstərişlər verilib. Eyni zamanda bu göstərişlərin icra vəziyyətinin araşdırılması üçün dövlət nəzarəti tədbirlərinin həyata keçiriləcəyi onların diqqətinə çatdırılıb.

Məktubun icrasına nəzarət tədbirləri zamanı bu müəssisələrin əksəriyyətində qeyd olunan məsələlərin həlli ilə bağlı müvafiq işlərin aparıldığı müəyyənləşsə də, ayrı-ayrı müəssisələrdə hələ də işəgötürənlərin bu məsələyə laqeyidliyindən irəli gələn ciddi nöqsanlar müşahidə edilib. Belə ki, Bakının Qaradağ rayonunda yerləşən “Tutu” MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində (daş karxanası) aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə  vasitələri ilə təmin olunmadığı aşkar edilib. Əmək  şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub. Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb. “Xəzri-E” MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanlar aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb”.

Qeyd edək ki, DƏMX tərəfindən 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar cari ilin aprel ayının “Təhlükəsiz iş aylığı” elan edilməsində məqsəd işəgötürənlərin, ümumən cəmiyyətin əməyin təhlükəsizliyi məsələsinə diqqətinin artırılması, bu sahədə hələ də mövcud olan nöqsanların tam aradan qaldırılmamasıdır: “Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı üzrə Bakıda və respublikanın regionlarında əməyin mühafizəsi, işçi insanların həyat və sağlamlığının qorunması mövzusunda silsilə tədbirlərlə yanaşı, əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinin öyrənilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birgə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub”.

 Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here